BİR HƏDİS

BİR HƏDİS

عَنْ ‌أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ‌حُجِبَتِ ‌النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الْجَنَّةُ بِالْمَكَارِهِ

            Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəhənnəm nəfsə xoş gələn, cənnət isə nəfsə ağır gələn şeylərlə örtülmüşdür”. (Buxari, Riqaq, 28)

Nəfsə hakim olub axirət həyatı üçün çalışmaq kamil və qüvvətli bir iman ilə mümkündür. Nəfsə hakim olmaq ağılı həyata hakim etmək deməkdir. Əməllərinin axirətdəki nəticələrini nəzərə alaraq hərəkət etmək ağıllı insanların davranışıdır. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə, axirət üçün özünə nə hazırladığına nəzər salsın”. (əl-Həşr, 59/18) Bu ayə ölümdən sonrası üçün tərtibli bir şəkildə çalışanların nə qədər doğru və ağıllı iş gördüklərini diqqətə çatdırır.

Nəfs nəzarətsiz buraxılarsa, nəticəsini düşünmədən xoşuna gələn şeylərin dalınca düşüb sahibini hər iki dünyada xəcil və rüsvay edər. Yuxarıda qeyd etdiyimiz hədisi-şərifdə Rəsulullah (s.ə.s) cəhənnəmin nəfsə xoş gələn, cənnətin isə nəfsə ağır gələn şeylərlə pərdələndiyini bildirir. Bu hədis nəfs ilə cihad etməyin əhəmiyyətini və onun nəticəsini çox əsaslı və düşündürücü bir şəkildə diqqətə çatdırır. Əzab yeri olan cəhənnəm nəfsə xoş gələn haramlarla bəzədilmişdir. Nəfsin istədiklərini yerinə yetirdikdə insanın gedəcəyi yer cəhənnəmdir. Nəfsin şəhvani istəklərinin dalınca düşənləri öz nəfsləri hörümçək toru kimi toxuduqları tora salaraq cəhənnəmə aparar. Odur ki, nəfsə xoş gələn şeylərə aldanmaq olmaz. Çünki arxası oddur, əzabdır.

Hədisi-şərifdə əbədi səadət yurdu olan cənnətdən də xəbər verilir. Cənnətə nəfsin gözü ilə baxdıqda ibadət, fəzilət və fədakarlıqlarla pərdələndiyi görülür. İnsanın nəfsi bu çətinlikləri qəbul etmək istəməz. Ancaq həqiqi səadət bu müvəqqəti çətinliklərə sinə gərib o pərdələri aralaya bilməkdir. Bu məqamda nəfs ilə cihad etmək çox böyük əhəmiyyət və məna qazanır. Ancaq bir şeyi unutmaq olmaz ki, nəfs ilə cihad nəfsin haqlarına deyil, həzlərinə sədd çəkməkdir.

İnsanın fitrətində qul olmaq xüsusiyyəti var. Odur ki, insan ya nəfsinə, ya əşyaya, ya mənfəətlərinə, ya da Rəbbinə qul olur. Rəbbinə layiq qul olması üçün isə insanın nəfsinin qarşısına çıxartdığı maneələri aşması, başqa sözlə, nəfsinə qalib gəlməsi lazımdır. Nəfsə qalib gəlmək isə insanın təkbaşına bacarmayacağı çətin bir iş olduğu üçün Allahdan yardım istəməyə ehtiyac var.

Nəticə olaraq, Allahın yardımına arxalanıb Rəsulullahın (s.ə.s) tövsiyələrinə əməl edərək nəfsini tərbiyələndirən kimsə qiyamət günü Allahın onlardan, onların da Allahdan razı olduğu kəslərdəndir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz