SƏYAHƏT KARVANI
Səyyah ömrü bir insan üçün seçilə biləcək ən çox macəra və yeni məlumatları özündə ehtiva edən ömürdür. Səyyah gəzər, görər, qələmə alar, kitab yazar, gördüklərini bölüşər. Dolanbac yollardan keçər, dağları aşar, ömür karvanında bu sahəyə böyük bir pay verər. Səyahət insanın axtardığını tapdığı yeganə yerdir. Çünki insan təbiəti sevər, onda rahatlıq tapar, onunla dərdləşər, onunla olan zaman özünü bir bütöv kimi hiss edər.
Dünya səyyahlıq məktəbinə öz adını yazdırmış məşhur səyyahların böyük əksəriyyəti müsəlman dünyasının mənsubları olmuşdur. Və bu səyyahların yazmış olduğu əsərlərdən indinin özündə də istifadə edilir. İslam aləminin məşhur səyyahlarının siyahısı çox uzundur: Zeynəlabdin Şirvani, Evliya Çələbi, Katib Çələbi, Piri Rəis, İbn Fadlan, Əl İdrisi, İbn Bəttutə... Hamısı haqda məlumatı buraya sığdıra bilmərik. Yenə də, onlardan bir neçəsi haqqında qısa da olsa məlumat vermək yerinə düşərdi.
İbn Bəttutə
İslam dünyasının məşhur səyyahlarından olan İbn Bəttutə başqa ərəb səyyahlarından fərqli olaraq, səyahətdə olduğu ölkələrin əhalisi, onların yaşayış şəraiti haqqında daha çox maraqlanmışdır. Təxminən 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gedən Bəttutə Misirin əsas bölgələrində olmuş, sonra Məkkəyə doğru yollanmışdır. Burada bir müddət qaldıqdan sonra Məkkədən Fələstinə səfər edən İbn Bəttutə Kiçik Asiyadan keçərək Rusiyaya daxil olmuş və Sibirə doğru yollanmışdır. Periodik şəkildə səyahət edən İbn Bəttutə Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, oradan Əfqanıstandan keçməklə Hindistana doğru istiqamət götürmüşdür. Etmiş olduğu fəaliyyətlərdən dolayı Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çinə səfər edir. Bundan sonra Mərakeşdə, Maldiv adalarında, təkrar İspaniyada, Saxarada olur və 1377-ci ildə vəfat edir.
Adını fəxr və qürur hissi ilə çəkə biləcəyimiz səyyah İbn Bəttutə orta əsrlərdə mövcud olan bütün müsəlman ölkələrində, habelə müsəlmanların hakimiyyəti altında olan ərazilərdə gəzən yeganə səyyah olmuşdur.
Ferdinand Magellana qədər bütün dövrlərin ən böyük səyyahı sayılan İbn Bəttutə müsəlman dünyasının dahi şəxsiyyətlərindən biridir. Səyyah şəxsi məlumatlarına əsasən günümüzdə də əhəmiyyət və aktuallığını itirməyən, Avropa dillərinin bir çoxuna tərcümə olunan "İbn Bəttutənin səyahətləri" əsərini yazmışdır.
Evliya Çələbi
XVII əsrin tanınmış türk səyyahı Evliya Çələbi həmçinin təmsil etdiyi ölkənin elçisi olmuşdur. Səyyah on cildlik səyahətnaməsində maraqlı və dəqiq müşahidələr, tarixi məlumatlar, dəyərləndirmələr vermişdir ki, bu da material qıtlığı səbəbilə XVI-XVII əsrlərin Azərbaycan tarixi üçün qiymətli qaynaqdır.
Evliya Çələbinin səyahət marşrutu qədim Azərbaycan torpaqları olan Urmiyadan başlayaraq Naxçıvan, İrəvan ərazisindən keçməklə Təbrizə, Bakıya qədər uzanır. Azərbaycanın bağ-bağçalarında yetişən meyvələrdən, xalqın milli adət-ənənəsinin ən incə detallarından tutmuş kəndlərin, şəhərlərin təsvirinədək hər şey bu günümüz üçün xüsusi maraq oyadır. Günümüzün özündə Evliya Çələbinin təsvir etdiyi bir çox kiçik kəndlər artıq böyük şəhərlərə çevrilmiş, bəziləri isə xəritələrdən silinmişdir.
Deyə bilərik ki, Evliya Çələbi tarixi ədib gözü ilə görür və ədib qələmi ilə yazırdı. Bu, onu və yazdıqlarını dəyərli edən əsas faktorlardan biridir. Baxmayaraq ki, səyyah yazılarını bədii dildə qələmə alırdı, amma bədiilik bu tarixi təsvir və məlumatların dəyərini zərrəcə azaltmırdı. Həm də qeyd edə bilərik ki, tarixi hadisələri obyektiv əks etdirmək nə qədər mütərəqqi bir hal olsa da, Azərbaycan-Osmanlı münasibətlərinin həssas, incə məqamlarını özündə saxlayan bu zaman dilimi bir-birindən fərqli şərh və münasibətlərə məruz qalan mürəkkəb bir dövrdür. Buna baxmayaraq, böyük bir dövlətin elçisi olaraq çıxış edən Çələbinin ölkəmiz haqqındakı qeydləri olduqca səmimi və təbiidir. Həmçinin Evliya Çələbi bir diplomat olduğuna görə vəzifə imkanları sayəsində dövrün hökmdarları, yüksək saray məmurları ilə də görüşür və məlumatları çoxyönlü olurdu.
Piri Rəis
Tanınmış Osmanlı dənizçisi olan Piri Rəisin əsl adı Muhiddin Piridir. “Piri” təcrübəli insan, ustad mənasındadır. Piri Osmanlı ordusu ilə birgə bir çox səfərlərə qatılmış, qalalar fəth etmişdir. Çəkmiş olduğu bənzərsiz dənizçilik xəritələrinə görə dünyada ad, şan-şöhrət qazanmışdır. Böyük bir dənizçi olduğu kimi, həm də böyük bir xəritəçi olan Piri Rəis səyahət edib gördüyü yerlər haqqında məlumatları qeyd etmiş və onların xəritələrini hazırlamışdır. 1511-13-cü illərdə dünya xəritəsini tərtib edərkən səyahət qeydlərini də kitab şəklində yazmağa başlamışdır.
Piri Rəisin ən tanınmış əsərləri Amerika sahillərini də əks etdirən Atlantik okeanının xəritəsi və Kitabı-Bəhriyə adlı kitabıdır. Kitabı-Bəhriyə kitabı dənizlərin sahillərindən bəhs edən, adaların xüsusiyyətlərini açıqlayan və bunlarla bağlı xəritələrlə zəngin bir əsərdir.
Piri Rəis kitabında Amerika qitəsini aşağıdakı misralarla təsvir edir:
Kangi tarihde bulundu işbu yer,
Şerh edeyim ehli tarih gör ne der.
Tarihi hicret bu idi ol zaman:
Ta sekiz yüz dahi yetmişi ol an.
İş bu tarihde bulundu ol zemin,
İsmine Antilya dediler hemin.
(hicri 870 tarixi miladi 1466-cı ili göstərir ki, bu da Kolumbun səfərindən 26 il əvvəl deməkdir)
ŞƏRHLƏR