İstiqamət, ixlas, təslimiyyət və xidmət

İstiqamət, ixlas, təslimiyyət və xidmət

Uca Allah (c.c) Ourani-Kərimdə belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 155)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Yaradana vermiş olduğumuz qulluq əhdinin təsdiq meydanı olaraq yaradılan dünya səhnəsi bizlərə davamlı şəkildə əsl kimliyimizi ortaya çıxaracaq ağır imtahan sualları ünvanlamaqdadır. Rəbbimiz tərəfindən əbədi qurtuluş haqlarına sahiblənmə imkanı tanınan və kainatın şərəfli və müqayisəsiz varlığı olaraq xəlq edilən bizlər etibarlı bir tövhid əqidəsi və əməli daşıyan cavablarla bu ölüm-dirim yurdunun çətin sınaqlarından üzüağ çıxa bilərik. Bu istiqamətdə yorulmaz çalışmaları ilə ümmətin zamanında qurtuluş çırağı olma həssasiyyətini sonsuz mərhəmət və əmsalsız bir vicdan məsuliyyəti olaraq könüldən qəbul edən Musa Topbaş əfəndi bu ölüm-dirim mübarizəsində möminin qurtuluş imkanlarını səfərbər edərkən üzərində əsərək duracağı xüsusları belə açıqlayır: “Bir mömin (ilahi imtahan meydanında müvəffəq olması üçün) həm ixlas əhli, həm istiqamət əhli, həm təslimiyyət əhli, həm də xidmət əhli olmalıdır”.

Bəhaəddin Buxari həzrətləri də bu xüsusiyyətlərin toplandığı qəlbi daha dərin bir həssaslıq müstəvisinə dəvət edərək kamil bir qulluq əhli olmağın əlamətini belə dəyərləndirir: “Yaşadığın hər bir anı ən gözəl şəkildə dəyərləndirməyin səni keçmişi xatırlamaq və gələcəyi düşünməkdən uzaq tutaraq qiymətli nəfəsini boş-boşuna sərf etməkdən qoruyar. Nəfəsini alıb-verərkən ikisi arasındakı oyanıq halını qoru ki, nəfəs vücuduna qəflətlə girib çıxmasın”.

Hər birimiz üçün həyati əhəmiyyət daşıyan Allah dostlarının istiqamətlə, ixlasla, təslimiyyət və xidmətlə yaşayaraq ümmətə təqdim etdikləri qurtuluş nümunələrini oxumadan, yaşamadan öncə onların qulluq mədəniyyətini diqqətli şəkildə dəyərləndirməyimiz lazımdır. Bu işin vacibliyinə işarə edən Mövlana həzrətləri belə buyurur: “Əgər sən Allah dostları olan Peyğəmbərləri və övliyaları sıradan bir insan kimi görürsənsə (yəni onların ruhani ehtişamından xəbərsizsənsə), onda sən Hz. Adəmin (yalnız) torpaqdan ibarət olduğunu düşünən şeytanın yolundasan”.

 Zünnun Misriyə: “Qul hansı səbəblə cənnətə girər?”- deyə sual veriləndə belə cavab verir: “Beş şey ilə: Əyriliyi olmayan bir doğruluqla, tənbəlliyi olmayan bir qeyrətlə, Allahı daima anmaqla, ölümdən sonrası üçün hazırlaşmaqla və hesaba çəkilmədən öncə nəfsini hesaba çəkməklə!”.

“Allah qorxusunun əlaməti nədir?” - deyə soruşulanda bu cavabı verir: “Bu qorxunun insanı bütün digər qorxulardan əminlikdə saxlamasıdır”.

“Qul Allahdan nə zaman qorxar?” - deyə soruşulanda bu cavabı verir: “Xəstəliyinin uzanmaması üçün böyük bir səylə varlığını hər şeydən qoruyan xəstənin vəziyyətinə gəldiyi zaman”.

“İnsan Allahın (c.c) saf qullarından olduğunu nə zaman və necə anlayar?” - deyə soruşanlara bu cavabı verir: “İnsan bu halı dörd şeylə bilər: (Xidmətə baş vurmaq üçün) rahatı tərk etmək ona sevimli gələrsə, az şeyə malik olmasına rəğmən ondan sevərək sədəqə verərsə, kasıblıq halı şəxsinə sevimli gələrsə və təriflənməklə pislənməyi eyni əhvalda qarşılayarsa”.

“Pozulan qəlbi düzəltmək üçün nə etmək lazımdır?” - sualına bu cavabı verir: “Beş şey etmək lazımdır: Halal yemək, Qurani-Kərim oxumaq, salehlərlə söhbət etmək, gecə ibadətinə qalxmaq və səhərlərdə ağlayaraq günahlarla kirlənmiş qəlbin təmizlənməsini Rəbbimizdən istəmək. Bil ki, qəlbini ən çox qoruyan dilinə hakim olandır”.

Quran alimlərinin halı soruşulduqda buyurdu ki: “Onlar bu yolda dizlərini çürütdülər. Ömürlərini və bədənlərini Qurana xidmət yolunda sərf etdilər. Bu şəkildə Quran elminə sahib oldular. Bu elmə vaqif olmaq üçün bu qədəri ilə də yetinmədilər, dodaqlarında qan qalmadı, göz yaşları sel olub axdı. Quran elmini onlar belə əldə etdilər. Hidayətə yetişən, imanlarını mühafizə altına alan onlar oldu”.

Bunun ən bariz nümunəsini Fəthi Musuli həzrətlərinin mücadiləsində görmək mümkündür. Onun qanlı göz yaşları ilə ağladığını görənlər səbəbini soruşduqda buyurdu ki: “Bir müddət günahlarıma göz yaşı tökdüm. Bu gün isə ixlas ilə tökmədiyim o göz yaşlarına qan ağlayıram”. Dünyasını dəyişdikdən sonra sevənlərindən biri onu yuxuda gördü və soruşdu ki: “Allahdan (c.c) hansı münasibəti gördünüz?”. Cavab verdi ki: “Allah-Təala o ağlamalarım hörmətinə məni əziz eylədi və buyurdu ki: “İzzətim haqqı üçün söyləyirəm, mələklər sənin qırx illik əməl dəftərini gətirdilər. Orada bir dənə də günah yoxdur!”.

İstiqamət, ixlas, riza və xidmət üzrə sürülən şərəfli qulluq ömrünün misilsiz mükafatı bu şəkildə olmaqdadır. Rəbbimiz bu əcrə cümləmizi nail etsin. Amin!              

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz