XƏZİNƏNƏ SAHİB ÇIX!

XƏZİNƏNƏ SAHİB ÇIX!

 “Hikmət (elm) möminin itiyidir.
Harada tapsa, onu alar”.
(Tirmizi, Elm, 19)

Heç bir elmi və məntiqi əsası olmadan İslamın elm, ixtira və tədqiqatlardan uzaq olduğu fikrini mənimsəyən və təbliğ edənlər olsa da, əslində, İslam elm, təhsil və tərəqqi dostu bir dindir. Elm və elmə təşviqlə əlaqəli İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə 750-ə yaxın ayə mövcuddur. Bir az zəhmət çəkib nəzər yetirənlər bunu rahatlıqla görə bilərlər. Bu yazımızda  qeyd olunan ayələrin tələblərinin həyata necə əks etdiyinə təmas ediləcəkdir.

Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı mühiti qısa bir müddətdə qibtə edilən mədəniyyət mərkəzinə çevirməsində ən təsirli vasitə məhz təlim-tərbiyə və tədrisə verdiyi dəyər olmuşdur. Hər fürsətdə “oxu” əmrini icra edən Hz. Peyğəmbər (s.ə.s) cəhaləti müsəlmanın düşməni kimi qələmə vermişdir. Hər nə qədər özü oxuyub-yaza bilməyən “ümmi” biri olsa da, hər fürsətdə elmə önəm vermiş, elmin müsəlman üçün gizli xəzinə olduğunu deyərək tapdığı yerdə ondan faydalanmağı tövsiyə etmişdir. İslam dini cahiliyyət dövrünü sonlandırmış, elm və irfan çağını təsis etmişdir. Hər fürsətdə ümmiliyi yox etmək üçün mübarizə aparmış, oxuyub-yaza bilənlərin saylarını artırmaq üçün müxtəlif tədbirlər görmüşdür.  Bədr müharibəsində əsir düşən məkkəli müşriklərə fidyə kimi on nəfər müsəlmana oxuyub-yazma öyrətmək öhdəliyini qoyması da elmə verdiyi dəyəri göstərir. Hətta bu dövrdə məkkəlilərin bütpərəst olduğunu nəzərə alsaq, elm öyrənmək üçün qeyri-müsəlmanlardan rahatlıqla istifadə etmənin mümkün olduğunu deyə bilərik. Odur ki, əqidəni dəyişməmək şərti ilə xaricdə təhsil almaq, əcnəbi müəllimlərdən elm öyrənmək qəbahət deyil.

Hz. Peyğəmbərin (s.ə.s) Zeyd ibn Sabitə xarici dilləri öyrənməsini tövsiyə etməsi onun elmi tərəqqiyə verdiyi əhəmiyyəti göstərən başqa bir nümunədir. Hz. Zeyd Onun verdiyi həvəs sayəsində on beş gün ərzində ibrani və on yeddi gün ərzində süryani dillərini öz ana dili kimi öyrənmiş, digərlərinə də öyrətmiş və Hz. Peyğəmbərin (s.ə.s) tərcüməçilik vəzifəsini icra etmişdir.  

Elm öyrənməyi vacib əməllərdən sayan İslam dinində alimlərin peyğəmbərlərin varisi sayılması və elm əhlinin abiddən üstün görülməsi anlayışının təzahürü nəticəsində dünya tarixində İslam mədəniyyətinin kəşfləri və elm adamlarının adları qızıl hərflərlə həkk edilmişdir. Bunları yox saymaq insaf duyğusuna əlvida deməkdir.

Hz. Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət edəndə ilk icraatlarından biri də məhz elm ocağı təsis etmək olmuşdur. Peyğəmbər məscidinin ətrafında məskunlaşan və özlərini ac-susuz elm tədrisinə həsr edən “əshabı-suffə” Hz. Peyğəmbərin (s.ə.s) elm və tədrisə verdiyi əhəmiyyəti göstərmək üçün kifayətdir. Həmçinin yeni fəth edilmiş və yaxud İslam dinini qəbul etmiş qəbilələrə ilk növbədə müəllimlər göndərməsi də elmi tərəqqiyə verdiyi dəyərin bariz nümunəsidir.

Elm öyrənmənin cənnətə götürən vasitə olduğunu, bir kimsənin elm üçün edilən səyahətdən dönənə qədər Allah yolunda sayılması, hətta bu səfərdə vəfat edənin şəhid qəbul edilməsi elmi tərəqqiyə olan mənəvi təşviqin göstəricilərindəndir. Hədəfi cənnət, məqsədi Allahın razılığı olan hər bir müsəlman bu müjdələrə nail olmaq üçün gecə-gündüz elm və təhsillə məşğul olmalıdır. Əfsuslar olsun ki, son dövrlərdə İslam coğrafiyasının dünyadakı elmi tərəqqidən bir az geridə addımlaması onun elmə önəm verməməsi ilə əlaqələndirilir. Beləliklə, insanların İslama olan həvəslərinə qandal vurulur. Ancaq İslamın elmlə olan gerçək münasibətini gördükdə, geridə qalmağın səbəbinin İslam dini yox, əksinə, müsəlmanların bu əmrləri layiqli şəkildə başa düşməməsi və yaxud ona laqeydlik göstərməsi olduğunu açıq-aydın görürük.

Hər bir müsəlmanın borcudur ki, öyrəndiyini digər müsəlman qardaşına da öyrətsin. Onun öyrənməsinə mane olmasın. Hz. Peyğəmbər (s.ə.s): “Hər kimə bir məsələ barəsində sual soruşular və o da bildiyi halda cavabını deməzsə, axirətdə ağzına qızğın dəmir vurular”, - buyurur. O cümlədən “Kim bildiyini başqasına öyrədərsə, Allah onun üzünü ağ eyləsin” duası da məsələnin əhəmiyyətinə diqqət çəkir.  

Peyğəmbər (s.ə.s) elmə o qədər əhəmiyyət verir ki, onu özünün mirası kimi ümmətinə təqdim edir: “Uca Allah elm öyrənmək məqsədi ilə yola çıxan adama Cənnət yollarını açar. Mələklər elmə və onu öyrənənə məmnuniyyət və təvazö əlaməti olaraq qanadlarını yerə sərərlər. Göylərdə və yerdə nə varsa, hətta su içindəki balıqlar da elm talibi üçün Allahdan mərhəmət diləyər. Bədirlənmiş ay görünən ulduzlardan necə üstündürsə, alim də abiddən elə üstündür. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras kimi qızıl və ya gümüş deyil, yalnız elm qoymuşdur. O elmdən pay almaq böyük və dəyərli bir şeyi əldə etmək deməkdir”. (Tirmizi, Elm, 19)

Xülasə, “Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol! Amma beşincisi olma (yəni bunlardan kənarda qalma), məhv olarsan”. (Təbərani, Mucəmul-Evsat, 5171; Darimi, Müqəddimə, 26)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz