Cəmiyyətləri dəyişdirən şəxsiyyətlər

Cəmiyyətləri dəyişdirən şəxsiyyətlər

Uca Allahın insanlara qarşı bir lütfü və sonsuz ikramlarından biri də onlara özlərindən bir elçi seçib göndərməsidir. Allahın elçisi olaraq göndərilən bu mübarək insanların ən böyük hədəfi cəmiyyətləri xeyrə və fəzilətli əməllərə yönləndirmək, pis əməllərdən çəkindirmək, onların dünya və axirət səadətini təmin etməyə çalışmaq olmuşdur. Təbii ki, bu missiyanı daşımaq və hədəflərini həqiqətə çevirmək heç də asan başa gəlməmişdir. Onlar bu yolda bir çox əziyyətlərə qatlanmış, çilələr çəkmiş və öz davranışları ilə minlərlə, milyonlarla insana örnək olmuşlar.

Bütün peyğəmbərlərin əsas vəzifəsi: “Allah ilə ağıl sahibi bəndələri arasında dünya və axirət həyatı ilə əlaqədar bütün dini məlumatları çatdırmaq və yaranan problemləri həll etmək” olmuşdur. Bu mübarək şəxslər vəhy və ilham yolu ilə Allahdan aldıqları məlumatları insanlara çatdırır, praktiki olaraq yerinə yetirir və özləri də insanlara nümunə olurdular. Peyğəmbərsiz bir cəmiyyət düşünmək mümkün deyil. İnsan varsa, cəmiyyət varsa, demək ki, bir qanun, bir nizam və sistemin də olması mütləqdir.

  Qurani-Kərimə nəzər saldığımız zaman müxtəlif ayələrdən məlum olur ki, Uca Allah insanlara yaradılışdan etibarən peyğəmbərlər vasitəsi ilə haqq yolu göstərən vəhylər və bunları özündə toplayan kitablar endirmiş, ilk peyğəmbər olaraq da Hz. Adəmi (ə.s) seçmişdir. Bir ayədə belə buyurulur: “Həqiqətən, Allah Adəmi, Nuhu və İbrahim ilə İmran ailəsini aləmlərə (insanlara) üstün etdi (İbrahim və İmran ailəsindən qəsd olunan məna onların nəslindən gələn peyğəmbərlərdir.)”. (Ali İmran, 33)

İlk yaradılışda insanlar eyni dinə mənsub bir cəmiyyət idilər. Daha sonra sayları artmış, çoxalmış ayrı-ayrı millətlərə bölünmüşlər. Uca Allah da hər bir millətə bir-birinin ardınca iman edib yaxşı işlər görənləri müjdələyən, inkara və azğınlığa düşərək pis əməl sahibi olanları xəbərdar edən, haqqı-həqiqəti öyrədən, əxlaq və ədəb qaydaları qoyan peyğəmbərlər göndərmiş, ixtilafa düşdükləri mövzularda hökm vermək üçün müraciət edəcəkləri kitablar endirmişdir. Bu həqiqəti Qurani-Kərim belə bəyan edir: “İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər”. (əl-Bəqərə, 213)

Eyni zamanda Qurani-Kərimdə peyğəmbərlər aydınlıq və nur saçan çırağa bənzədilmişdir.  Çünki zülmət qaranlıqlarda yol almaq üçün insana lazım olan əsas vasitə işıqdır. Bu gün qaranlığı aydınlatmaq üçün əlimizdə fənər və ya başqa vasitələr ola bilər. Keçmişdə isə bu vasitə əsasən çıraq idi. Peyğəmbərlərin bu nura, çırağa bənzədilməsi heç də təsadüfi deyil. Çünki onların hər birinin göndərildiyi dövr cəhalət, zülmətlə dolu qaranlıq bir dövr olmuşdur. Uca Allah məhz onların vasitəsi ilə cəmiyyətləri cəhalətin və əxlaqsızlığın zülmətlərindən haqqa və hidayət nuruna qovuşdurmuş, onların əli ilə öz nurunu tamamlamışdır.

Haqq elçiləri birlikdə yaşadıqları öz qövmlərinin dili ilə ilahi əmrləri təbliğ etmiş, lazım gəldikdə malından, canından keçməyə də hazır olmuşlar. Bu təbliğdə Allahın təkliyinə, ilahi kitablara, peyğəmbərlərə, qəza və qədərə, axirət gününə iman etmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, xeyirxah insan olmaq, insanlara yaxşılıq edib pis vərdişlərdən çəkinmək, adam öldürməmək, oğurluq etməmək, rüşvətxorluqdan, faiz, zina və içkidən uzaq durmaq və yetimlərə, yoxsullara yardım etmək kimi təməl prinsiplər yer alırdı.

Fərqli peyğəmbərlərin dövrlərində zülmün və cəhalətin fərqli təzahürləri ön planda olmuşdur. Məsələn, Nuh (ə.s), İbrahim (ə.s) və Muhamməd (ə.s) Allaha şərik qoşan azğın müşriklərlə və zalım başçılarla, Musa (ə.s) və İsa (ə.s) Allahın zatında ixtilafa düşüb zəlalətə sürüklənən və dinlərini az bir dünya malına dəyişənlərlə, Lut (ə.s) əxlaqsızlarla, Şüeyb (ə.s) ölçüdə və çəkidə aldadanlarla gecə-gündüz mübarizə aparmışdır.

Sadaladığımız bütün prinsiplər bir cəmiyyətin mənəvi baxımdan sağlam qalması və bütün fərdlərinin rifah və səadətinin təmin olunması üçün çox mühümdür. Bu baxımdan deyə bilərik ki, peyğəmbərlərin missiyası bu prinsipləri bərqərar edərək Uca Allahın izni və yardımı ilə insanların dünyəvi və üxrəvi xoşbəxtliyinə yol açmaq olmuşdur. Elə bu səbəblədir ki, dünya həyatı davam etdiyi müddətcə insanları haqq yola dəvət ilahi xəbərdarlıq davam edəcəkdir. Bu da  son peyğəmbərlə göndərilən son ilahi kitab – Qurani-Kərimdir ki, ilahi mühafizə altında qiyamət səhərinə qədər öz varlığını qoruyaraq insanları ilahi dəvətdən məhrum qoymayacaqdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz