USTADLARIN USTADI

USTADLARIN USTADI

Yer üzündə insanlığı elmə sövq edən və elm təhsilini ibadət qəbul edən yeganə din İslam dinidir. Bu baxımdan İslamiyyətə “elm dini”də deyilir. Müsəlmançılıq irqlər, rənglər, millətlər arasında heç bir fərq qoymayıb mütləq bir bərabərlik elan etmiş olduğu halda Qurani-Kərim alimlə cahili bir saymamış və bu qəti hökmünü belə bəyan etmişdir: “...Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?” Bu barədə çoxlu hədislər də var ki, bunlardan biri belədir: “Elm öyrənin. Çünki elm öyrənmək düşmənlərimizə qarşı bizim silahımızdır”.

Bundan on dörd əsr əvvəl Şərqdə İslam - bir elm dini gəlib dünyanı aydınlatmağa başladı. İnsanlıq tarixində dinimiz qədər elmə əhəmiyyət verən, ona təşviq edən, dəyərini bilən, elm sahiblərini üstün tutan, elm öyrənməyin ədəblərini açıqlayan, nemətlərini ortaya qoyan, cahillikdən çəkindirən başqa bir din olmamışdır. İslamın yayılması ilə təkcə dini elmlər sahəsində deyil, dünyəvi elm sahələrində də parlaq dövrlərin yaşandığının şahidi oluruq. Elmin qorunması və yayılmasını məqsəd bilən İslam alimləri elm öyrənməklə kifayətlənməyib onu yazmaq və başqalarına çatdırmaq üçün də hər cür fədakarlığa can atmışlar. Belə üstün dəyərlərə sahib olan cəmiyyətdə, təbii olaraq, bütün dünyanın heyranlıqla izlədiyi dahi insanlar yetişmişdir. Bunlardan biri də İslam kimyaçılarının ən məşhuru və təbiət filosofu Əbu Abdullah Cabir ibn Həyyan əl-Əzdi əs-Sufidir (721-815). O, orta əsrlər Avropasında “Geber” adı ilə tanınırdı.

Həyatı haqqında ətraflı məlumat olmamaqla bərabər, Tus şəhərində doğulduğu və həyatının böyük bir hissəsini Kufədə keçirdiyi məlumdur. Elə burada da Cəfər əs-Sadiqlə tanış olmuş, ondan simya elmini öyrənmiş və qazandığı bilikləri kimya sahəsində inkişaf etdirmişdir. Bu səbəbdən də Cabir sahib olduğu bütün bilikləri “hikmətin qaynağı” adlandırdığı İmam Cəfər əs-Sadiqdən öyrəndiyini söyləmişdir.

Hər nə qədər Cabirin elmi çalışmalarının tibb, astronomiya, riyaziyyat, fəlsəfə və dövrünün digər elm sahələrində də yayılmış olmasına baxmayaraq, o, əsasən kimyaçı olaraq qəbul edilməkdədir. Onun kimya elminin tarixində xüsusi yerinin olduğunu ilk təsbit edən və kimyanı sistemli təcrübələrlə dolu elm halına gətirdiyini görən alim E. J. Holmyard olmuşdur. Elmi tədqiqatçı olan bu şəxs də Cabirin elmlər tarixində sadəcə kimyaçı kimi deyil, eyni zamanda tibb,  fəlsəfə və astronomiya alimi sifətləri ilə də xüsusi yer tutduğunu qeyd etməkdədir.

Həqiqətən də, Cabir təbiət elmləri sahəsində eksperimental metodlara əhəmiyyət vermiş və bunun vacibliyini ön plana çıxarmış, beləcə, bu üsulu bütün çalışmalarına tətbiq etmişdir. Elə buna görə də Cabir öz əsərində: “Bu kitabda eşitdiklərimizi, bizə deyilənləri və ya oxudulanları deyil, ancaq təcrübə etdikdən sonra əldə olunan nəticələrin xüsusiyyətlərini yazdıq”, – deyərək qeyd etmişdir. Bu səbəblədir ki, orta əsr kimyaçılarının hamısının Cabirin təsiri altında qalmış olmalarına da təəccüb etməmək lazımdır. Əbu Bəkr ər-Razi və İbn Sina kimi filosof və elm xadimləri onu ustad olaraq tanımış, hətta Roger Bacon belə ondan “ustadların ustadı” deyə bəhs etmişdir.

Onun kimyada açdığı cığır Priestley (1733-1804) və Lavoisierdən (1743-1794) heç də aşağı deyildir, hətta daha da mühüm sayılır. Kordano onu dünyanın 12 dahisindən biri sayır. Cabir onlardan bir neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı tədqiqatlar nəticəsində bir çox sulfat turşusu kəşf etmiş, kimyadakı yeni kəşf və ixtiraları ilə məşhur olmuşdur. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmış və çox güman ki, şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan göründüyü kimi, İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət, düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.

Atomun daxilində böyük enerji ehtiyatı olduğunu, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdad böyüklüyündə bir şəhəri alt-üst edə biləcək bir gücə malik olduğunu ilk dəfə dilə gətirən də məhz “kimyanın atası” ləqəbli Cabir ibn Həyyan (bununla da atom bombası fikrinin banisi) olmuşdur.

Buradan belə bir nəticəyə gəlmək olar ki, tarixə əfsanələrdən bəhs edən bir elm kimi baxmamağımız lazımdır. Onu yaxşı oxuyub gələcək nəsillərə çatdırmalıyıq. Biz öz köklərimizə və dəyərlərimizə sahib çıxdıqca var olacaq, ucalacaq və inkişaf edəcəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz