Keçmişdən bir xatirə
Kəndimiz Ləngəbiz sıra dağlarının yaxınlığında, dağ ilə aranın sərhədinə yaxın ərazidə yerləşir. Müstəqilliyimizin ilk illəri, qış fəslinin son günləri idi. Rəhmətlik Xanmurad müəllimin gur səsi məktəbi bürümüşdü. Birdən sinfin qapısı döyüldü. Direktor Ağazər müəllim yanında bir nəfərlə sinfə daxil oldu. Xanmurad müəllimdən nəzakətən icazə alaraq:
- Uşaqlar, müəllim qardaş Türkiyə Cümhuriyyətindən gəlib. Qonşu Göylər kəndində ərəb dili tədris edir, həftədə iki dəfə bizim məktəbə gəlmək, istəyənlərə ərəb dilini öyrətmək istəyir. Sonra sözü müəllimə verdi. Bizim fikrimiz isə müəllimdə idi. Geyim tərzi, üzündəki təbəssüm, nurlu çöhrəsi bizi valeh etmişdi. Müəllim qısa danışdı, adının Muhamməd Erol Bekçi olduğunu və Türkiyədən Azərbaycana Səlim əfəndinin dəvəti ilə bizə unutdurulmuş Quranımızı və dinimizi öyrətməyə gəldiyini söylədi. Qısa danışmasına baxmayaraq bütün sinif onun yüksək əxlaq sahibi, alicənab bir insan olduğu qənaətinə gəlmişdi.
Evə gəldikdən sonra çox sevdiyim və vaxtımın çoxunu birgə keçirdiyim babamın yanına getdim və bugünkü əhvalatı ona nəql elədim. Məni həvəsli gördüyü üçün babam çox məmnun olmuşdu:
- Öyrənin bala, bizdən əvvəlkilər oxuyurdular, yazırdılar ibadət edirdilər. Sovet hökuməti bizə imkan vermədi, bizi dinimizdən ayırdı, həyat tərzimizi dəyişdi, - deyərək içindəki həsrəti dilə gətirdi.
Bəli, babam haqlı idi. Ulu babalarımız dinə bağlı, mənəvi cəhətdən inkişaf etmiş, el-obanın etibar etdiyi, sözləri dinlənən insanlar olduğuna görə hətta çar imperiyası zamanından təqib edilib, çar hakimiyyətinə qarşı təhlükəli hesab olunublar. Bir müddət sonra çarın canişinləri onları Qubanın Afurca kəndindən kütləvi şəkildə sürgün edib. Sürgün olunmuş nəslimizin nümayəndələrindən bəziləri Cənubi Azərbaycana, bəziləri Osmanlı dövlətinə keçiblər. Bizim ulu babamız Şamaxının Çaylı kəndində məskunlaşmalı olub…
Ramazan ayı ərəfəsində babam və nənəm xüsusi hazırlıq görər, bir ay boyunca oruc tutub namaz qılardılar. Babam Böyük Vətən müharibəsində sağ qolunu itirməsinə baxmayaraq ibadətlərini dəqiqliklə yerinə yetirərdi. Biz də ondan nümunə götürər, onun yanında kiçik dəsmallarımızı yerə sərib namaz qılmağa çalışardıq. Obaşdanlıq və orucaçdıları çox səbirsizliklə gözləyər, süfrədəki yerimizi alardıq…
Muhamməd xoca həftədə iki dəfə məktəbimizə gəlir, bizə Quran əlifbasını öyrədirdi. Bir ay sonra Muhamməd xocanın kəndimizə gələcək qədər vaxtı olmadığı üçün biz tələbələr Göylər kəndinə getməli olduq. Yol çətinliyinə görə sayımız bir qədər azalmışdı. Biz artıq Qurani-Kərimi oxuyur, surələri əzbərləyirdik. Mən də öz növbəmdə öyrəndiklərimi babamla bölüşürdüm…
Bir gün Muhamməd xoca bizə təhsilimizi Türkiyədə davam etdirə biləcəyimiz müjdəsini verdi. Günlərdən mübarək cümə günü idi. Göylər məscidində toplanmışdıq. Tanımadığımız xocalar da təşrif buyurmuşdular. Muhamməd xoca onları bizə təqdim etdi. Heyətdə Ali Kamal xoca, Rəcəb xoca, Ahmet Naim xoca və digər xocalar vardı. Heyət Türkiyəyə gedəcək tələbələri seçməli, tələbələr isə öyrəndiklərini nümayiş etdirməli idilər. Tələbələr hamısı həqiqətən Qurani-Kərimi bir-birindən gözəl oxuyur, xocaların işini çətinləşdirirdilər. Uzun məsləhətləşmələrdən sonra heyət Göylərdən Samir Kərimovu və bizim kənddən də məni seçmişdi. Sanki yuxuda idim. Yaşadıqlarım bir xəyal idi. Yəni mən Türkiyəyə gedəcəkdim? Babamın tez-tez danışdığı, onlar bizim əsl qardaşlarımızdır, bizi ermənilərdən xilas ediblər dediyi Türkiyəyə gedəcəkdim?..
Həyəcandan kəndə necə qayıtdığımı xatırlamıram. Tələm-tələsik evə getdim və bu önəmli xəbəri valideynlərimə verdim. Atam dərhal etiraz etdi:
- Qətiyyən olmaz! Sənin 13 yaşın var. Uzaq yerdir, qürbət eldir. Əlimiz çatmaz, ünümüz yetməz, necə edərik ay oğul?
Kədərli və məyus halda babamın yanına getdim, vəziyyəti ona izah etdim. Babam məni sakitləşdirib atamı razı salacağını bildirdi. Bərabər evə gəldik. Atam narahatçılığını yenidən dilə gətirdi. Babam onu dinlədikdən sonra sözə başladı:
- Ay oğul! Mənim adımın mənasını bilirsənmi? Atam, yəni sənin baban niyə görə mənim adımı Sultanpaşa qoyub bilirsənmi? Atam da biz də bu adın mənasını bilmirdik. Həqiqətən, bu adın mənası nə idi görəsən? Baxışlarımızla sualın cavabını gözləyirdik. Babam söhbətini davam etdirdi:
- Mən erməni-müsəlman davasından bir neçə il sonra dünyaya gəldiyim üçün atam adımı Osmanlı sultanının və Qafqaz İslam Ordusu komandanı Nuru paşanın şərəfinə Sultanpaşa qoyub. O vaxt ermənilər bolşeviklərlə birləşib əliyalın əhaliyə divan tutublar. Bütün Azərbaycanı qan çanağına çeviriblər. Həmçinin Şamaxıda və kəndlərimizdə də əhaliyə qarşı kütləvi qətliamlar törədiblər. Əgər Türkiyə qardaş köməyini etməsə idi, İslam Ordusunu bizim köməyimizə göndərməsə idi, düşmən bizə qalib gələcəkdi…
Bundan sonra atam məni göndərməyə razı oldu. Babam mənə həm baba kimi həm el ağsaqqalı kimi öz xeyir-duasını verdi. Mən də həsrətlə babamın tək olan əlini öpdüm…
Bir müddət sonra sənədlərimiz hazırlandı və ölkəmizin dörd bir tərəfindən seçilmiş yeniyetmə gənclərlə bərabər elm əldə etmək üçün qardaş Türkiyəyə yola düşdük…
Səbəbkarlardan Allah razı olsun!
ŞƏRHLƏR