YALANI KİM UYDURAR?

YALANI KİM UYDURAR?

Bütün bəşəriyyət üçün ən zərərli günahlardan biri də yalandır. Yalan mənəvi bir xəstəlikdir. Yalan qiyamət günü insanın əleyhinə ən böyük dəlil olaraq çıxacaq bir günahdır. Yalan böyük günahlardan sayılır.

Əsasən insanlar xəcalətdən çıxmaq və ya özlərini təmizə çıxartmaq üçün yalan danışarlar. İnsan yalan danışmaqla başqalarını aldada bilər, amma hər şeyi bilən Uca Allahı aldada bilməz. İnsanın bu dünyada rəzil-rüsvay olmamaq üçün söylədiyi yalan axirətdə onu daha da pərt edəcəkdir. Bu dünyada beş-altı adam qarşısında üzünün qızarmasından qorxaraq yalan danışan insanın axirətdə bütün insanların hüzurunda yalanı ortaya çıxacaqdır. Bir az dara düşəndə özünü xilas etmək üçün yalan danışanlar əbədi həyatda çox çətin və sıxıntılı bir vəziyyətdə olacaqlar.

Yalan insanın qəlbini qaraldan çirkin bir xüsusiyyətdir. Bu barədə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Bəndə yalan danışmağa davam etdikcə qəlbinə qara bir nöqtə vurular. Sonra bu nöqtə böyüyər və qəlb tamamilə qapqara olar. Nəhayət, bu kimsə Allah qatında “yalançılar” arasında yazılar”. (Muvatta, Kəlam, 18)

Yalan insanı cəhənnəmə aparan qorxunc bir xəstəlikdir. Belə ki, bir hədisi-şərifdə belə buyurulur: “Yalan insanı günaha, günah da cəhənnəmə aparar. İnsan yalan danışmağa davam etdikcə, nəhayət, Allah nəzərində yalançı olaraq yazılar”.  (Buxari, Ədəb, 69. Müslim, Birr, 103-105)

Yalan möminə yaraşmadığı kimi, cənnətə də yaraşmayan pis bir xüsusiyyətdir. Yalançı cənnətdən uzaqlaşdığı kimi, yalanın da cənnətdə əsla yeri yoxdur. Bir ayədə belə buyurulur: “Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər”. (ən-Nəbə, 35)

Hz. Peyğəmbər (s.ə.s) yalanı münafiqliyin əlamətlərindən sayaraq belə buyurmuşdur: “Münafiqin əlaməti üçdür: Danışanda yalan deyər, söz verəndə sözündən dönər, ona bir şey əmanət ediləndə əmanətə xəyanət edər”. (Buxari, İman, 24; Müslim, İman, 107)

 Mövzumuzla əlaqəli başqa bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Mən haqlı da olsa münaqişəni tərk edən kəsə cənnətin kənarında bir imarət veriləcəyinə zəmanət verirəm. Zarafat da olsa, yalan söyləməyən kimsəyə cənnətin ortasında bir imarət veriləcəyinə zəmanət verirəm. Əxlaqını gözəlləşdirən şəxsə də cənnətin ən üstündə bir imarət veriləcəyinə zəmanət verirəm”. (Əbu Davud, Ədəb, 7)

Hədisdən başa düşüldüyünə görə, mömin haqlı da olsa, böyük bir kamillik göstərib mənasız mübahisə və münaqişələrə girməməlidir. Ümumiyyətlə, insan nəfsinin mübahisə və münaqişədən çox xoşu gəlir. Mübahisədə qalib gəlməkdən böyük həzz alır. Nəfsini tərbiyə edərək bu həvəsinə qalib gələn müsəlmanın mükafatı cənnətin kənarında bir imarət əldə etməkdir.

Hədisdə keçən digər məsələ, zarafat da olsa, yalan danışmamaqdır. İnsan başqaları ilə zarafat edərək gülüb-əylənməyə meyillidir. Bunu edərkən çox vaxt yalana müraciət edir. Məsum görünüşlü bu təhlükəli vərdişi tərk etmək çox çətindir. Bu səbəbdən onu tərk etmənin mükafatı da cənnətin ortasında bir imarətdir.

Bundan əlavə, ticarət məsələlərində də yalandan and içmək malın bərəkətinin yox olmasına səbəb olur. (Buxari, Büyu, 44, 26) Rəsulullah (s.ə.s) xəta edərək alış-verişinə yalan və yalançı and qatan tacirlərə sədəqə verərək bu günahlardan təmizlənməyə çalışmalarını tövsiyə etmişdir.  (Əbu Davud, Büyu, 1, 7)

Bütün bunlarla yanaşı, yalan danışmağın caiz olduğu bəzi yerlər də vardır. Bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Ey insanlar! Pərvanənin atəşə atılması kimi sizi yalan danışmağa  sövq edən şey nədir? Halbuki üç yer xaric yalanın hər növü Adəm oğluna haramdır. Həmin üç yer bunlardır:

  1. Ər-arvadın bir-birilərinə ailənin xeyri üçün söylədikləri yalan.
  2. Müharibədə danışılan yalan. Çünki müharibə hiylədən ibarətdir.
  3. İki müsəlmanı barışdırmaq üçün söylənən yalan”. (Tirmizi, Birr, 26)

Başqa bir hədisdə belə buyurulur: "İki nəfəri barışdırmaq üçün xeyir söyləyən və xeyir tələb edən kimsə yalançı deyildir”. (Buxari, Sulh 2; Müslim, Birr, 101)

Əbu Kahildən belə rəvayət edilir: “Səhabələrdən iki nəfərin arasında qılınc-qılınca gələcək dərəcədə münaqişə oldu. Mən onlardan birisiylə qarşılaşdım və ona: “Səninlə filan kimsənin arası nə üçün pozuldu? Halbuki o səni çox tərifləyir (səndən çox razıdır)” dedim. Sonra digəri ilə rastlaşdım, eyni şeyləri ona da söylədim. Bu yolla onların ikisini də barışdırdım. Daha sonra düşündüm ki, bu iki nəfəri barışdırdım, amma (yalan danışmaqla) özümü həlak etdim. Bunun üzərinə Hz. Peyğəmbərin yanına getdim, hadisəni ona danışdım. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Ey Əbu Kahil! Yalanla da olsa, camaatın arasını düzəlt!” (Təbərani, İman, 98)

Nəticə olaraq deyə bilərik ki, həqiqi müsəlman yalan danışmaz, çünki Qurani-Kərim yalanı Onu inkar edənlərə şamil etmişdir: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Onlar əsl yalançılardır!” (ən-Nəhl, 105)

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz