Elmin beşiyi ƏNDƏLÜS
“Müsəlman Əndəlüsündən bizə 30 kitab qaldı, atomu parçaladıq.
Əgər yandırılan bir milyon kitabdan yarısı qalsaydı,
çoxdan kosmosda planetlər arasında səyahət edirdik”.
Marie Curienin Otobiyografik Notlarıyla Pierre Curie
Orta əsrlərin qaranlıq çağından iztirablarla qurtulan Avropa düşüncə pəncərələrini hər kəsin üzünə bağladı. Daxilindəki çürükləri təmizləməkdən cana doyan “fikir adamları” çarəni keçmişdə nə varsa silmək və yenidən inşa etməkdə gördülər. Nəticədə birdən-birə Qərbdə elm çiçək açdı, meyvələri bəhrə verdi. Meyvələrdən şirin-şirin dadarkən ağacın yeri axtarılmağa başlandı. Orta əsri beyinlərindən silən Avropa onu axtaranlara ağacı göstərmədən kökünü təqdim etdi. Nəticədə kök və meyvə olduğu halda ağacın özü, gövdəsi və budaqları insanlara göstərilmədi. Axtarışlardan doymayan və haqlı olaraq ağacla maraqlananların sual atəşlərinə isə onun (ağacın) heç də meyvəyə təsir etmədiyini, kökün əsas olduğunu, gövdə və budaqların sadəcə meyvəni özündə qoruyub saxlayan funksiyanı yerinə yetirdiyini dedilər.
Bu təsvir Qərbin müsəlman alimləri elmin bir parçası kimi görmək istəmədiyini ifadə edir. Görülmüş işlərin üstündən xətt çəkərək heçə saymaq, elm tarixini inkar etmək, həqiqətin üstünü bağlayaraq gizlətmək düşüncəyə qarşı xəyanət etməkdir. Orta əsrlərdə xristianlığın qatı məngənəsi içində bulanıqlaşan Qərbdən fərqli olaraq Şərqdə müsəlman alimlər elmi fəaliyyətlərlə məşğul olur, əsərlər yazır, tədqiqatlar aparır, kəşflər edirdilər və bunların əksər qisminin kökünün kompleks etmədən, gizlətmədən Antik Yunan tərcümələri olduğunu qeyd edirdilər. Halbuki, müsəlman alimləri təkcə əsər və elmi kəşfləri ilə Qərbə müsbət yöndə təsir etmədi, həm də şəhər mədəniyyətini, elm və sənətin harmoniyasında dövlətçilik anlayışını, Əndəlüsü miras qoydular.
Əndəlüsün fəthindən sonra Avropada müsəlman şəhər-dövləti formalaşdı. Dövlətdə şəhər mədəniyyəti aşılandı. Əndəlüs şəhərləri memarlıq, musiqi, təhsil, təmizlik, təsərrüfat, yemək və geyim, ədəb, təhsil, bir sözlə, kübar/elit və itellektual/bilgili insan modelli şəhərlərə çevrildi. Dövrünə görə bir əndəlüslü Avropanın hər hansı bir vətəndaşına nisbətlə daha ədəbli, daha bilgili idi. Avropada məktəblər ödənişli olduğu üçün ancaq zəngin ailələrin övladları təhsil ala bilirdilər. Əndəlüsdə isə 30-a yaxın məktəb var idi ki, həmin məktəblər tamamilə ödənişsiz idi və insanların böyük hissəsi oxuyub yazmağı bacarırdılar. Kordova mədrəsəsi indiki universitet vəzifəsini və funksiyalarını yerinə yetirirdi.
X əsrdə Bağdadda kağızın emalı başladı və buradan Əndəlüsə keçdi, nəticədə Xativada kağız fabriki quruldu. Dolayısilə Avropa müsəlman şəxsiyyətlər sayəsində kağızla təmin olundu. Kağızın isə elmin sürətli inkişafındakı təsirindən uzun-uzadı danışmaq əbəsdir.
XI əsrdə əl-Zərkali Toledoda ilk rəsədxananı quraraq astronomiyanın inkişafına təkan verir və Toledo zicini (astronomik təqvim) yazır. Bundan əvvəl isə o, su saatlarını hazırlayaraq Əndəlüsdə ciddi heyranlıq oyatmışdı. XVII əsrədək onun su saatı və saatın metodundan istifadə edilirdi. Əl-Zərkali yeni astrolab hazırlayır. Həmçinin Ptlomeyin nəzəriyyəsinə əks olaraq Günəş mərkəzli arqumentlər irəli sürür. Riyaziyyatda dövrünün Evklidi adlanan Məcridini misal göstərmək olar. İdrisinin XII əsrdə yazdığı Kitab əl-Rucerdə bir sıra əraziləri gəzərək topladığı məlumatlar və özünün hazırladığı dairəvi dünya modelində xəritə yer alırdı.
Tibb sahəsində X əsrdə əz-Zəhravi 30 cildlik ensiklopedik “əl-Təsrif” əsərini yazır. O, cərrahiyyədə tibbi ləvazimatların, alətlərin təkmilləşməsinə böyük səy göstərir. Filosof kimi tanınan İbn Rüşd hüquq və tibb sahəsində onlarla əsər (əl-külliyat) yazır. Bitkilərlə müalicədə əl-Baytarın əsərlərinin rolu əvəzedilməzdir. Göz xəstəlikləri ilə bağlı yazdığı əl-Mürşid fil-Kuhl adlı əsəri ilə məşhurlaşan həkim əl-Qafiki uşaqlarda göz xəstəliklərinə xüsusi diqqət çəkir, onların qarşısının alınması və müalicə metodlarını göstərir.
İbn Firnas Qərbə kvarsdan kristal maddələrin kəsilməsi və şüşələrin hazırlanmasını göstərməklə yanaşı, musiqi, astronomiya, optika elmi ilə məşğul olur. İbn Firnas həmçinin IX əsrdə ipək və qartal tüklərindən istifadə etməklə alət düzəldərək ilk uçuş prosesini icra edən şəxsdir. Avropada ilk musiqi məktəbi məhz Əndəlüsdə Ziryab tərəfindən qurulub. Bir sıra musiqi alətlərinin təkilləşdirilməsi və Qərblə tanış edilməsi Ziryabın adı ilə bağlıdır. Fəlsəfə və düşüncədə İbn Hazm, İbn Bacə, İbn Tüfeyl və Avropanı fəlsəfə, xüsusən Aristotellə tanış edən İbn Rüşdün adlarını çəkə bilərik. Əndəlüs elmi bununla bitmir. Sadaladıqlarımız Əndəlüs elm və mədəniyyətinin sadəcə bir hissəsidir.
Qeyd etdiyimiz kimi, Əndəlüs elmi yüksək səviyyəyə çatanda Avropa bundan məhrum idi. Avropa elm dövrünə keçərkən bu alimlərin əsərlərini tərcümə etməyə başlayır. Toledo dövrün tərcümə mərkəzinə çevrilir. Əndəlüs alimləri ilə müsəlman elm adamlarını, onlarla da antik yunan alimlərini tanıyırlar. Həmin əsərləri məhz ərəb dilindən, müsəlman alimlərin xətti ilə tərcümə edirlər. Nəticədə, proses zamanı həm antik düşüncə və elmi öyrənir, həm də bu elmi təkmilləşdirən, İslamla şərəflənən alimlərin yeni ixtira və kəşflərini əldə edirlər.
ŞƏRHLƏR