GYF mətbuat şöbəsinin əməkdaşı Dr.Abbas Qurbanov:
GYF mətbuat şöbəsinin əməkdaşı Dr.Abbas Qurbanov:
“Onların irəli getməsi üçün şərait yaratmaq lazımdır”.
İrfan: Bildiyimiz kimi, “Hər uşaq bir çinardır” layihəsi yaxında öz töhfələri ilə oxucuların qarşısına çıxacaq. Bilmək istərdik, bu layihə hansı tələbatdan qaynaqlanır?
Dr.Abbas Qurbanov: Əvvəla onu qeyd edim ki, əməkdaşı olduğum Gəncliyə Yardım Fondunun ən böyük fəaliyyət sahələrindən biri də milli-mənəvi dəyərlərinə bağlı, ali təhsilli və milli düşüncəyə sahib gənclərin yetişdirilməsidir. İllərdir fondumuz gənclərlə olan bütün toplantılarında bunu söyləməkdədir: “Bir millətin gələcəyini görmək istəyirsinizsə, onun gənclərinin nə işlə məşğul olduğuna baxın”. Günümüzdə qloballaşan dünyada gənclərin hələ uşaq yaşlarından yad təsirlərin altına düşdüyü danılmaz bir həqiqətdir. Bu məqsədlə də son 10 ildir Gəncliyə Yardım Fondu gələcəyimiz olan balacalarımıza daha çox diqqət göstərməyə başladı. Bu qayğının nəticəsi olaraq onlar üçün ibrətli və düşündürücü hekayə kitabları nəşr etmək qərarı verildi. Yeri gəlmişkən, bizim bu layihələrdə birgə işlədiyimiz İpəkyolu nəşriyyatının uşaq kitabları ilə bağlı devizini xatırlatmadan keçə bilmərəm: “Uşaq kitabları böyük qapıları açan balaca açarlardır”.
- Layihə çərçivəsində nə cür kitablara üstünlük verirsiniz?
- Uşaqları daha geniş sahədə maarifləndirmək üçün onların qarşısına müxtəlif mövzulu kitablarla çıxırıq. Bu il bizi biz edən dəyərlərimizin və elmin müxtəlif sahələrində dünyaya töhfələr vermiş şəxslərin öyrənilməsi, həyatları, necə yetişdikləri və hansı kəşfləri etdiklərini uşaqlarımıza öyrətmək və onlarda bu sahədə üfüq açmaq məqsədi ilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi (YTB) və Gəncliyə Yardım Fondunun (GYF) iş birliyi ilə “Hər uşaq bir çinardır” layihəsini həyata keçirmək qərarına gəldik. Bu layihə çərçivəsində on kitabda Nəsirəddin Tusi, Uluqbəy, İbn Bəttutə, Əhməd Çələbi, Xarəzmi, Əziz Sancar, Cəzəri, Ağşəmsəddin, Cabir ibn Həyyan və İbn Sina kimi dünyada tanınmış şəxsiyyətlər Ömər adında balaca uşağın timsalında hekayə olaraq anladılır. Kitabı oxuyan hər bir uşaq sanki o dövrə səyahət edəcək və o anları yaşamağa başlayacaqdır.
Fond olaraq indiyə kimi bu səpkidə üçüncü layihəni həyata keçiririk. Bütün layihələrimizdə nəşr edilən kitablar təmənnasız olaraq uşaqlara və ölkə ərazisindəki bütün uşaq kitabxanalarına paylanmaqdadır. Hazırlanan bütün kitablar üçün günümüz reallığını və uşaqlar üçün əlçatan olmasını nəzərə alaraq səsli versiyaları da hazırlanmış və usaqkitabi.az saytına yerləşdirilmişdir. Hətta bu kitablardan uşaqlar arasında oxu yarışmaları təşkil olunmuş, beləcə, onlarda kitab oxuma həvəslərinin aşılanmasına nail olunmuşdur.
- Əvvəlki illərdə baş tutan layihələr sonrakı layihələrə necə təkan verdi, nə kimi nəticələri oldu?
- İlk olaraq 2018-ci ildə “Kitab tutan balaca əllər” layihəsini həyata keçirmişdik. Bu layihə çərçivəsində doqquz kitab otuz min tirajla nəşr edildi. Layihənin məqsədi Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması olmuşdur. Qardaş ölkədən və Azərbaycandan olan uşaq yazarları Bakı və ətraf məktəblərdə şagirdlərlə görüşlər keçirmiş və hazırlanan kitablar onlara təmənnasız olaraq paylanmışdı.
2019-cu ildə “Kitabın işığın olsun” layihəsi həyata keçirildi. Bu layihə çərçivəsində milli-mənəvi və əxlaqi mövzularda on ayrı kitab otuz min tirajla nəşr edildi. Bu kitablar da cəmiyyətimizdə böyük rəğbətlə qarşılandı. Hətta layihələr çərçivəsində hazırlanan kitablar gözdən əlil uşaqlar üçün brayl əlifbasında da hazırlanaraq Bakı və Naxçıvandakı məktəblərə göndərilmişdir.
- Bu layihələrdən yadda qalan məqamları, təəssüratlarınızı bölüşə bilərsiniz?
- Əvvəla, balacalara kitab hədiyyə etdiyin zaman onların üzlərindəki sevinci kəlmələrlə izah etmək mümkün deyil. İndiyə kimi də kitabxanalardan əldə edərək kitablarımızı oxuyan uşaqların valideynləri bizimlə əlaqə saxlayır, öz dərin təşəkkürlərini bildirirlər. Hətta çox sevindirici bir haldır ki, bu kitabları oxuyaraq öz hekayələrini yazmağa başlayan uşaq yazarlarımız belə var. İş kollektivi olaraq ən təsirləndiyimiz anlar isə gözdən əlil uşaqlarla keçirdiyimiz o anlar olmuşdu.
- Bu layihələrin yeni nəsillərin yetişməsində sizcə nə kimi təsiri və faydası olacaq?
- Çox yerində verilən bir sualdır. Biz Fond olaraq belə düşünürük ki, hər uşaq bir çinar, bir fateh, bir ixtiraçı və ən azından özünün birincisidir. Sadəcə ona yol göstərmək, qarşısına hədəflər qoymaq, nümunə göstərmək və mətin addımlarla, qorxmadan irəliyə doğru getməsinə şərait yaratmaq lazımdır. İnanırıq ki, hazırladığımız layihələr, nəşr olunan kitablar və işlənən mövzular buna xidmət etməkdədir.
- Təşəkkür edirik, Abbas müəllim. Həm nəşriyyat olaraq, həm də Fond olaraq gələcək layihələrinizdə də uğurlar arzulayırıq.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR