BİR AYƏ
بسم الله الرحمن الرحيم
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللهِ
“(Ey Muhamməd ümməti!) Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız...” (Ali-İmran, 3/110)
Ayədə son peyğəmbər Həzrət Muhammədin (s.ə.s) ümmətinin əsas xüsusiyyətləri vurğulanır. Bu ümmətin fərdləri Allaha iman gətirər, İslamın buyurduğu gözəl əxlaqa sahib olar, eləcə də yaxşılığı əmr edib pis işlərdən çəkindirər və orta yolu tutarlar. Bir hədisində Allah Rəsulu (s.ə.s) ümmətinin ən xeyirli ümmət olduğunu bildirmişdir. (Əhməd ibn Hənbəl, Müsnəd, IV, 408) Buna görə də Uca Allah insanlığı haqq yola dəvət etmək kimi çox əhəmiyyətli bir vəzifəni onlara tapşırmışdır.
Həzrət Peyğəmbər yaxşılığı və gözəl əxlaqi dəyərləri yaymaq və pisliklərə qarşı mübarizə aparmaq xüsusunda ümmətini xəbərdar edərək: “Nəfsimi qüdrət əlində tutan Allaha and olsun ki, ya yaxşılığı əmr edər, pis işlərdən çəkindirərsiniz, ya da Allah-Təala sizə əzab göndərər. Sonra Allaha yalvararsınız, lakin duanız qəbul olunmaz”, - buyurmuşdur. (Tirmizi, Fitən, 9) Möminin ictimai məsuliyyətini isə gözəl bir üslubla belə ifadə etmişdir: “Sizdən kim pis bir işlə qarşılaşarsa, əgər gücü çatırsa, onu əli ilə dəyişdirsin. Buna gücü çatmırsa, dili ilə dəyişdirməyə çalışsın. Buna da gücü çatmırsa, qəlbində o işə qarşı çıxsın. Bu isə imanın ən zəif dərəcəsidir”. (Tirmizi, Fitən, 11)
Cəmiyyətdəki pis işlərin və əxlaqsızlıqların təsiri ilk baxışda həmin işi edən fərdlərlə məhdud kimi görünsə də, zaman keçdikcə digər insanlar da bundan təsirlənir və onlar da həmin pis işdən öz paylarına düşəni alırlar. Bu səbəbdən müsəlman cəmiyyəti kollektiv şəkildə pis işlərə qarşı məsuliyyət daşıyır. Həzrət Peyğəmbərin aşağıdakı hədisi-şərifi bunu gözəl bir misalla xülasə edir: “Allahın qoyduğu hüdudları aşmayanlarla bu hüdudları aşanların halı eyni gəmiyə minmək üçün püşk atan bir qrup insanın halına bənzəyir. Onlardan bir qismi gəminin üst mərtəbəsinə, digər qismi isə aşağı mərtəbəsinə yerləşmişdilər. Aşağıdakılar su götürmək istədikdə yuxarıdakıların yanından keçirdilər. Aşağıdakılar: “Payımıza düşən yerdən bir deşik açsaq, yuxarıdakılara əziyyət verməmiş olarıq”, - dedilər. Əgər yuxarıdakılar bu istəklərini həyata keçirmələri üçün aşağıdakılara icazə versələr, bu zaman hamısı birlikdə suya qərq olub həlak olacaqlar. Bunun qarşısını alsalar, onda həm özləri xilas olar, həm də onları xilas etmiş olarlar”. (Buxari, Şəhadat, 30) Nəticə etibarilə, bu hədisdə də qeyd olunduğu kimi, ümmət gəmisinin mənəvi baxımdan batmaması üçün hər kəs əlindən gələni etməli, yaxşılığı əmr edib pisliklərdən çəkindirməlidir.
ŞƏRHLƏR