28 MAY
Müstəqil olmaq və müstəqil dövlətdə yaşamaq səadətdir. Elə bir səadət ki, orada müqəddəs dəyərlər qoruna və yaşana bilir, gələcək nəsillərin müqəddəratı öz həllini tapır, insanlıq yaranan gündən bəri insanların toxunulmaz haqları olan can, qan, mal, namus və şərəfi təminat altına alınır. Statistikaya görə, dünyada beş minədək tayfa, qəbilə, xalq, millət olsa da, bunlardan 200-ü özünə dövlət qura bilib. Məhz belə dövlətlərdən biri də mübariz Azərbaycan xalqının qurduğu, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətidir.
Müstəqillik üçün ilk öncə Vətən adlanan ərazi, torpaq olmalıdır. Müstəqillik heç də təsadüfi olmur. Bunun üçün canlardan keçilmiş, qanlar tökülmüşdür. Bu torpaqları bizə Vətən edən və miras buraxan əcdadımız da bizim daim azad və müstəqil olmağımızdan ötrü canlarını və qanlarını fəda etmişlər. Biz böyük bir xalqın nümayəndələriyik desək, heç də yanılmarıq. Bunu bizim yaxın və uzaq tariximizdən də görə bilərik.
1918-ci il may ayının 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi xalqımızın tarixində və taleyində çox mühüm hadisə olmuşdur. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 may tarixində Şərqdə ilk dəfə azad, demokratik və müstəqil bir respublikanın qurulması dünyaya bəyan edildi. Xalqımız bu tarix etibarı ilə çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən xilas oldu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında “İstiqlal Bəyannaməsi” qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Bu, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad, qabiliyyət və mənəvi gücünün göstəricisi idi. Hər nə qədər dəyərlərimiz əlimizdən alınsa da, unutdurulmağa çalışılsa da, yenə də xalqımız öz kimliyini daxilən qorumağa, onunla diri qalmağa çalışmış və bu dəyərlər bizi təkrar şahlandıraraq müqəddəratımızı həll etməyə yönəltmişdir.
“İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirdi.
Xalqımızın azadlıq mübarizəsində hər kəsimin əvəzsiz xidmət və rolu olduğu kimi gənclərin rolu da danılmaz faktdır. 1918-ci ilin əvvəllərində azərbaycanlı gənclər mədəni-maarif sahəsində geniş təşkilatçılıq və təbliğatçılıq işi aparmışdılar. Onlar müxtəlif bölgələrdə məktəblərin və kursların təşkilində, təhsilin milliləşdirilməsində, müxtəlif xeyriyyə tədbirlərinin keçirilməsində çox fəal iştirak edirdilər.
Hələ əsası 1902-ci ildə qoyulan “Müsəlman gənclik təşkilatı” ətrafında birləşən Azərbaycan gəncliyi sonralar Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olmaqla mövcud geosiyasi məkanın tələbləri çərçivəsində fəaliyyət göstərərək böyük inkişaf yolu keçmişdir.
1919-cu il yanvarın əvvəllərində Qafqaz Müsəlman Tələbələrinin (İttifaqının) Mərkəzi Komitəsi bütün müsəlman tələbələrə müraciət edərək onları təşkilatlanmağa, mədəni-maarif sahəsində fəaliyyətlərini genişləndirməyə, dövlət quruculuğunda daha yaxından iştirak etməyə çağırdı. Həmin dövrdən etibarən Qafqaz Müsəlman Tələbələri İttifaqı Azərbaycan Tələbələri İttifaqı adı altında fəaliyyət göstərməyə başladı, ittifaqın mərkəzi komitəsi tələbə və şagirdlərin problemlərinin həlli ilə bağlı Azərbaycan hökuməti ilə də sıx əlaqə saxlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müxtəlif sosial təbəqələrin sosial-siyasi inkişafına, ictimai fəallığın artmasına gətirib çıxartdı. Azərbaycan gəncliyi respublikada formalaşmaqda olan azad fəaliyyət mühitindən, demokratik şəraitdən bəhrələnməklə milli dövlət quruculuğu prosesində, ictimai-mədəni həyatda daha yaxından iştirak etmək imkanı qazandı. Təhsildən mətbuata, ictimai iştirakçılıqdan dövlət quruculuğuna qədər bir çox sahələrdə gənclər yeni qurulan dövlətləri üçün var gücləri ilə çalışmış, dövlətçilik tariximizdə öz adlarından söz açdırmışlar.
Bu gün də Azərbaycan gəncliyi Xalq cümhuriyyətinin varisi olan azad və müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi uğrunda var gücləri ilə çalışmaqda, ölkəmizdə və onun hüdudlarından kənarda uğurları və bacarıqları ilə ölkəmizin - doğma vətənlərinin adını yüksəklərə qaldırmaqdadırlar.
ŞƏRHLƏR