İSLAM VƏ TİBB

İSLAM VƏ TİBB

İslamın ilk dövrlərindən etibarən tibb sahəsində böyük inkişaf olmuşdur. Bu inkişafın təməlində, Quranda sağlamlıq və təmizlik ilə bağlı tövsiyə və əmrlərə əlavə olaraq, Hz. Peyğəmbərin müsəlmanlara sağlamlığın qorunması ilə bağlı nəsihətləri, xəstəlikləri müalicə etməyə təşviq etməsi kimi səbəblər dayanır. Tibbi-Nəbəvi İslam coğrafiyasında təbabət elminin inkişafına ilham qaynağı təşkil etmiş ve xüsusən orta əsrlərdə İslam tibbi qızıl dövrünü yaşamışdır. Bu dövrlərdə bir çox müsəlman tibb alimi günümüz tibbinə işıq tutacaq çox önəmli töhfələr vermişdir. Məqaləmdə müasir təbabətin əsaslarını qoyan və bir çox ilklərə imza atan bu dəyərli elm adamlarından bir neçəsi və kəşfləri haqqında məlumat vermək istəyirəm.

İbn Sina (980-1037) "erkən polimerik təbabətin atası" kimi tanınır, İslamın Qızıl Dövrünün ən mühüm həkim, astronom, mütəfəkkir və alimlərindən biri hesab olunur. Qərblilərə görə müasir orta əsr elminin banisi, həkimlərin lideri və həm də "Böyük Ustad" kimi tanınan İbn Sinanın ən məşhur kitabı yeddi əsr boyunca tibb sahəsində əsas qaynaq olaraq istifadə edilən "Əl-Qanun fit-Tibb"dir. Doktor William Osler bu kitabın uzun müddət Avropada “Tibbin İncili” sayıldığını qeyd etmişdir.

Kitab fiziologiya sahəsində sistematik eksperimentlərin və hesablamaların tətbiqi, infeksiya xəstəliklərinin yoluxucu təbiətinin kəşfi, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün karantin tətbiqi, neyropsixiatriyanı, fizioloji psixologiyanı və spesifik xəstəliklərin diaqnostikasında sindrom ideyasını irəli sürməsi baxımından əhəmiyyət daşıyır. Həmçinin bu əsərdə İbn Sina cərrahlara xərçəng xəstəliyini erkən mərhələdə müalicə etmələrini və bütün xəstəlikli toxumaları götürdüklərindən əmin olmalarını nəsihət etmişdir. Əsərin eyni zamanda ilk Farmakopeya (Dərman vasitələrinin dozaları, formulları və istifadə üsullarına aid kitab) olduğu düşünülür.

Əbül-Qasım əz-Zəhravi (936-1013) Əndəlüsdə yaşamış ərəb-müsəlman həkim və cərrahdır. Orta əsr İslam dünyasının qabaqcıl həkimlərindən biri olan Zəhravi cərrahiyyənin atası hesab olunur. Zəhravinin tibbə verdiyi ən böyük töhfə, şübhəsiz ki, onun 30 cildlik “Kitab ət-Təsrif” əsəridir. Onun ixtira etdiyi cərrahi alətlərin bəziləri bu gün də istifadə olunmaqdadır. Sayı 200-dən çox olan bu alətləri kitabında rəsmlərlə təsvir etmişdir. Avropada cərrahiyyənin əsası bu cərrahi alətlərin təsvirləri sayəsində qoyulmuşdur.

Ektopik hamiləliyi tərif edən və hemofiliyanın irsi xarakterini təyin edən ilk həkim olmuşdur. Onurğa beyni vərəminin ilk uğurlu müalicəsinin ingilis cərrah P. Pott tərəfindən aparıldığı deyilsə də, hələ ondan 900 il əvvəl Zəhravi bu müalicədən bəhs etmişdir. Zəhravi XIX əsrdə yaşamış ştutqartlı  ginekoloq  Walcherdən 1000 il əvvəl doğuş zamanı uşağın tərs gəlməsinə necə müdaxilə ediləcəyini ətraflı yazmışdı.

İbn Nəfis (1210-1288) tibdə xəstəliklərin səbəbləri üzərində elmi işlər aparan ilk alimdir. Ən tanınmış əsəri “Mucəz” İbn Sinanın “Qanun”unun bir növ xülasəsidir. Ən böyük kəşfi isə ağciyər qan dövranını (kiçik qan dövranı) tapmasıdır.

Ağciyər dövranı nəzəriyyəsi 1616-cı ildə yaşamış William Harveyə aid edilsə də, əslində, bu kəşf XIII əsrin müsəlman alimi İbn Nəfisə aiddir. O, qan dövranı ilə bağlı fikirlərini belə xülasə etmişdir:

  1. “Ürək ancaq və ancaq öz içindən keçən damarlar vasitəsi ilə bəslənir” deyən İbn Nəfis, beləcə, tac dövranını ilk tapan elm adamı olmuşdur.
  2. Qan ağciyərləri qidalandırmaq üçün yox, təmiz hava aparmaq üçün yayılır.
  3. Ağciyərə gedən damarla ağciyərdən dönən damar arasında dövranı tamamlayan əlaqələr mövcuddur. (300 il sonra Colombo bunu ilk dəfə özünün tapdığını iddia etmişdir.)
  4. Ağciyər toplar damarı əvvəldən zənn edildiyi kimi, hava və ya hiss ilə deyil, qan ilə doludur.
  5. Ağciyər arteriyasının divarı ağciyər toplar damarının divarından daha qalındır. (Bu kəşf yaxın zamana qədər Michael Servetisə aid edilirdi.)
  6. Ürək kameraları arasındakı bölmədə keçid yoxdur. Qan öz dövranını ürəkdə tamamlayır: “Qanın sol boşluğa keçməsi ağciyərlər yolu ilə mümkündür. Sağ boşluqdan ağciyərlərə gələn qan burada isindikdən və hava ilə qarışdıqdan sonra ağciyər toplar damarı yolu ilə sol boşluğa keçməkdədir.

Dünyada simyaçı, kimyagər, həkim, filosof kimi tanınan alim Əbu Bəkr Məhəmməd ibn Zəkəriyya Ər-Razi (865-925) İslam tarixçiləri və Avropa elm qaynaqlarında “Ərəblərin Galinusu" olaraq adlandırılır. İbn Sinanın da araşdırmalarında əsərlərindən faydalandığı Ər-Razi tibb elminə verdiyi töhfələrlə böyük şöhrət qazanmışdır. Razinin tibb sahəsində yazdığı “Əl-Havi” adlı ensiklopediya XVII əsrə qədər tibb elminin ən önəmli qaynağı olmuşdur. Dəqiq və möhtəşəm məlumatların yer aldığı “Əl-Havi” o dövrün tibb sahəsində tanınan dərs kitabıdır.

Ər-Razi Çiçək və Qızılca xəstəliklərinin ayrı-ayrı xəstəliklər olduğunu ortaya qoymuşdur. Uşaq xəstəlikləri ilə maraqlanan ilk həkimlərdən biri olan Razi allergik astma xəstəliyini kəşf etmişdir. O, göz bəbəyinin işıq qarşısında dəyişdiyini fərq edən ilk həkim olmuşdur. Spirtdən anti-septik kimi istifadə etmişdir. Qliserin, soda, sirkə turşusu, spirt, kükürd turşusu və nitrat turşusu kimi kimyəvi maddələri kəşf edən Razi ilk dəfə olaraq kimya elmini tibb elminin xidmətinə vermişdir.

Qadın və uşaq xəstəliklərini bir-birindən ayıran Ər-Razi, “Pediatriyyanın atası” kimi də tanınır.

X-XI əsrlərdə yaşamış məşhur müsəlman həkimlərdən İbn Cəssar (920-1009) etdiyi səyahətlər zamanı qarşısına çıxan xəstələri müalicə etmiş, xəstəliklərin səbəblərini, müalicə üsullarını ətraflı şəkildə əsərlərində qeydə almışdır. Ölümcül xəstəlik sayılan cüzam xəstələrinin tənha bir adaya göndərilib ölümə tərk edildiyi bir zamanda İbn Cəssar onları müalicə etmişdir. O, həm cüzam xəstəliyi, həm də digər xəstəliklərin səbəb və müalicəsi haqqındakı fikirlərini “Səyahət kitabı” adlı əsərində təfərrüatları ilə yazmışdır. Bu töhfəsi ilə tibb tarixində cığır açmışdır.

Əli bin Abbas (930-994) məşhur fizik və tibb alimidir. O, tibb və psixologiyaya dair “Kitab əl-Maliki” adlı əsəri və təxminən 1000 il bundan əvvəl ilk xərçəng əməliyyatını dövrümüzün müasir əməliyyatlarına uyğun tərzdə həyata keçirməsi ilə tanınır.

Abbas Vesim Əfəndi (1689-1760) tibb sahəsində önəmli çalışmaları olan müsəlman həkimlərdən biridir. Onun “Tibbi-cədidi-kimyəvi” əsəri çox məşhurdur. O, “vərəm xəstəliyinə ağ ciyərlərdə yerləşən bir mikrob səbəb olur”, - deyərək vərəm mikrobunun diaqnozunu Robert Kochdan 150 il öncə qoymuşdur.

İbn Rüşd (1126-1198) tibb tarixində gözdəki retina təbəqəsinin funksiyasını ilk dəfə elmi cəhətdən izah edən alimdir.

Tarixin bir dövründə İslam coğrafiyası elmin, təbabətin beşiyi və bir çox ixtiraların mənbəyi idi. Renessansla birlikdə avropalılar elm bayrağını əllərinə aldıqda, yüz illər öncəsindən müsəlman alimlərin imzası olan bir çox kəşfi sahibləndilər və ən önəmlisi, inkişaf etdirərək irəliləməyə davam etdilər. Təəssüf ki, bu gün müsəlmanlar olaraq müasir elm və təbabətin ən yaxşı halda təqibçisiyik. Əslində elm keçmişimiz bizim üçün motivasiya qaynağı olmalıdır. Təbii ki, keçmişdə qalmadan, yenilikləri qəbul edərək və çalışıb daha yenisini ortaya qoyaraq irəliyə gedə biləcəyimiz həqiqətini qəbul etməliyik. Təmənnamız odur ki, arxadan gələn sağlam gənc nəsillərimizlə əlimizdən alınan elm bayrağını geri qaytaraq. Elmdə təqibçi deyil, cığır açanlardan olmağı Rəbbimiz yenidən bizə nəsib etsin.

Uzman kardioloq Dr.Anar Salmanov

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz