HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 8

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 8

Hüdayi həzrətləri buyurur:

Səbzəni yabandamı buldu sanırsan nevbahar?

Çəkdi xamsin içində neçə-neçə ərbəin!..

Çəkməyincə ərbəini ruzigar,

Ona üz göstərməmişdir nevbahar...

Hüdayi həzrətləri bu beytlərlə könüllərə belə səslənir:

“Baharın o zümrüd kimi yaşıl bitkiləri haradan əldə etdiyini zənn edirsən? Bu uğurda xamsin (qışın əlli günlük dövrü) içində neçə-neçə ərbəin (yəni qara qışın qırx günlük məşəqqətlərini) çəkdi.

Dünya ərbəin[1] çiləsini çəkmədən bahar üzünü göstərməz!..”

Ramazani-Şərifdəki bir aylıq oruc, nəfsi cilovlamaq, səbir və riyazətin ardınca bir bayram fərahlığının lütf edilməsi kimi, böyük nemət və müvəffəqiyyətlər də daim bir çox zəhmət və məşəqqətlərdən sonra gəlir.

Torpaq şiddətli qışın qar, çovğun və ayazına dözmədən baharın bərəkətinə qovuşa bilməz. Ana doğum sancısı çəkmədən övlad sevinci yaşaya bilməz. Zəhmətsiz rəhmət, külfətsiz nemət olmaz. Səbir acıdır, lakin meyvəsi şirindir. Səbrin sonu salamatlıqdır.

Könüllərə sonsuz səadət iksiri olan abi-həyatın çətin zamanlarda və çilə diyarlarında gizli olması kimi, əbədi qurtuluş yolu da nəfslərə ağır gələn məşəqqətlərlə əhatə edilmişdir.

Hədisi-şərifdə buyurulur:

“Cənnət nəfsin sevmədiyi şeylərlə, Cəhənnəm isə nəfsə xoş gələn və nəfsin arzuladığı şeylərlə əhatə edilmişdir”. (Buxari, Riqaq, 28)

Səhabələrdən Abdurrahman ibn Əvf t belə deyir:

“İslam nəfsə xoş gəlməyən çətin əmrlər gətirmişdi. Biz xeyirlərin ən xeyirlisini nəfslərin xoşlanmadığı bu çətin əmrlərlə əldə etdik. Məsələn, Rəsulullah r ilə Məkkədən çıxıb hicrət etmişdik. Nəfsimizə ağır gələn bu hicrət sayəsində bizə üstünlük və zəfər bəxş edildi. Yenə Allahın Rəsulu ilə birlikdə (sanki ölümə gedirmiş kimi) Bədrə getmişdik. Allah-Təala orada da bizə üstünlük və zəfər lütf etdi. Xülasə, biz ən böyük xeyirlərə hər zaman bunun kimi nəfsimizə çətin görünən əmrlər sayəsində nail olmuşduq”. (Bax. Heysəmi, VII, 26-27)

Ayeyi-kərimələrdə də:

“Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq var. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq var”, (əl-İnşirah, 5-6) – buyurulur.

Bu mənada, ilahi rəhmətə və əbədi səadətə nail olmaq istəyən kəs bu dünyada bəzi zəhmət və məşəqqətlərə dözüm göstərəcək. Bunu nəfsinin təzkiyəsi və mənəvi dərəcəsinin yüksəlməsi üçün vəsilə biləcək. Çünki xamlıqdan qurtulmaq çilə və iztirablara səbir etməyə bağlıdır.

Şeyx Sədi çilələrdə gizli olan rəhmət təcəllisini belə ifadə edir:

“Öd ağacı təkbaşına gözəl qoxu verməz. Lakin alovun üstünə qoyulanda ənbər kimi ətir saçmağa başlayar”.

Necə ki, bir yemək odda bişmədən yeyiləcək ləzzətli hala gəlmirsə, könül də ancaq çilələrin ocağında bişərək kamala çatar.

Dənizlə sahilin birləşdiyi yerlərdə bəzi daşlar görürük. Əsrlər boyu dəniz ləpələri döyə-döyə onları hamarlaşdırmış, qranit kimi möhkəm hala gətirmişdir. İnsanın könül dünyası da belədir. Çətinlik və məşəqqətlərə səbir göstərmək nəfsin xamlıqdan yonulmasına, mənən güc və mətanət qazanmasına vəsilədir. Bu səbəblə çilələr onları düzgün qiymətləndirə bilən arif qulların nəzərində insanı kamilləşdirən Rəbbani təcillilərdir.

Cüneyd Bağdadi həzrətləri buyurur:

“Bəla və müsibətlərə səbir ariflərin şamı, dərvişlərin dərsidir. Amma qafillər bunu idrak edə bilməzlər”.

Həqiqətən, kainat və hadisələrə daim iman və irfan üfüqündən baxa bilən möminlər həyatın acı-şirin hər imtahanından mənən karlı çıxmağı bacararlar. Əhli-dünya üçün zərər və ziyan kimi görünən və onları kədərə qərq edən imtahanlar arif möminlərin nəzərində səbir, riza və hətta şükürlə qarşılanmalı olan üxrəvi qazanc vəsilələridir. Necə ki, bir hədisi-şərifdə belə buyurulmaqdadır:

“Möminin halı həqiqətən qibtə edilməyə və heyranlığa dəyər. Çünki onun hər halı özü üçün xeyir vəsiləsidir. Bu xüsusiyyət təkcə möminə məxsusdur: Mömin sevindiyi zaman şükür edər – bu onun üçün xeyir olar. Başına bir bəla gəldiyi zaman səbir edər – bu da onun üçün xeyir olar”. (Müslim, Zöhd, 64)

Mövlana həzrətləri də bu həqiqəti təsdiq mahiyyətində insanın başına gələn müsibətləri mənəvi təkamül üçün sanki bir qənimət bilməli olduğunu dilə gətirir:  

“Ay gecədən ürkmədiyi, qaranlıqdan qaçmadığı üçün nurlandı, işıq saçmağa başladı. Gül də o gözəl qoxunu tikan ilə xoş rəftar edə bildiyi üçün əldə etdi”.

“Sənin iç dünyan müsafirxana kimidir. Sevinclər də, kədərlər də gəldi-gedərdir. Nə sevinclərə aldan, nə də kədəri özün üçün dərd bil! Qəm sevincinə mane olarsa, kədərlənmə, çünki o qəm sənin üçün sevinc və fərəh hazırlamaqdadır”.

“Ey Haqq yolunun yolçusu! Könlünə gələn hüznləri təbəssümlə qarşıla və belə dua et: “Ey mənim Rəbbim! Sən məni bəlanın şərindən mühafizə et, lakin onun vasitəsiylə gələcək lütf və ehsanlardan da məhrum buraxma! Rəbbim, lütf et ki, bəla anında da şükür edə bilim. Bəlalar keçib getdikdən sonra, niyə şükür edə bilmədim deyərək peşman olmayım”.

Haqq-Təala ən sevdiyi bəndələrini ən ağır məşəqqətlərin əhatəsindən keçirmişdir. Ən çətin imtahanlar: peyğəmbərlər, övliyaullah və Haqqa yaxınlıq dərəcəsinə görə saleh möminlərin başından keçmişdir.  

Məsələn, insanlığın görə biləcəyi ən möhtəşəm qüdrət və səltənətə nail olan Həzrət Süleyman u  bir zəllə səbəbi ilə taxtının üstündə cansız bir cəsəd kimi sərilib buraxıldı. Özünə gəlib istiğfar etdikdən sonra Haqq-Təala ona əvvəlki güc və səltənətini geri qaytardı.

Həzrət Əyyub u çox ağır imtahanlardan keçdi. Əvvəla malı-mülkü əlindən alındı. Ardından böyük bir zəlzələ nəticəsində övladlarını itirdi. Sonra da bədəni ağır bir xəstəliyə tutuldu. Əyyub u yeddi il, yeddi ay, yeddi gün davam edən bu xəstəliyi boyunca bir dəfə də olsun halından şikayət etmədi. Xanımı Rahimə Xatun ona:

- Sən bir peyğəmbərsən; duan qəbul olunur. Dua et ki, şəfa tapasan, - dedi.

Əyyub u isə:

- Allah mənə səksən il sağlam ömür verdi. Xəstəliyim isə hələlik o qədər olmadı. Təkcə bir neçə ildir ki, əziyyət çəkirəm. Allaha yalvarıb səhhət diləməkdən həya edirəm! – buyurdu.

Nə vaxt ki xəstəliyi qulluq vəzifələrini könül rahatlığı ilə əda edə bilməsinə mane olmağa başladı, o zaman Allaha niyaz etdi. Allah-Təala da onun bu müstəsna səbir və təslimiyyəti nəticəsində onda olan dərd və sıxıntıların hamısını götürdü və əvvəlki imkanlarını misli ilə geri qaytardı.

Allahın ən sevimli qulu olan Həzrət Muhamməd Mustafa r isə yetim olaraq dünyaya gəldi, anasız böyüdü. Yeddi övladından altısını öz əlləri ilə dəfn etdi. Peyğəmbərlik vəzifəsi boyunca müşriklərin əzab-əziyyətlərinə və embarqolarına məruz qaldı. Necə ki, Peyğəmbərimiz r özü haqqında:

“...Allah yolunda heç bir kimsənin görmədiyi əziyyətlərə məruz qaldım...” - buyurmuşdur. (Tirmizi, Qiyamət, 34/2472)

Kəbədə namaz qılarkən üstünə heyvan içalatı atıldı, keçəcəyi yollara tikan səpdilər. Taifdə daşa tutuldu. Uhudda yaralandı, ən seçilmiş səhabələrindən Musab bin Ümeyr və çox sevdiyi əmisi Həzrət Həmzə başda olmaqla 70 güzidə səhabəsi gözlərinin qarşısında şəhid edildi. Min bir əmək verib yetişdirdiyi qiymətli tələbələri Rəci və Bi`ri-Maunədə xəyanətlə qətliama məruz qaldı...

Yəni ən böyük çilələr Allahın Həbibi olan Peyğəmbərimiz r -in başına gəldi. Lakin çəkdiyi çilələrin heç biri Onun mətanətini və könül hüzurunu poza bilmədi. O, bütün bu çilə və iztirablar qarşısında hər daim:

“Ya Rəbbi! Sən mənə qarşı qəzəbli deyilsənsə, başıma gələn heç bir şeyə fikir vermərəm!” – deyə niyaz etdi. (Bax. İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35)

“Göz ağlayar, qəlb hüznlənər, amma biz Rəbbimizin razı olacağı sözdən başqasını dilə gətirmərik!..” – deyərək hər bir halda Allaha təvəkkül və təslimiyyət göstərdi. (Bax. Buxari, Cənaiz, 44; İbn Səd, I, 138)

“Əsas həyat axirət həyatıdır”, - deyib səbir etdi. (Bax. Buxari, Riqaq, 1)

Yenə Peyğəmbərimiz r nə qədər əzab-əziyyətə məruz qalsa da, heç vaxt halından şikayət etmədi. Gül üzündən təbəssümü, mübarək dilindən həmd-sənanı əskik etmədi. Onu heç kim  qaş-qabaqlı, çatıq qaşlı görmədi. Əksinə, O, hər zaman İslamın gülər üzünü sərgiləyərək ümmətinə bənzərsiz bir nümunə şəxsiyyət oldu.

 

Hüdayi Həzrətləri buyurur:

Bu xəbər məlumu olsun səmiin,

Şama olmaz ehtiyacı camenin.

Xaliq onun əmrin tədbir eylədi,

Zikru-təsbeh ilə təmir eylədi...

Hüdayi həzrətləri bu misralarda belə səslənir:

“Bu xəbəri dinləyənlər agah olsun ki, məscidlərin əsl ehtiyacı şam, yaxud lampalarla işıqlandırmaq deyil. Uca Yaradanımız məscidlərin əsl emar və əhya ehtiyacını zikr, təsbeh, namaz və niyaz ilə (özünə yönələn möminlər vasitəsilə) təmin etməkdədir”.

Həqiqətən, məscidlərin maddi abadlaşması kimi, mənəvi abadlaşması da olduqca mühümdür. Qurani-Kərimdəki:

“Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar”, (ət-Tövbə, 18) – ayeyi-kəriməsinin bir mənasının da camaatla namaza davam edərək məscidləri mənəvi yöndən abadlaşdırmaq olduğunu unutmamaq lazımdır.

Necə ki, zaman içində camaatı olmadığı üçün neçə-neçə məscidlər yox olmağa məhkum olmuşdur. Bunun ən böyük vəbalı da o məscidlərə yaxın ərazidə yaşadığı halda heç bir bəhanəsi olmadan camaat namazlarına getməyənlərin boynunadır.

Unutmayaq ki, bizim şanlı əcdadımız mərkəzlərdə böyük məscidlər tikdirmiş, ətrafını mədrəsə, kitabxana, aşxana, hamam, bulaq kimi müxtəlif xeyriyyə müəssisələri ilə təmin etmişdir. Mərkəzdən uzaqda olan məhəllələrdə də bir-birinə yaxın məsafələrdə balaca məscidlər tikmişdilər ki, elektrikin olmadığı o dövrlərdə müsəlman əhali gecə və sübh namazlarında camaatdan məhrum qalmasın...

Məhz əcdadımızın beş vaxt camaat namazına davam etmək xüsusunda göstərdiyi həssasiyyətə bu gün son dərəcə möhtacıq. Çünki cəmiyyət olaraq ilahi rəhmət, nüsrət və bərəkəti üstümüzə çəkmək istəyiriksə, hamılıqla Uca Allaha yönəlmək məcburiyyətindəyik.

Bu hadisə məşhurdur:

“Bu ümmətin vəziyyəti nə vaxt düzələr?” – deyə sual veriləndə istiqlal şairi Mehmed Akif bu mənalı cavabı verir:

“Cümə namazına gələn camaat sübh namazına da gəlməyə başladığı zaman!..”

Rəsulullah r beş vaxt namazın camaatla qılınması xüsusunda çox səy göstərər, məscidə girəndə əshabını gözdən keçirər, bəhanəsiz camaat namazına gəlməyənlər üçün xəbərdarlıq edərdi.

Übey bin Kə`b t belə nəql edir:

“Bir gün Rəsulullah r bizə sübh namazını qıldırdı və:

- Filankəs namaza gəldimi? – deyə soruşdu.

- Gəlmədi, - dedilər.

- Filankəs gəldimi? – dedi. Yenə:

- Gəlmədi, - dedilər. Bu zaman belə buyurdu:

- Bu iki namaz (gecə və sübh) münafiqlər üçün ən ağır gələn namazdır. Bunlarda nə qədər çox əcr və savab olduğunu bilsəydiniz, dizləriniz üzərində iməkləyərək də olsa, camaatla qılmağa gələrdiniz...”. (Əbu Davud, Salət, 47/554)

Gözləri görməyən səhabə Abdullah ibn Ümmi Məktum t:

- Ya Rəsulallah! Mədinənin zəhərli həşəratları və yırtıcı heyvanları çoxdur (Mən bu heyvanların zərər verməsindən qorxuram, məscidə gəlməyib namazımı evdə qılmağıma icazə varmı?) – dediyi zaman Rəsulullah r belə buyurdu:

- Hayyə aləs-saləh və hayyə aləl-fələhi eşidirsənsə, dayanma, məscidə gəl. (Əbu Davud, Salət, 46/553)

Yəni Rəsulullah r vəziyyət nə olursa olsun, əldəki bütün imkanlardan istifadə edərək camaatla namaza iştirak etməyin əhəmiyyətinə diqqət çəkmişdir. Müharibə əsnasında belə, lazımi tədbirləri alaraq namazın camaatla qılınması ayə ilə sabitdir.[2] Buna görə də bir müsəlman əzan oxunduğu zaman sanki həyatı dayandırıb camaatla ibadətə can atmalıdır.  

Abdullah bin Ömər t bir gün bazarda gəzərkən namaz vaxtı çatmışdı. Müsəlmanların əzanı eşidən kimi piştaxta və mağazalarını bağlayaraq məscidə getdiklərini gördü. Bundan təsirlənərək belə dedi:

- Allah-Təalanın: “O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar”, (ən-Nur, 37) – deyə vəsf etdiyi kəslər bax bunlardır. (İbn Kəsir, Təfsir, III, 306; Heysəmi, VII, 83)

Bundan savayı, camaata davam etmək imanda sədaqətin də bir nişanəsidir. Necə ki, Rəsulullah r belə buyurmuşdur:

“Bir şəxsin məscidə gəlməyə davam etdiyini görsəniz, onun imanlı biri olduğuna şahidlik edin”. (Tirmizi, İman, 8/2617)

Sırf bu gözəl şahidliyə nail ola bilmək belə, beş vaxt namazı məsciddə qılmaq üçün kifayət edən bir səbəbdir. Üstəlik camaatla namaza davam edənlərə müjdələnən lütflər təkcə bundan ibarət deyil. Necə ki, möminin məscidə gedərkən atdığı hər addım üçün bir savab veriləcəyi, bir günahının da bağışlanacağı bildirilir. Başqa bir hədisdə isə belə buyurulur: “Kim ilk təkbirinə çataraq qırx gün camaatla namaz qılarsa, ona iki təminat verilər. Biri Cəhənnəmdən qurtuluş təminatı, digəri də münafiqlikdən uzaq olmaq təminatı”. (Tirmizi, Salət, 64/241)

Qiyamət günü Allah-Təala:

- Mənim qonşularım haradadır? – deyə buyuracaq.

Mələklər:

- Sənin qonşuların kimlərdir, ya Rəbb? – deyəcəklər.

Allah-Təala da:

- Məscidlərimi abad edənlər (yəni camaatla namaza davam edənlər), - buyuracaq. (Əli əl-Müttəqi, VII, 578/20339)

Camaatla namaz xüsusunda deyiləcək son söz budur ki, hər möminin qəlbi məscidlərə bağlı olmalıdır. Çünki qiyamət günü heç bir kölgənin olmadığı o dəhşətli məkanda ilahi bir kölgə ilə mükafatlanacaq yeddi qrupda yer alan insanlardan biri “Rəbbinə qulluq edərək təmiz bir həyat içində böyüyən gənc”, digəri isə “qəlbi məscidlərə bağlı müsəlman”dır.[3]

Buna görə də, xüsusilə ümmətin gələcəyi demək olan övladlarımızı uşaq yaşlarından etibarən sevdirərək, iltifat edərək, kiçik hədiyyələr verərək namaza təşviq etməli, lakin bununla da kifayətlənməyib onları mütləq məscid və camaata da öyrəşdirməliyik. Əlbəttə, bunun üçün əvvəla özümüz onlara gözəl bir nümunə olmalıyıq. Çünki uşaqlar ata-analarının dediklərindən daha çox etdiklərini etməyə meyilli olurlar.

Hüdayi həzrətlərinin Haqq-Təalaya niyazlarından biri belədir:

يَسَّرَ اللّٰهُ الْكَر۪يمُ الْمُسْتَعَانُ

رُؤْيَتَ الْاَوْلَادِ ف۪ي دَارِ الْجِنَانِ

“Ey qullarına yardım edən, kərəm sahibi Allahım! Övladlarımızı Cənnət evində görməyi bizə nəsib və müyəssər eylə!”

Övlad ata-anaya verilən ilahi əmanətdir. Nəbəvi ifadəsi ilə uşaqlar: “könül meyvələri” və “Cənnət çiçəkləri”dir. Yəni uşaqlar Cənnətə layiq bir saflıqla dünyaya gəlirlər. Lakin ata-analar uşaqların mənəvi tərbiyələrinə laqeyd yanaşarlarsa, o Cənnət bülbüllərini – Allah qorusun – səhv istiqamətə uçurdarlar!

Ayeyi-kərimədə: “şeytanın mallara və övladlara ortaq olacağı” ifadə edilir. (Bax. əl-İsra, 64)

Mənəvi tərbiyəsinə fikir verilməyən bir övladın sırf bioloji ata-anası olmaq kifayət deyil. Əgər uşağın ruhunu şeytan və onun əlaltıları qidalandırırsa, beynini əhli-küfr bəsləyirsə, könlünü qəflət və günahlar bürüyürsə, nəticədə uşaq onların övladı olur. Nəsillər öz kimliklərindən uzaqlaşır, din və mədəniyyətlərinə yadlaşır. İstiqamətlərin ayrıldığı bu mərhələdən sonra bioloji yaxınlığın heç bir əhəmiyyəti qalmır.

Buna görə də, axirətə iman etmiş hər ata-ananı, həm özlərinin, həm də övladlarının əbədi aləmdəki məchul istiqbalı dərindən düşündürməlidir.

Bu dünyada ata-ana və övladlar, hətta dost-tanış, qohum-əqrəba, qonum-qonşu, hər kəs bir yerdə yaşayır. Amma axirətdə bir “yəvmul-fəsl”, yəni “ayrılıq günü” olacaq. Haqq-Təala Qurani-Kərimdə o böyük yol ayrıcını xəbər verir. Cənnət əhlinə:

سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَح۪يمٍ

“Rəhmli Rəbb tərəfindən onlara “salam” deyilər”, (Yasin, 58) - buyuraraq o bəxtiyar qullarını böyük bir ikram və iltifat ilə Cənnətinə dəvət edəcəyini bildirir. Həmçinin, bəlkə də eyni ailə və ya sülalədən gələn, eyni cəmiyyətdə yaşamış olan günahkarlara isə:

وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُونَ

“Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!” (Yasin, 59) buyurulacağını xəbər verir. Yəni dünyadakı bir çox zahiri bərabərliklər orada sona çatacaq. Bəlkə də, neçə-neçə ər-arvad bir-birindən ayrılmalı olacaq. Neçə-neçə övladlar, valideynlər fərqli yollara gedəcəklər. Dünyada birlikdə yaşayanların bir qismi Cənnətə, bir qismi isə Cəhənnəmə gedəcək.

Məhz həmin gün əbədi hicran acısı yaşamamaq üçün bu gün həm öz istiqamətimizə diqqət etməli, həm də balaca yaşlarından etibarən övladlarımızın mənəvi tərbiyəsi ilə yaxından maraqlanmalıyıq.

İmanlı, əxlaqlı və əsil bir nəsil yetişdirmək hər möminin dərdi olmalıdır. Həsən Bəsri həzrətləri buyurur:

“Müsəlman bir bəndə üçün uşaqlarını, nəvələrini və qohumlarını Allaha itaətkar görməkdən daha sevimli bir şey yoxdur”.

Dolayısilə ən mərhəmətli ata-analar övladının təkcə dünyəvi istiqbalının deyil, əsas həyat olan əbədi istiqbalının da dərdində olanlardır.

“Övladımın dünyəvi istiqbalı parlaq olsun, yaxşı bir işi olsun, axirətini necə də olsa həll edər” tərzində qəflət dolu düşüncə bir möminə əsla yaraşmaz.

Mərhum atam Musa əfəndi belə buyururdu:

“Övladına Allah-Təalanı və Peyğəmbərimizi öyrətməyən, sevdirməyən ata-analar onların həm dünya, həm də axirət qatili sayılırlar. Övladına dinini öyrətməyən ata-analar dünyanın ən mərhəmətsiz insanlarıdır”.

Təəssüf ki, bu gün mənəviyyat kasıblığı yaşanır. Uşaqlarının dünyəvi istiqbalını əbədi istiqbalından daha mühüm görmək qəfləti bəzi dindar ailələrə də sirayət etdi.

Müşahidə edirik; ali məktəbə qəbul imtahanlarına ata-ana da gedir. Saatlarla qapıda gözləyir. “Övladım qədər həyəcanlıyam”, - deyir. “Görəsən, düzgün yaza biləcəkmi, girə biləcəkmi?” – deyə narahatlıq keçirir.

Soruşmaq lazımdır: “Bəs yaxşı, övladının mənəviyyatı üçün nə qədər həyəcanlanırsan? Övladının dünyası üçün hiss etdiyin narahatlığı axirəti üçün də hiss edirsənmi? Bunun üçün nə qədər əmək sərf edirsən?!.”

Unutmayaq ki, övladımıza verə biləcəyimiz ən böyük hədiyyə gözəl tərbiyədir. Onlar üçün ən dəyərli miras  da axirət mirasıdır, yəni İslam şəxsiyyəti və xarakteridir. Belə bir miras qoya bilən ata-analar ömürlük təşəkkürə layiqdirlər.

Haqq-Təala övladlarımızı ibadət həvəsi içində böyüyüb boya-başa çatan saleh və salehə qullarından etsin. Onları bizim üçün sədəqeyi-cariyə və xeyrul-xələf etsin.

Ayeyi-kərimədə buyurulan: “İman əhlinin özlərindən sonra gələn, iman gətirən nəsillərini də onların yanına (Cənnətə) qoyacağıq...” (ət-Tur, 21) – müjdəsinə nail olaraq Cənnətdə sevdiklərimizlə birlikdə həşr-cəm olmağı hər birimizə nəsib və müyəssər etsin.

Amin!..

 

[1] Qırx günlük qara qış mənasında işlənən “ərbəin” ifadəsi təsəvvüfdə qırx gün müddətində çiləxanaya qapanaraq riyazət və mücahədə ilə nəfsani arzuları bərtərəf edib ruhaniyyəti inkişaf etdirmək üçün özünü ibadət və təfəkkürə vermək deməkdir. Bəzi təriqətlər nəfs tərbiyəsi və mənəvi təkamül üçün “ərbəin” və ya başqa bir adı ilə “çilə”yə girməkdən bir metod olaraq istifadə ediblər. Necə ki, beytlərində bu təsəvvüfi üsula işarə edən Hüdayi həzrətlərinin də Üsküdarın Kiçikçamlıca səmtindəki Hüdayi vəqfinin həyətində bu günə qədər ayaqda qalan bir çiləxanası mövcuddur. Nəqşi təriqətində isə müəyyən bir müddət xalqdan uzaq qalaraq inzivaya çəkilmək yerinə bütün cahanı çiləxana qəbul edərək xalq içində Haqq ilə birlikdə olmaq mənasına gələn “xəlvət dər əncümən” düsturu ilə yaşamağa üstünlük verilmişdir.

[2] Bax. ən-Nisa, 102.

[3] Bax. Buxari, Əzan 36, Zəkat 16, Riqaq, 24; Müslim, Zəkat, 91.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz