“Oxu!” ilahi əmri ilə başlayan İslam mədəniyyəti qısa bir zaman ərzində Ərəbistan yarımadasının hüdudlarından kənara çıxaraq ətraf bölgələrə yayıldı. Oxumaq və oxutmaq əsası üzrə inşa edilən məscid və mədrəsələr elm tələbələri ilə dolub-daşdı. Fərqli millətlərin, fərqli mədəniyyətlərin mənsubları İslamla boyanaraq böyük ümmətə yeni çalarlar qatdılar. Yeni fikirlər və müzakirələr təkcə dini elmlər sahəsində deyil, dünyəvi elmlərdə də fərqli cığırlar, yeni düşüncələr və hətta bu gün də dünya elmində öz təsirini itirməyən kəşflərə yol açdı.
İslam aləminin dünyəvi elmlərə töhfəsi çox müxtəlif sahələri əhatə etmişdir. Dini ayinlərin bir çoxunun səma hərəkətləri - Günəşin və Ayın görünməsi ilə bağlı olması səbəbi ilə səma elmləri, bu gün astronomiya dediyimiz münəccimlik də böyük rəvac görmüş və müdhiş bir inkişaf tempi əldə etmişdir. Bu sahə ilə maraqlanan alimlər təkcə namaz vaxtlarının və qəməri ayların hesablamaları ilə özlərini məhdudlaşdırmamış, digər səma cisimlərinin də hərəkətlərini müşahidə edərək onları öz tədqiqat sahələrinə daxil etmişlər.
İslam elm adamları sırasında səma elmləri haqda danışarkən ilk ağıla gələn və öz adını dünya elm tarixinə qızıl hərflərlə yazdıran alimlərdən biri də Nəsirəddin Tusidir (1201 – 1274). Tus şəhərində anadan olan, əslən azərbaycanlı olan alim çox təlatümlü bir həyat yolu keçsə də, ömrünün ən məhsuldar dövrünü, elmi tədqiqatlarını apardığı parlaq illərini İranda, Cənubi Azərbaycan ərazisindəki Marağa şəhərində keçirmişdir. O, filosof, astronom, riyaziyyatçı, tarixçi kimi tanınması ilə yanaşı, həm də böyük dövlət xadimi olmuşdur.
1235-ci ildə Nəsirəddin Tusi ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi-Nasiri" əsərini tamamlayır. Bu kitab yeddi yüz ildən çox müddətdə Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə olunmuşdur. Dahi alim burada İbn Sina, əl-Farabi, Aristotel, Platon və bir sıra alimlərin fikirlərinə də yer vermiş, əxlaq, tərbiyə, fəlsəfə, iqtisadiyyat, ictimai əlaqələr, ailə, icma, şəhər salmaq, ölkə dolandırmaqla bağlı fikirlərdən məharətlə istifadə etmişdir.
Bir müddət sonra İsmaili hakimiyyəti ilə aralarında yaranan narazılığa görə (Bağdaddakı Abbasi xəlifəsinə məktub yazması hökmdarın qəzəbinə səbəb olmuşdu) Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut qalasına sürgün edildi. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılara baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuş, bir çox əsərlərini bu zindanda qələmə almışdır.
1256-cı ildə monqol qoşunları Ələmut qalasını ələ keçirdiyi zaman Tusi və oradakı bir çox alim azad edilir. Hülakü xan onun qalanın təslim olmasındakı xidmətlərini və elmi qabiliyyətini öyrəndiyi zaman özünə şəxsi məsləhətçi təyin edir. Bundan istifadə edən Tusi Marağada nəhəng rəsədxana tikdirir və astronomiya ilə bağlı tədqiqatlarına orada davam edir. Hətta ilk əvvəl ona bu rəsədxananın Çində tikilməsi tapşırılsa da, Tusi ilk rəsədxananın burada – Marağada tikilməsi xüsusunda hökmdarı razı salmağa müvəffəq olur. Bağdadın Monqollar tərəfindən yağmalanması zamanı xilas etdiyi kitablarla və İslam dünyasının bir çox bölgələrindən gətirtdiyi əsərlərlə Tusi rəsədxananı zənginləşdirir. Dövrün bu sahədə tanınmış məşhur astronom və elm adamlarını Marağaya dəvət edir. Onların sırasında uzaq Çindən gələn Fau Mun Ji adlı bir astronom da vardı. Hülakü xanın vəfatından sonra da rəsədxana onun qurduğu Elxanilər dövlətinin dəstəyi ilə fəaliyyətinə davam edir. Tusi adını astronomiya və riyaziyyat/həndəsə tarixinə salan qiymətli əsərlərini bu dövrdə qələmə alır. Əsərləri latın və ərəb dillərinə tərcümə edilir. İlk dəfə triqonometriyadan müstəqil elm kimi bəhs edir. İşığın xüsusiyyətləri ilə bağlı risalələri də diqqət çəkir. “Zic Elxani” (Elxanilərin astronomik cədvəlləri) əsəri isə xüsusilə onun adını dünya astronomiya tarixinə salır.
Qurduğu rəsədxanada istifadə edilən bir çox alətlər məhz Nəsirəddin Tusi tərəfindən icad edilmişdi. Onların ən mühümü bu gün də işlənən səmt və yüksəklik ölçən “torquetum” adlı cihazdır. Tusi kainatın Yeri mərkəz alaraq tədqiq edilməsinin yanlış olduğunu ortaya qoyur və Kopernikin sisteminə gedən yolu açır. Müasir kainat həndəsəsi onun tərtib etdiyi prinsiplər üzərində qurulmuşdur.
Ümumiyyətlə, kitablarda onun 76 əsərinin adları keçir. Bunlar İslam əxlaqı, kəlam, fəlsəfə, məntiq, dövlət idarəsi, tarix kimi humanitar elmlərlə yanaşı, riyaziyyat, astronomiya, tibb, fizika (işığın sınması və əks etməsi haqda risalə) kimi dəqiq elmləri də əhatə edirdi. Ümumiyyətlə, Nəsirəddin Tusi görkəmli və çoxcəhətli alimlərdən olmuşdur. İstər öz dövründə, istərsə də tarix boyu Şərqin ən tanınmış, nüfuzlu şəxsiyyətlərindən idi. Onun görkəmli alimləri toplayaraq böyük elmi tədqiqatlara başçılıq etdiyi Marağa rəsədxana-akademiyası heç də Nizamülmülkün Bağdadda yaratdığı Nizamiyyə akademiyasından geri qalmırdı.
Görkəmli alim bir Bağdad səfəri zamanı vəfat etmiş və orada dəfn edilmişdir.
ŞƏRHLƏR