“SƏN GƏLMƏZ OLDUN” VƏ “LALƏLƏR”

“SƏN GƏLMƏZ OLDUN” VƏ “LALƏLƏR”

Bakıdan bir ox kimi dümdüz şərq istiqamətinə getsəniz, ilk əvvəl qarşınıza Türkmənistan, sonra Özbəkistan, sonra da Qırğızıstanın paytaxtı Bişkek çıxar. Ondan o tərəfə keçməyin; Çin var. Orada nə yeyib nə içəcəksiniz, sevginizi necə bölüşəcəksiniz?.. Yaxşısı, buyurun qırğız elinə; beşbarmaq yeməyə, qımız və qımran (dəvə südü) içməyə.  

Bakıdan bir ox kimi dümdüz qərb istiqamətinə getsəniz, yolunuz İstanbula çıxar. Oradan da o tərəfə keçməyin; Yunanıstan var, Bolqarıstan var... Orada nə yeyib nə içəcəksiniz, sevginizi necə bölüşəcəksiniz?.. Yaxşısı, buyurun Üsküdarda cüt əzanlara qulaq asın, çörək arası balıq yeyin, Hüdayi yoxuşuna daban döyün...

Təkcə Bakıdan deyil, dünyanın harasında olursunuzsa olun, dümdüz getsəniz, yolunuz Mədinəyə çıxar. Dümdüz gedilməyən yollar Mədinəyə çatdırmaz, bundan heç şübhəm yoxdur. Bakıda Cəfərov qardaşları küçəsində can qardaşlarımız var. Məhəbbət orada bölüşülür, orada dəmlənir, orada içilir. Gözə görünməyən naqillərlə könüllər bir-birinə bağlanıb. İnternet xətləri (www) bunun yanında dünənki uşaq sayılır. Könüldən-könülə gedən yollar sərhəd və ölkə tanımır.

Cəfərov qardaşlarındakı məhəbbət ocağında adların və şəxslərin dəyişməsi əhəmiyyətli deyil. O damın altındakı qardaşlar bir yana, damın üstündə dincələn quşlar, uçan milçəklər belə bizim üçün əzizdir. Ömür bitər, yollar bitməz deyirlər. Əgər məhəbbət bitərsə, hər şey bitmiş olar. Məhəbbətin yoxluğu əsl qiyamətdir. Məhəbbət bitəndə qiyamət qopar; həm böyüyü, həm də kiçiyi.

Bişkekdə və İstanbulda nə yeyilir, nə içilir, söylədim, mehriban Bakı özünün yaddan çıxdığını zənn edib inciməsin. Bakıdan əvvəl də, qorxuram ki, Ağdaş və Əliabad inciyər. Əliabadda qozlu plov (çilov), Ağdaşda da şorçörəyi yeyilər. 1999-cu ildə müalicə məqsədi ilə evinə getdiyimiz xanım həkim sobadan yenicə çıxartdığı şorçörəyinə qonaq etmişdi, o dadı hələ də unutmamışam. Bir də həkimin çobanyastığı çayını tərif etməsini heç unutmuram; “ramaşka” demişdi, başa düşmədiyimizi görəndə əli ilə çiçəyin ləçəklərini qopardırmış kimi edərək “sevir, sevmir, sevir, sevmir” deyə izah etmişdi. Bizim “papatya” dediyimiz çobanyastığını nəzərdə tutduğunu başa düşüb gülmüşdük.

Tyanşan (Tanrı dağları) 2500 km uzunluqda dağ silsiləsidir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Çin bu dağlarla bir-birinə bağlanır. Hər səhər Tanrı dağlarının başı qarlı zirvələrini seyr etmək insana ürpəriş verir. İnsan dağların yanında necə də kiçik və gücsüz görünür. “Yer üzündə təkəbbürlənərək gəzmə! Nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən”. (əl-İsra, 37)

Yüksəklərdən Bişkekə doğru təkbaşına enirəm. “Sən gəlməz oldun” mahnısını açıram. Sən gəlməz oldun sözündən sonrasını xatırlamıram. Mənə “sən gəlməz oldun” sözü kifayət etdi. Sən gəlməz oldun dediyiniz zaman ağlınıza ilk kim gəlirsə, onu sevirsiniz, bundan heç şübhəniz olmasın. “Sən gəlməz oldun, əfəndim, biz də sənə getmədik. Səni dinləməz olduq, Səni oxumaz olduq, Səni izləməz olduq” deyə bir mahnı yazım, görəsən? Düzdür, inkar etmirəm, dinləmədim, getmədim, oxumadım, amma onu sevməkdən əsla vaz keçmədim. “Sən gəlməz oldun” deyərək şikayət etməkdənsə, “mən getməz oldum” deyərək ağlayım, heç olmasa!..

“Lalələr” mahnısı da Müslüm babanın mahnıları kimi insanın ruhunu titrədir. Azərbaycan dilini unutmağa başlayıram, sanki. Mahnı “Yazın əvvəlində Gəncə çölündə...” deyə başlayır. Ağlımdan bir anlıq Gəncə çölü deyəndə “çöl - səhra tərəfimi?” deyə düşüncələr keçdi. “Çöl” deyəndə şəhərin içi yox, çöl tərəfinin nəzərdə tutulduğunu unutmamalı idim.

Qırmızı fəsli lalələr! Qafqazları aşaraq gəldiniz; xoş gəldiniz! Sizdən İstanbul, Konya, Ədirnə, Şam, Bosniya ətri gəlir. Bu ordu Mədinədən yola çıxdı, yoxsa İstanbula, Kiçik Çamlıcaya baş çəkdi? Necə olur ki, bir lalədən belə gözəl ətir gəlir? “Vəfa” İstanbulda bir səmt adıdır deyənlər o şəhərin Səhrayi-cədid məzarlığında yatan yeriyən, danışan, təbəssüm edən, xidmət edən vəfa sahibini niyə tanımırlar? Təkcə “Bir sultan yaşardı Sultantəpədə” şeiri belə, rəhmətlik Məmməd Aslanı sevmək üçün kifayət edər, hətta artar da. Könüldən-könülə yol var deyirlər. Bu yol “yeriyən çinarlar”, döyüşən lalələr, Əliabadlı Musablar, Səməd babalar, Əmrullah dayılar və saya bilməyəcəyim onlarla insan arasında torpağın altında da davam edir. Onlar yeraltı çaylar kimidir.

Bir də yerüstü çaylar var. Yerüstü çaylar daim axmağa davam edir. Bütün dünya Nəmrudun odu olub yansa da, bu çaylar axmağa davam edər. İçinə Kövsər hovuzunun suyu qarışan bu çaylar nə quruyar, nə kirlənər, nə də suyu azalar.

Mühüm olan budur ki, hansı suyun içində haraya doğru axırsan.

Qarlı dağlar, sən gəl(əbil)məz oldun deyə həsrətlə xatırlanan böyüklər, Qafqaz İslam Ordusu, yeriyən çinarlar, Sultantəpəli sultanlar deyərkən, mən “həm ağlaram, həm gedərəm” deyən gəlin kimi yoluma davam edirəm. Ağlamaq üçün tənha, gülmək üçünsə qələbəlik olmaq lazımdır...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz