ƏSHABİ-SÜFFƏ NÜMUNƏSİ

ƏSHABİ-SÜFFƏ NÜMUNƏSİ

Allah Rəsulu (s.ə.s) Məscidi-Nəbəvidə “Suffə” əhli ilə mədrəsə, məktəb və universitetlərin ilk bünövrəsini qoymuşdur. İslamda ilk tərbiyə və təhsil fəaliyyətləri Məkkə dövründə “Darul-Erkam”da başlamış, Mədinədə Məscidi-Nəbəvinin inşasından sonra da sürətlə davam etmişdir. “Məclisul-elm” deyə də adlanan bu dərslərdə Hz. Peyğəmbərin (s.ə.s) ətrafında dairə şəklində oturan dinləyici qrupuna “halqa” deyilmişdir (Buxari, Elm, 8). Bu halqalara dərs verməkdə bəzi səhabələr də vaxtaşırı köməklik göstərmişdir.

Məscidə sığınan və sayları zamanla 400-ə qədər çıxan (Kəttani, II, 232-233) Əshabi-Suffə vaxtlarının böyük bir qismini təhsillə keçirərdi. İçlərindən bir qismi sırf bunun üçün, yəni elm məclislərində daim yer almaq məqsədi ilə ticarət və əkinçilik kimi işlərdən çəkilmiş, yaxud aralarında növbələşərək davam etdirmişdir.

Məscidi-Nəbəvi həm ibadət, həm də elm mərkəzi idi. Hz. Peyğəmbər (s.ə.s) məscid-məktəb olan bu mərkəzdə əsasən şəxsən özü dərs deyər, eyni zamanda burada dərs vermək üçün müəllimlər də vəzifələndirərdi. Abdullah ibn Məsud, Übey ibn Kə`b, Ubadə ibn Samit, Musab ibn Umeyr, Əbu Ubeydə ibn Cərrah və Əbud-Dərda (r.anhum) bunlardan bəziləridir. Ubadə ibn Samit Qurani-Kərim və oxuma-yazma öyrədərkən, Abdullah ibn Sad əl-As Hz. Peyğəmbər tərəfindən “hikmət müəllimi” olaraq vəzifələndirilmişdi. Onlara söhbətlər edərək bəzi məsələlərə aydınlıq gətirirdi. (M.Hamidullah, s.768, 830)

Məscidlərdə təlim və tədris yalnız kişilərə aid deyildi; qadınlar üçün də Məscidi-Nəbəvidə ayrı bir gün təyin edilmişdi. Qadınların dini mövzulardakı yüksək savadı, onlara Hz. Ömər (r.a) kimi sərtliyi ilə tanınan bir xəlifəyə çəkinmədən etiraz edə bilmə cəsarəti vermişdir. Belə ki, Hz. Ömər mehrlərə məhdudlaşdırma gətirən qərarından bir xanımın etirazı üzərinə imtina etmişdir.

Hz. Peyğəmbərlə (s.ə.s) başlayan bu dərs halqaları fərqli elm sahələri ilə də genişləyərək əsrlərlə məscidlərdə davam etmişdir. Beləliklə, tarix boyu məscidlər elm yuvası olaraq ruh və maddənin bütünləşdiyi bir mərkəz olmuşdur.

Məscidlərdə göstərilən təhsil, təlim və tərbiyə fəaliyyətləri zamanın gətirdiyi ehtiyaclarla dil, şeir, tibb və astronomiya kimi sahələri də əhatə edərək mədrəsələrin quruluşuna öndərlik etmiş və xüsusilə də Məscidi-Nəbəvinin proqram və dərs veriliş şəkli ilə yeni elm yuvalarına model təşkil etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz