KAMİLLİK YOLUNDA MƏNƏVİ TƏHSİL

KAMİLLİK YOLUNDA MƏNƏVİ TƏHSİL

İnsanın kamilləşərək yüksək bir səviyyəyə çatması, Allahın istədiyi şəxsiyyət kimi formalaşması qəlb aləminin tərbiyə edilməsinə bağlıdır.

Qəlbimiz bədənimizin və ruhani aləmimizin mərkəzidir. Maddi həyatımız üçün əhəmiyyətli olan qəlbimiz, eyni zamanda hissiyyatımızın mərkəzini təşkil edən bir cövhərdir. Qəlbimizin əhəmiyyəti o dərəcədə mühümdür ki, təfəkkür mərkəzi olan beynimiz ondan gələn hissiyyatın təsiri ilə fikir ortaya qoyur. Bu da onu göstərir ki qəlb sahib olduğu hissiyyat qabiliyyəti ilə beyin də daxil olmaqla bütün üzvlərə hakim rol oynayır.

Qəlb mənəvi tərəfi ilə haqqı və həqiqəti göstərən mərkəzdir. Bu qabiliyyət ona Allah-Təala tərəfindən verilmişdir. Lakin qəlb yaradılış məqsədinin əksinə, bu fitri yönündən uzaqlaşdırıldığı zaman sahibinin dünya və axirətini abad etmək yerinə bərbad edər. Buna görə qəlbi yaradılış məqsədinə uyğun tərbiyə etmək, bəşəriyyətin ən mühüm vəzifəsi hesab edilmişdir.

Hz. Peyğəmbərimiz (s.ə.s)  “Diqqət edin insan vücudunda bir ət parçası var ki, o sağlam olarsa bütün bədən sağlam olar, o xəstə olarsa bütün bədən xəstə olar, diqqət edin o qəlbdir”, - buyurması da qəlbi tərbiyənin hədsiz əhəmiyyətini göstərir.

Allah-Təala hər zaman, hər yerdə bizimlə bərabərdir. Lakin mühüm olan bu bərabərliyi bizim idrak etməyimizdir. Ürək Allahla bərabər olmaq zirvəsinə nə qədər yüksələrsə, qulluq da o nisbətdə səviyyə qazanar. Allahla bərabərlik şüuru ilə işlənən kiçik bir saleh əməl dağlar boyda savab qazandırarkən , Allahdan qafil olaraq edilən əməllərdən heç bir xeyir gəlməz.

Allahdan qafil bir könlün qıldığı namaz ruhsuzdur, tutduğu oruc aclıqdır, verdiyi sədəqə riya olaraq boşa çıxar. Buna görə də Allah-Təalanın uca dərgahına yol tapa bilmək üçün əvvəlcə könül aləminin təmizlənməsi lazımdır.

Canlılar içərisində tərbiyəyə möhtac olan yeganə varlıq insan oğludur. Allah-Təala insan oğlunu ağıl, idrak və vicdan kimi ülvi xüsusiyyətlərlə bəzəmiş olsa da, haqqa və xeyrə yüksəlmək üçün bunlar təkbaşına kifayət  deyildir. Rəbbimiz bu nemətlərdən düzgün istifadənin yollarını göstərmək üçün kitablar və peyğəmbərlər göndərmişdir.

İlahi həqiqətləri öyrənib həyatımıza tətbiq etmək xüsusunda peyğəmbərlərə ehtiyacımız olduğu kimi onların yaşamadığı dövrlərdə mənəvi tərbiyə və irşadlarına vəkalət edən alimlər, ariflər, salehlər və Allah dostları bu vəzifəni yerinə yetirmişlər. Onların bütün qayə və məqsədləri insanlığı pis xasiyyətlərdən və nəfsin qaranlıq girdabından qurtararaq, gözəl əxlaqi zirvələrə və mənəvi kamilliyə nail etmək olmuşdur.

Son dövr ariflərindən olan mərhum Musa Topbaş əfəndi mənəvi tərbiyənin əhəmiyyətini belə ifadə edərdi:

İnsan mənəvi yola girdikdə eşqi və şövqü çoxalar. Ona heç nə ağır gəlməz. İbadət etmək, haramlardan çəkinmək onda zövq halına gələr. Qədər və qəzaya razı olar. Bütün iş insanın öz mənliyindən əl çəkməsidir. İnsan öz mənliyindən əl çəkdiyi zaman kamilləşər.

Bir çox insan elə zənn edir ki, mənəvi tərəqqi yalnız çox ibadət etməklə mümkündür. Xeyr, tərəqqi Allah-Təalanın hüzurunda olduğunu bilərək, sünneyi-səniyyənin kölgəsində, nə etmək lazım olduğunu yerinə yetirməkdir. Bizim qurtuluşumuz və səadətimiz həmişə, hər yerdə, hər zaman, hər nəfəsdə, hər hal və hərəkətimizdə Rəsuli-Əkrəmə (s.ə.s.) tam şəkildə tabe olmaq, onun rənginə boyanmaq, Onun yolundan qətiyyən ayrılmamağa bağlıdır.

Mənəvi inkişafın digər ünsürlərindən biri də daxili dünyamızı Allahdan uzaqlaşdıran hər şeydən təmizləməkdir. Şirk, küfr, nifaq, riya, həsəd kimi mənəvi xəstəliklərdən qəlbi təmizləməkdir. Zahiri təhsilini tamamladığı halda mənəvi tərbiyədən məhrum olanlar islami şəxsiyyət kimi formalaşmamış sayılırlar.

Ötən əsrin böyük Haqq dostlarından  Mahmud Sami Ramazanoğlu Əfəndi Darül-Fünunun Hüquq fakültəsini bitirir. Seyfi baba adlı möhtərəm bir şəxs onun savadlı və alicənab gənc olduğunu görüb bu tövsiyəni verir:

“Oğlum, sən bir təhsil aldın, amma bu təhsil kifayət deyil. Səni kamilləşdirəcək, daha yüksəklərə qaldıracaq təhsilə ehtiyac var. Sənə bir ünvan verim, təhsilini orada davam etdir. Bu təhsilin ilk dərsi heç kimi incitməmək, son dərsi isə heç kimdən inciməmək olacaqdır”. Beləliklə Mahmud Sami Əfəndi aldığı ali təhsillə yanaşı bir də qəlb təhsilini davam etdirərək kamillik yolunda mərhələ qət edir və mötəbər şəxsiyyətə çevrilir.

Rəbbimiz bizi özünə yaxınlaşdıracaq elm və təhsil ilə zinətləndirsin!

 

 

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz