FİRQEYİ-NACİYƏ
İnsanı qurtuluşa çatdıran zərrə miqdarı iman bütün bidətlərdən, imansızlıqdan və hər cür küfrdən təmizlənmiş səhih (doğru) əqidədir. Bu mövzuda Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:
“Qəlbində xardal dənəsi qədər imanı olan kəs Cəhənnəmə girməz, qəlbində xardal dənəsi qədər kibir olan kəs də Cənnətə girməz”. (Müslim, İman, 147-149; İbn Macə, Zöhd, 15)
Allahın (c.c) vədi haqdır. Onun Elçisinin (s.ə.s) də sözü doğru, vədi də haqdır. Allah Rəsulu (s.ə.s) müsəlmanlar arasında bəzi zəlalət firqələrinin ortaya çıxacağını xəbər vermişdir. Belə firqələr o zamandan bəri çıxmağa davam edir və Qiyamətə qədər də davam edəcəkdir. Bir mömin İslam əqidəsini gözəl bir şəkildə öyrənib, iman əsaslarına şəksiz-şübhəsiz inanarsa, bu firqələrin fitnəsindən qurtulmuş olar. Peyğəmbərimiz (s.ə.s) bir xəbərdarlıq mahiyyətində belə buyurur:
“Yəhudilər 71 və ya 72 firqəyə bölündülər. Xristianlar da 71 və ya 72 firqəyə bölündülər. Ümmətim isə 73 firqəyə bölünəcəkdir”. (Buxari, Bədul-vəhy 1, İman, 41; Müslim, İmarət, 155; Əbu Davud, Talaq, 11)
Başqa bir hədisdə də: “Bunlardan 72-si Cəhənnəmdə, biri Cənnətdə olacaqdır. Onlar camaatdır”, (Əhməd b. Hənbəl, Müsnəd, lV; Darimi, Siyər, 75) - buyurulmuşdur.
Bu hədislərdəki firqələrdən məqsəd kimlərdir?
- Səhabə dövrünün son zamanlarında Mabəd əl-Cüheni (ölümü h.83/m.702) adlı biri çıxmış və iman əsaslarından olan “Qədər” mövzusu haqqında ixtilaf çıxarmışdır. Onun davamçıları da “qədər”i inkar etmiş və beləliklə, ilk bidət firqə olan “Qədəriyyə” firqəsi meydana çıxmışdır.
- Bu bidətçi firqələr tövhidin əsası, xeyir və şərin nə olduğu, nübüvvət və risalət məsələlərində, səhabələr haqqında artıq-əskik danışmış və bir çox həssas mövzularda əhli-haqqa müxalifət etmişlər. Bunlar bu mövzuda həddi o qədər aşmışlar ki, sonradan bir-birini küfrlə ittiham belə etmişlər.
İslam alimləri yolunu azmış, haqq yolundan çıxmış bu firqələri aşağıdakı kimi sıralamışlar:
Mötəzilə. Bunlar 20 firqədir. Bəzi fikirləri belədir: “Qul feillərinin xaliqidir, yəni insan öz feillərini özü yaradır”, “axirətdə Allah görülməyəcəkdir”.
Batini-İsmaililər. Bunlar 22 firqədir. Bunlar da mötəzilənin mənimsədiyi əksər fikirləri almaqla bərabər bəzi məsələlərdə iman dairəsindən tamamilə uzaqlaşmışlar.
Xavaric (Xaricilər). Bunlar 20 firqədir. Bəzi səhabələri küfrlə ittiham edir və böyük günah işləyənləri kafir sayırlar.
Mürciə. Bunlar 5 firqədir. Onlara görə, iman olduqdan sonra günahlar insana zərər verməz.
Nəccariyyə. Bunlar 3 firqədir. Bəzi görüşləri mötəzilə ilə eynidir.
Cəbriyyə. Onlar da insanın iradəsini inkar edirlər. Edilən bütün işlərin məcburən edildiyi inancındadırlar.
Müşəbbihə. Bunlar Allahı məxluqata, məxluqatı da Allaha bənzətməkdən çəkinməzlər.
Hədisdə “camaat” deyə ifadə edilən əhli-haqq isə imanlarında yuxarıda adları çəkilən bu bidət firqələrdən tamamilə fərqlənir.
Bidət və zəlalət əhli olan bu firqələr görünüşdə firqeyi-naciyə dediyimiz (yəni hədisdə keçən “biri Cənnətdədir” ifadəsinin müxatəbi ), Cəhənnəmdən qurtulan yeganə firqə olan “camaat”la bir olduqlarını zənn etsələr də, həqiqətdə ixlas və səmimiyyətdən çox uzaqdırlar. Səmimi bir möminin doğru-düzgün inanca sahib olmayanlardan ayrıla bilməsi üçün onların əhvalını bilməsi, görüşlərini öyrənməsi, şübhə və bidətlərdən imanını qoruması lazımdır.
On altı səhabədən rəvayət edilən bu hədislərdə Ümməti-Muhamməddən Cənnətə girəcək olan və müsəlmanların əksəriyyətini təşkil edən “camaat”dan məqsəd “əhli-sünnə vəl-camaat”dır. Nicat tapmaq üçün “camaat”ın görüşlərini öyrənmək və sarsılmaz bir imana sahib olmaq şərtdir.
Bu gün bir çox kimsələr çıxıb hədislərdə ifadə edilən “qurtulmuş firqə” bizik deyə iddia edə bilərlər. Firqeyi-naciyədən ola bilmək üçün iman əsaslarına tam inanmaq, qədəri inkar etməmək, Allahın isim və sifətlərinə inanmaq, Peyğəmbərimizi (s.ə.s) sevmək və onun əhli-beytinə (xanımlarına və övladlarına) sevgi və sayğı göstərmək, səhabələri sevmək və onlar haqqında hüsn-zənn bəsləmək, möminləri təkfir etməmək, qəbir əzabını inkar etməmək, Allahın axirətdə görüləcəyinə inanmaq kimi əqidə mövzularını öyrənib mənimsəmək şərtdir.
ŞƏRHLƏR