ELMİN YOLU YAZIDAN KEÇİR

Bildiyimiz kimi, bəşər tarixində insan özünü ifadə etmək üçün bir çox vasitələrdən istifadə etmişdir. Mağara divarındakı təsvirlər bunun ən qədim nümunələrindəndir. Həmçinin ağac qabığı, taxta lövhə, dəri parçası, sümük, daş kimi bir çox səthlər bunun üçün vasitə olmuşdur. Bəzi tarixçilər gil lövhələrin Həzrət Adəmin (ə.s) dövrünə qədər gedib çıxdığını deyirlər. Kağızdan əvvəlki dövrlərdə perqament və papirus bir müddət bu istəyə cavab verə bildi. Qədim dövrlərdə Türkiyənin Berqama bölgəsində dəriləri çox incə təbəqələr halında emal edə bilirdilər. “Perqament” adının da buradan gəldiyi deyilir.

Tarixçilərin bildirdiyinə görə, Şərqi Türkistanda miladi II əsrdə kağızdan istifadə edilmişdir. Tapılan nümunələr laboratoriyada incələndikdən sonra tərkibində tut ağacı qabığındakı liflər, kəndir və çətənə lifləri olduğu aşkarlanmışdır. İslam tarixində bilindiyi kimi, Talas müharibəsi zamanı əsir götürülən Çin Uyğur döyüşçüləri arasında kağız emal edə bilən sənətkarlar da var idi. Beləliklə, İslam tarixində ilk dəfə 752-ci ildə Səmərqənddə kağız emal edən emalatxanalar qurulmuşdur. Bu proses daha sonra Buxara və İraqa qədər yayılır. Müqəddəs kitabımız Qurani-Kərimin yazılması və çoxaldılması ilə başlayan yazı işləri hüsn-xətt sənətinin inkişafı ilə daha da zənginləşdi. Tarixdə əlyazma kağızları Buxarayi, Səmərqəndi, Mərmərşahi, Həririhindi, Dövlətabadi, Xəşəbi və Xətayi adları ilə məşhur olmuşdur.

Çin və uyğur sənətkarlar yazı yazmaq üçün fırçadan istifadə edirdilər. İslam aləmində isə qarğı qələm və mürəkkəbdən istifadə olunurdu. Kağızlar emal edildikdən sonra bitki çayları və digər rənglər ilə boyanırdı. Buna səbəb kitab (Quran) oxunduğu zaman oxucunun gözlərinin yorulmaması idi. Sonra yumurta ağından hazırlanan xüsusi məhlul kağızın səthinə sürtülürdü. Bu kağızlar 6 ay kimi bir müddətdə sabit temperaturda qurudulur, sonra isə hamar cisimlərdən istifadə edərək parıldadılırdı. Beləliklə, uzun ömürlü və xəttatın yazı yazması üçün ən əlverişli kağız əldə edilirdi. Məhlul sayəsində mürəkkəb kağızın canına hopmur, qarğı qələm səthdə rahat hərəkət edirdi. Əgər xəttat və ya katib yazıda səhvə yol verərsə, quş tükü (lələk) vasitəsilə və ya yalamaq surəti ilə həmin hissəni silə bilir və düzəliş edirdi.

Belə bir deyim var: “Sən hələ çox mürəkkəb yalamalısan”. Səbəbi budur ki, ağız suyundakı turşu mürəkkəbi həll edir və kağızın səthindən tez silinir. Beləliklə, kağız israfına da yol verilmirdi. Ancaq dövlət əhəmiyyətli yazılar, məktublar və ya padşah fərmanları yuxarıda bəhs etdiyimiz məhlulun çəkilmədiyi kağızlara yazılırdı. Arxiv materiallarına yazılar “siyaqət” xətti ilə, fərmanlar isə Osmanlı dövründə  “divani” xətti ilə yazılırdı. Bu yazı növü xüsusi bacarıq tələb edir, bəzi gizli işarə, ifadə və qaydalar çərçivəsində yazılırdı. Xətt mürəkkəbi uzun bir prosesdən keçirilir, ən keyfiyyətli mürəkkəblər Qurani-Kərim nüsxələrində istifadə olunurdu. Demək olar ki, kağıza və yazıya ən layiqli dəyər İslam mədəniyyətində verilmişdir. Bu proses təkcə kağızın yazıya uyğun hala gətirilməsi ilə qalmırdı. Yazıların ətrafına müzəhhib ustaların hünərləri ilə qızılı naxışlar çəkilir, göz oxşayan zərif və xoş tərtibata tutulurdu. Nəbati fiqurlardan məharətlə istifadə edən müsəlman sənətkarlar ətraf mühitin dinamikasını və rəngarəngliyini bədii üsulda vərəqlərə tətbiq edirdi. Beləliklə, bədii kitab tərtibatı sahəsində müsəlman sənətkarların çox böyük xidməti olmuşdur.

Bu gün Azərbaycanın Əlyazmalar İnstitutunda saxlanılan İbn Sinanın “Qanun fit-Tibb” əsəri miladi 1142-ci ildə qələmə alınmışdır. Üzərindən əsrlər keçməsinə baxmayaraq, bu əsərin kağızı hələ də öz möhkəmliyini və şuxluğunu qoruyub saxlayır. Görəsən, bu kimi əlyazma əsərlər hansı səbəbdən günümüzə qədər gəlib çatmışdır? Kağızlar zamanın və məkanın təsirinə necə tab gətirə bilmişdir?

Hüsn-xətt sənətində “his mürəkkəbi” neft və ya his verən maddələrdən hazırlanır, sonra ağac qətranı qatılır və məhlulun bir-birinə qarışması üçün həvəngdəstə ilə beş yüz min dəfə döyülürdü. Bu gün də boya üçün yüksək dövrlə hərəkət edən xüsusi aparatlar vasitəsi ilə bənzər proses təkrarlanır. Tarixdə Həccə gedən karvan dəvələrinin üzərinə həmin qarışığın olduğu qabı bağlayırdılar ki, bir neçə aylıq gediş və dönüş əsnasında mürəkkəb çalxalansın və hazır vəziyyətə gəlsin. Burada düşündürücü bir məqam var. Bəs mürəkkəblə yanaşı, kağız və qələmlər nə üçün həcc karvanı ilə Məkkəyə göndərilirdi. Tarixçilərimizin verdiyi məlumata görə, mübarək bölgələrin təsiri mürəkkəb, kağız və qələmə sirayət etsin deyə belə bir addım atılırdı. Məlum olduğu kimi, Peyğəmbərimiz (s.ə.s) Təbuk səfəri zamanı Səmud qövmünün həlak olduğu yerdən keçərkən sürətini artırmış və oradan heç bir şeyin götürülməməsini tənbeh etmişdi. Bu hadisədə göründüyü kimi, yerin-məkanın daşıdığı enerjinin insana və əşyaya təsiri mütləqdir. O cümlədən hər bir canlının və ya əşyanın özünə məxsus enerjisi var və bu hal insana mütləq şəkildə təsir edir. Doğrusunu Allah bilir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz