HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 12
Hüdayi həzrətləri buyurur:
Elmi-billaha çalış sən, yürü ey himməti dun!
Necə bir “cazə yəcuzu” necə bir “kanə yəkun?..”
“Ey himməti / səyləri zəif olan kəs! Sən Allahı bilməyə çalış! Nə vaxta qədər elm adına fel çəkimi ilə (kəlmələrin zahiri surəti ilə) ömrünü hədər edəcəksən?!”
İnsan oğluna bəxş olunan bütün elmlər Allah-Təalanın sonsuz elmindən yalnız azacıq bir təcəlli və Onun kainata qoyduğu qanunların isbatından ibarətdir. Allah-Təala varlıqlar üzərində həmin qaydaları qoymasa, insana onları kəşf etmək üçün əqli, zehni və qəlbi istedadları verməsə bizimçün “elm” adlı bir şey olmazdı. Necə ki, bu nemətlərdən məhrum olan heyvanlar haqqında “elm”dən söz açılmır.
Ona görə də elm hər şeydən əvvəl insanın ağlını və qəlbini o elmi yaradan sonsuz qüdrət sahibinə çatdırmalı, yəni mərifətullah yolunda bir pillə olmalıdır. Bütün elmi fəaliyyətlər yalnız bu təməl üzərində gerçəkləşərsə, məqbul sayılar.
Əks təqdirdə elm (ilahiyyat elmləri olsa belə) sırf zahiri cəhətdən öyrənilərsə, insanı əsl hədəfə çatdıra bilməz. İnsan idrakı əsərdən Müəssirə, sənətdən Sənətkara, əşyanın həqiqətinə, hadisələrin hikmətinə, nəticədə mərifətullaha yönəlməzsə, bu qəbildən olan elmi fəaliyyətlər faydasız yorğunluqdan başqa heç bir işə yaramaz.
Həzrət Mövlana insanın əbədi səadəti üçün zəruri olan elmə sahib olmağın əhəmiyyətini və bundan məhrum qalanların həzin aqibətini bir hekayə ilə necə də gözəl izah edir:
Bir nəhv alimi (dilçi) gəmiyə minmişdi. Səfər əsnasında elmindən razı halda gəmiçi ilə söhbətə başladı. Hərdən gəmiçiyə müxtəlif suallar verir, ondan “bilmirəm” cavabını aldıqca da lovğalanaraq:
- Yazıq! Cəhalətin üzündən ömrünün yarısı boşa keçib, - deyirdi.
Təmiz qəlbli gəmiçi onun bu hərəkətindən incisə də alicənablıq edib heç bir cavab vermirdi. Bu minvalla yola davam edərkən qəflətən güclü fırtına qopdu və dəhşətli dalğalar gəmiyə hücum edərək onu yırğalamağa başladı. Gəmidəki hər kəsi dəhşətli təlaş bürüdüyü həngamədə gəmiçi üzünü alimə tutub:
- Ey ustad, üzə bilirsən? - deyə soruşdu.
Bayaqdan dil-boğaza qoymayan alim saralıb-solmuş vəziyətdə kəkələyərək:
- Xeyr, bilmirəm!.. - dedi.
Bu cavabı alan gəmiçi həzin-həzin onun üzünə baxıb belə dedi:
- Nəhv bilmədiyimçün mənim ömrümün yarısı məhv olmuşdu. İndi isə üzə bilmədiyinçün sənin bütün ömrün məhv oldu. Çünki gəmimizin bu fırtınadan salamat çıxması mümkün deyil. Ey nəhv alimi! Bu dəryada nəhvdən çox üzgüçülük elminin daha faydalı və zəruri olduğunu bilmirdinmi?..”
Qissədə bəhs olunan nəhv elmindən məqsəd insana bu dünya məktəbindəki əsl təhsili unutduran lüzumsuz və faydasız məşğələlərdir. Əsl faydalı elmsə ehtiyaca cavab verən elmdir. Bəşəriyyətin ən böyük ehtiyacı da yaradılış qayəsini həyata keçirmək, yəni Allah-Təalaya qul ola bilməkdir. Çünki Allahın rizasını qazanıb sonsuz əzabdan qurtulmaq və əbədi səadətə nail omaq buna bağlıdır.
Həmçinin bu qissədən aydın olduğu kimi fani vücud gəmisi ölüm burulğanında çırpınarkən, yəni dünyaya böyük vida anı olan əcəl yaxınlaşdıqda sırf nəfsin mənfəətinə olan dünyəvi biliklər insanın əbədi həyatı üçün heç bir fayda verməyəcək.
Bu etibarla, elm təhsilində dünya və axirət, maddə və məna, ağıl və qəlb tarazlığını yaxşı qorumaq lazımdır. Övladlarımız peşə təhsillərini mükəmməl alıb dünyadan nəsiblərini unutmamaqla yanaşı mənəvi dəyərlərini də ən gözəl formada qazanaraq, yolçusu olduqları axirətə hazırlaşmalıdırlar. Fəzilət və təqva sahibi, qəlbləri mərifətullah və məhəbbətullahla bəzənmiş, əməlisaleh, ədəb-ərkanlı, vicdanlı, əxlaqlı, istiqamət əhli müəllim, həkim, mühəndis, məmur, usta, müdir kimi yetişməlidirlər.
Yəni bir insan çantasını dünyəvi diplomlarla doldurduğu halda Allahdan qafil yaşayırsa, zülmət qaranlığa qərq olmuş cahillər kimi ziyandadır.
Çünki Allaha qulluq üçün yaradılmış olan insanı Rəbbindən qafil qoyan, dünyaya ram edib axirətini unutmasına səbəb olan bir elm Allah qatında “faydasız elm”dir. Bunun üçün Allah Rəsulu r Rəbbindən elm istəyərkən:
“Ya Rəbb! Səndən elmi-nafe` (faydalı elm) istəyirəm! Faydasız elmdən Sənə sığınıram!..” deyə dua etmişdir. (Müslim, Zikr, 73)
Elə isə əcəl gəlib bizi haqlamadan Allahın rizasını qazanmağa vəsilə olacaq elmi təhsil etmək şərtdir. Çünki sırf torpağa veriləcək olan bədənin rahatlığına xidmət edən dünyəvi və zahiri elmlər son nəfəsdə bizə əsla mədəd ola bilməz. Orada insana fayda verəcək olan ancaq mərifətullahdır, yəni Allahı bilmək, qəlbən Onu tanımaqdır. Ayeyi-kərimədə belə buyurulur:
“…Heç bilənlərlə bilməyənlər bir olarmı?!” (əz-Zumər, 9) Yəni Allahı bilən, tanıyan ariflərlə Ondan bixəbər olan qafillər Haqq-Təalanın nəzərində əsla bir olmazlar.
Buna baxmayaraq bəzi nadanlar:
“Edison elektrik lampasını icad etdi, bəşəriyyətə etdiyi bu böyük xidmətə görə cənnətlikdir”, - deyirlər.
Halbuki Allah-Təalanın “Bir ixtira etsən cənnətə girəcəksən” kimi bir vədi yoxdur. Rəbbimiz rizasını qazanıb cənnətə girməyin yalnız və yalnız imanla mümkün olacağını bildirir.
Bir sözlə, heç bir dünyəvi elm və ya kəşf insanı Allahdan uzaq qalmaq və qəlbən Ondan bixəbər olmaq cəhalətinin acı aqibətindən xilas etməyə yetməz.
Mərhum atam Musa Əfəndi g belə buyurardı:
“Bir adam Allaha ram olaraq ilahi vüslətə nail olubsa, hər şeyə nail olmuş sayılır. Haqq-Təalaya ram olmayıb ilahi vüslətdən məhrum qalıbsa, -dünya boyda şöhrətə sahib olsa da, bütün dünyanın alqışını alsa da- heç bir dəyəri yoxdur, o adam ziyandadır”.
Ataullah əl-İskəndərinin;
“Ya Rəbb! Səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?..” niyazı da məhz bu həqiqəti xülasə edir.
Nazil olan ilk Quran ayəsində “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Aləq, 1) buyurulur. Ona görə də mömin olan kəs hansı elmlə məşğul olmasına baxmayaraq Rəbbindən qafil qalmadan, əksinə, bütün kainatın və baş verən hadisələrin Onun əsma təcəllilərindən ibarət olduğunu dərk edərək və hər an Allahla bərabərliyin könül hüzuru içində yaşamalıdır. Həm Quranda yer alan qövli ayələri, həm də kainatda var olan kövni ayələri könül gözü ilə oxumalıdır.
Hüdayi həzrətləri buyurur:
Nəhvə sərf eyləmə ömrün, yürü məhv öyrənigör;
Kişi Məhbubi-Həqiqiyə fəna ilə ərər…
“Ömrünü sırf nəhv kimi zahiri elmlərin təhsilinə həsr etmə! Bir az da nəfsini təzkiyə və tərbiyə elmini öyrənməklə məşğul ol. Çünki insan gerçək sevgili olan Allah-Təalaya yalnız nəfsini fani etməklə, yəni mənlik və ənaniyyətindən uzaqlaşmaqla qovuşa bilər”.
Haqq dostlarından Mahmud Sami Ramazanoğlu həzrətlərinin gənclik illərində mənəvi təhsilə yönəlməsinə vəsilə olan bir hadisə var:
Sami Əfəndi həzrətləri Darülfünunun hüquq fakültəsini əla qiymətlərlə bitirib öz məmləkəti Adanaya qayıtmaq barədə fikirləşdiyi günlərin birində Bəyazid meydanında bir Allah dostu ilə qarşılaşır. O Allah dostu qısa tanışlıqdan sonra:
“İcazənizlə sizi yeni bir təhsillə tanış etmək istəyirəm”, - deyərək onu Kəlami dərgahına aparır. Yolda söhbət əsnasında o Allah dostu Sami Əfəndiyə belə deyir:
“Övladım, aldığın bu zahiri təhsil kifayət etməz! Sənə insanı iki dünya səadətinə qovuşduracaq olan təhsili tövsiyə edirəm:
Yeni qədəm qoyacağın irfan məktəbinin ilk dərsi heç kimi İNCİTMƏMƏK, son dərsi isə heç kimdən İNCİMƏMƏKdir…”
Beləliklə Sami Əfəndiyə nəfsi təzkiyə edərək Allahın razı qalacağı bir qəlbə sahib olmağın yolu göstərilir. Bütün Haqq dostlarını zirvələşdirən də məhz bu kimi mənəvi təhsillər olmuşdur.
Məsələn, Mövlana həzrətləri Səlcuqlu Mədrəsəsinin ən mötəbər və səlahiyyətli alimi idi. Şəms Təbrizi isə qəlbi ilahi eşqlə dolu olan kimsəsiz bir dərvişdi. Hər hansı bir əsər qələmə almamış, Mövlana qədər zahiri elmə sahib deyildi.
Bəs Şəms Mövlanaya nə verdi? Şəms onun daxili aləmindəki nəfsaniyyət buxovlarını qırdı. Məhz bunun sayəsində Mövlananın qəlbində uçsuz-bucaqsız üfüqlər açıldı. Necə ki, Mövlana həzrətləri Şəmsdən əvvəlki, onunla birlikdə keçən və ondan sonrakı halını üç mərhələdə belə xülasə edir: “xamdım, bişdim, yandım”. Yalnız bu könül yanğısı ilə gerçəkləşən mənəvi inkişafın ardından Divani-Kəbir və Məsnəviyi-Şərif kimi şahəsərlər ərsəyə gəldi. Şəmsdən sonra Cəlaləddin əsl şəxsiyyətini taparaq “Mövlana Cəlaləddin Rumi həzrətləri” oldu.
Həmçinin Yunus Əmrə həzrətləri… O da daha əvvəl Anadolunun saysız-hesabsız dərvişlərindən biri idi. Hər hansı bir əsəri də yoxdu. Tapdıq Əmrə həzrətləri ilə tanış olduqdan sonra, başını qapı kandarına qoyub gözləməsi sayəsində bir çox mərhələlərdən keçirildi. Nəticədə onun da nəfsaniyyət buxovları qırıldı. Məhz bundan sonra Yunusun könül gözü açıldı; həyat, kainat və hadisatın hal dilindən agah olmağa başladı. Sarı çiçəyin, dərdli dolabın, qara torpağın, məzar daşlarının dilinə tərcüman oldu. Könül dili ilə qələmə aldığı arifanə şeirləri möhtəşəm divana çevrildi. Nəhayət, o da sıravi dərvişlikdən çıxaraq Haqq aşiqlərinin yer aldığı karvanda müstəsna könül sultanı oldu.
Bursa qazısı Mahmudu da Əziz Mahmud Hüdayi həzrətləri edən sir məhz budur.
Hüdayi həzrətləri buyurur:
İlahi, çün xilas etdin müdərrislik qəzasından;
Vüsalın lütf edib qurtar bizi varlıq əzabından...
“Ey Allahım, Müdərrislik (və qazılığın mənəvi təhlükələrin)dən xilas etdiyin kimi, vüslətini lütf edərək bizi varlıq əzabından da qurtar!”.
Haqqa vasil olmaq üçün elm, məqam, mənsəb, sərvət və şöhrətin nəfsə verəcəyi qürur, lovğalıq və ənaniyyətdən uzaqlaşmaq zəruridir.
Mərhum Necip Fazılın:
Könlüm uçmaq dilərkən səmavi ölkələrə
Ayağın taxılıyor yerdəki kölgələrə…
- misraları ilə xülasə etdiyi kimi insanı qəflətə sürükləyən nəfsani arzular, bayağı istəklər və dünyəvi ehtiraslar bəndənin Haqqa vüslət yolunda mənəvi tərəqqisinə ayaq bağı olan kölgə varlıqlardır. Bu kölgə varlıqların səbəb olduğu maneələrlə lətafət iqliminə gedən yolu tapmaq mümkün deyil.
Necə ki, hədisi-şəriflərin birində belə buyurulur:
“Qəlbində zərrə qədər təkəbbür olan cənnətə girə bilməz”. (Müslim, İman, 147)
Hacı Bayram Vəli həzrətləri də:
“Təkəbbür belə bağlanan daşa bənzəyir. Onunla nə üzmək olar, nə də uçmaq”, - deyərək mənəvi təkamülün önündəki ən böyük əngəlin nəfsin qürur, təkəbbür və ənaniyyəti olduğunu ifadə etmişdir.
Mövlana həzrətlərinin bu xəbərdarlığı da çox ibrətlidir:
“Hünər və bilik sahibi olmaq yaxşıdır, amma İblisdən ibrət götür, buna həddən artıq dəyər vermə! Unutma ki, Allahın rəhmətindən qovulmuş olan məlun İblis yüz minlərlə il Allaha ən yaxın olanlardan və mələklərin rəhbəri idi. Lakin bildikləri və etdiyi ibadətlə qürura qapılıb Adəm u ilə barışmadı. Onu xor gördüyü üçün rəzil olub getdi”.
Bəlam bin Bəura da mənəvi elmlərə sahib, duası məqbul bir insan idi. Lakin o da nəfsinə uyduğu üçün sonda peşmanlıqla həlak oldu.
Qarun da əvvəllər əməlisalehlərdən idi. Lakin Allahın lütf etdiyi elm və sərvəti özündən görərək həddi aşdı. Bütün bunların imtahan vəsiləsi olduğunu unudacaq qədər təkəbbürə qapıldı və lovğalıq xəstəliyinə tutuldu. Haqq-Təala da onu güvəndiyi xəzinələri ilə birlikdə yerin dibinə batırdı.
Həzrət Əbu Bəkr t-ın buyurduğu kimi:
“Qul dünya nemətlərindən hər hansı biri səbəbi ilə lovğalanarsa, həmin nemət əlindən çıxana qədər Allah-Təala ona qəzəb edər”.[1]
Nəticə etibarilə insanı qürur və təkəbbürə sövq edərək nəfsini qabardan, ona Rəbbinin aciz bəndəsi olduğunu unutduran, Allahın qullarına qarşı özünü böyük görmə hissi verən hər şey zahirən bir nemət kimi görünsə də, əslində Allah-Təalanın qəzəbini cəlb edən bir imtahandır.
Məhz Bursa qazısı Mahmud da məqam-mövqe, sərvət, şöhrət və etibarın mənəvi cəhətdən onu zəhərləməsindən ehtiyat edərək Üftadə həzrətlərinin tərbiyəsinə girmiş, nəfsinə qalib gələ bilmək üçün zər-zibalı kaftanı ilə küçə-küçə gəzib ciyər satmış, dərgahda ayaqyolu təmizləmiş, təvazökarlıq göstərib səmimiyyətlə xidmət etmişdir. Nəfsani təmayüllərdən qurtulduqdan sonra isə qəlbində bambaşqa üfüqlər açılmışdır. Bununla da qazı Mahmud yerini dünya sultanlarına yol göstərən məna sultanı Əziz Mahmud Hüdayi həzrətlərinə vermişdir.
Hüdayi həzrətləri buyurur:
“Mənim” deyən qəti axmaq kişidir,
Ki zira “mən” demək şeytan işidir!..
Unutmayaq ki, şeytan elm və əməlinin nöqsanlığı səbəbi ilə deyil, ədəb nöqsanlığı ucbatından dərgahdan qovuldu. Allah-Təalaya qarşı gəldi. Naqis ağlına güvənərək “Mən Adəmdən üstünəm” dedi. Təkəbbürün səbəb olduğu bu çaşqınlıqla Allahın əmrinə baş qaldırdı. Nəticədə qovulmuş və lənətlənmiş “iblis”ə çevrildi.
Bu səbəblə böyük nəfs tərbiyəsi olan həcc ibadətində şeytanı həlaka sürükləyən “cidal”, yəni münaqişə etmək yasaqdır. Orada insana kəfənə bürünmək surəti ilə nəfsin bütün təkəbbür, lovğalıq və ənaniyyəti üzərindən xətt çəkərək böyük ədəb və təvazökarlıqla Allah-Təalanın əmrlərinə can-dildən ram olma təlimatı verilir.
İmam Qurtubi g belə deyir:
“İmanına, namazına və səni Allaha yaxınlaşdıran ibadətlərinə aldanma. Bütün bunlar sənin əməlin olmaqla yanaşı Allahın yaratması və lütfü sayəsində həyata keçir. Sənin bunlarla öyünmən başqalarına aid olan şeylərlə öyünməyinə bənzəyir. Öyündüyün şeylər bir gün əlindən alınacaq”.[2]
Ona görə də mömin olan kəs hər zaman həddini bilməli, etdiyi ibadətlərə də güvənməməlidir. Əlindən gələn bütün səyləri göstərməsinə baxmayaraq günahkar bir bəndə kimi ədəb və həya ilə Allahın əfv və mərhəmətini diləməlidir. İşlədiyi bütün əməllərinin də eynilə duası kimi Allahın qəbuluna möhtac olduğunu unutmamalıdır.
لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا باِللّهِ
“Allahdan başqa heç kim (xeyir verib şərdən qoruyacaq) güc və qüvvət sahibi deyil”[3] şüuru ilə günahlardan qorunmağın da, ibadətlərlə Allaha üz tutmağın da Onun lütfü sayəsində mümkün olduğunu düşünməlidir. Lütf edib qulluğuna qəbul etdiyi üçün də Rəbbinə ayrıca şükür etməlidir.
“Sən çıxınca aradan qalar səni Yaradan” zərbi-məsəlində ifadə edildiyi kimi mömin də maddi-mənəvi hər hansı bir nemətə qovuşduqda bundan öz nəfsinə pay çıxararaq:
“Mən bacardım, buna öz məharətimlə nail oldum” kimi sözlər deməməlidir. Əksinə, “Bu, Rəbbimin fəzli-kərəmidir”[4] deməlidir. “Lütf edən Sənsən, Sənin ehsanındır, ya Rəbb!” deməlidir. Yəni nemətlərin əsl sahibinin Allah-Təala olduğunu etiraf edib Ona şükür etməlidir. Özünün də aciz bir bəndə olduğunu unutmamalıdır. Ona görə də daima ərzi-əndam deyil, ərzi-hal hissiyyatı ilə yaşamalıdır.
Hüdayi həzrətləri buyurur:
Gər dilərsən səndə bitə vərdi-pak,
Məskənətlə kəndini xak eylə xak…
“Əgər səndə qüsursuz və ləkəsiz bir gül yetişməsini istəyirsənsə, təvazökarlıqla özünü torpaq et, torpaq!..”
Mövlana həzrətləri də bu həqiqəti dəstəkləyici mahiyyətdə belə buyurur:
“Heç bahar fəslində tumurcuqlayan daş gördünmü? Torpaq kimi təvazökar ol ki, səndən rəngarəng güllər boy atsın!”.
Bahar fəslində daş da bərəkətli yaz yağışında islanar, lakin heç bir bar verməz. Baharın feyz və bərəkətindən nəsib alan yalnız torpaqdır.
Həzrət Əli t-ın ifadəsi ilə desək: “Tikan toxumları əkilən tarladan, gül dəstələri yığılmaz”. Eynilə bunun kimi daxili dünyası təkəbbür və nəfsani duyğularla daşlaşan qatı qəlbli kəslərdən də cəmiyyətə xeyir gəlməz. Bəşəriyyətə həqiqi mənada hüzur və səadət bəxş edəcək olanlar Mövlananın ifadəsi ilə “təvazökarlıqda torpaq kimi” olan dərviş könüllərdir.
Həqiqətən torpaq, üstündə gəzən saysız canlının ayağı altında tapdanır, sanki səssiz dərviş kimi təvazökarlıq, nəzakət və ədəblə onların zir-zibilini sinəsinə çəkir, bağrında əridib yox edir, sonra isə rəngarəng çiçəklər, bir-birindən ləzzətli meyvələr və növbənöv tərəvəz ikram edərək üzərində dolaşan canlıları bəsləyir. Ölən məxluqların cəsədlərini də sanki müqəddəs əmanət kimi qoynuna alıb həşr gününədək sadiq sirdaş kimi qoruyub saxlayır.
Torpaqdan yaradılan insanın qəlbi də məhz bu cür münbit torpaq kimi olmalı, ona qarşı işlənən pisliyə də yaxşılıqla qarşılıq verməlidir. Gübrə saçana gül verməli, tüpürənə şəffaf su bulaqları təqdim etməli, onu ayaq altında əzənləri başının üstündə tutmalıdır. Xülasə, məxluqatdan hansı rəftarı görürsə görsün, daima özünə yaraşan gözəllikləri sərgiləməli, səxavətli, fədakar, qurucu və əhya edici olmalıdır.
Həzrət İsa u bir dəfə yanındakılardan:
- Toxum harda yetişər? – deyə soruşdu. Onlar da:
- Torpaqda / yerdə! – cavabını verdilər.
Bu zaman İsa u:
- Hikmət də eynən belədir. Yalnız torpaq kimi (təvazökar) qəlblərdə cücərər, - buyurdu.
Bütün Haqq dostları da təvazökarlıq və səmimiyyətlə etdikləri xidmətləri sayəsində nəfsin ənaniyyət, qürur və təkəbbür xəstəliyinə əlac tapandan sonra könülləri irşad edəcək mənəvi kamilliyə və ilahi hikmətlərə nail olmuşlar. Sanki nəfslərini ayaqlar altına atdıqdan sonra baş tacı olmuşlar. Çünki təsəvvüfdə hər şey insanın ilahi qüdrət və əzəmətin sonsuzluğu qarşısında “heç” hökmündə olduğunu dərk etməsindən sonra başlayır.
Haqq-Təala hər birimizə əslimizin heçlik və yoxluq olduğunu, vaxtilə anılmağa dəyər ismimizin və cismimizin olmadığını, əvvəlimizin nütfə, sonumuzunsa torpağa tapşırılacaq cəsəd olduğunu, xülasə, aciz bir qul olduğumuzu unutdurmasın.
Amin!..
[1] Əbu Nuaym, Hilyə, I, 37; Hani, əl-Hədaiq, s. 288.
[2] Qurtubi, ət-Təzkirə, fi Əhvalil-Mövta və Umuril-Axirə, Qahirə, Darul-Mənar, t.y. 42.
[3] Tirmizi, Dəavat, 88/3521.
[4] Bax. ən-Nəml, 40.
ŞƏRHLƏR