RAMAZAN BİTSƏ DƏ...

RAMAZAN BİTSƏ DƏ...

Uca Allah bəndələrinə rəhmət və mərhəmətinin əsəri olaraq onları daim yaxşılığa, kamilliyə və fəzilətli əməllərə yönləndirməkdədir. Çünki bəşər övladı mənəvi duyğulardan uzaq qaldıqca nəfsani və şeytani hisslərə yönəlir, fitrətindəki rəhmət insanı olma xüsusiyyətini də itirməyə başlayır. Daxili aləmindəki bu xaos zaman keçdikcə ailəsinə, cəmiyyətə və bütün dünyaya yayılır. Dinin, mənəvi duyğuların nə üçün var olduğunu düşünən insanlar bu həqiqəti çox gözəl dərk edirlər.

Ramazan ayında müsbət xüsusiyyətləri, mənəvi həzləri dadan möminlər bu gözəlliklərin əldən getməsindən, yenə təkrar əvvəlki qəflət hallarına dönməkdən çox ehtiyat edərlər. Uca Allaha mənən daha çox yaxınlaşmağa, hər hallarını zikr və ibadətlə keçirməyə can atarlar. Ramazanda səhər erkəndən qalxıb o bərəkətli vaxtdan istifadə etmək, təhəccüd namazı qılmaq, oruc tutmaq, gün boyu özünü, gözünü, mədəsini, dilini, qulağını qorumaq kimi vərdişləri qazanan mömin bəndə bu gözəl əməlləri Ramazandan sonra da davam etdirməyə can atar. Zatən Ramazan ayının bizlərə hər on bir aydan bir göndərilməsinin ana məqsədi və qayəsi də budur. Ramazan yay fəsli kimi sanki qidaları yığmaq, toplamaq, tədarük etmək mövsümüdür. Necə ki, insanlar payızda, yazda səpdikləri toxumların məhsulunu yay fəslində yığıb qarşıdan gələcək soyuq və şaxtalı qış fəsli üçün tədarük görürlər, eləcə də Ramazan ayında əldə edilən təqvanı, mərhəmət duyğusunu, ac, yoxsul və kimsəsizlərin qeydinə qalmaq kimi mənəvi qidaları toplayıb bu aydan sonra gələn digər aylarda da istifadə edərlər. Əks təqdirdə Ramazan ayından lazım olan faydanı əldə etmiş olmarıq. Belə gözəl bir ifadə var: Namaz namazı bitirdikdən, oruc Ramazan çıxdıqdan, həcc isə Məkkədən geri döndükdən sonra başlayır.

Məsələn, hər Ramazanda olduğu kimi, bu Ramazanda da Qurani-Kərimi çox-çox oxuduq, demək olar, hər gün bir cüz bitirməyə çalışdıq, dost-qardaşla məscidlərdə bir yerə yığışdıq, sübh, yatsı və təravih namazlarını camaatla qılmağa çalışdıq. Yetim, yoxsul, kasıb və aztəminatlı ailələri unutmadıq, onlara qida, geyim və s. yardımlar etdik. Ramazanın sonunda on gecəni əhya edib, Qədr gecəsini ibadətlə keçirməyə önəm verdik. Bax bütün bu saydığımız əməllər əslində bizim tək Ramazan ayında deyil, il boyu edəcəyimiz xeyirli əməllərdir. Ramazan bizə insanlığımızı, mənəvi dəyərlərimizi, unutduğumuz xeyirli əməlləri, bir sözlə, Allah qarşısında necə bir bəndə olmağımızı xatırlatdı. İndi bizim vəzifəmiz bu bir ayda qazandığımız yüksək əxlaqi keyfiyyətləri həyatımızın hər anına yaymaq və yaşamaq olmalıdır.

Möminlər bu mübarək ayı yola saldıqdan və Ramazan bayramını qeyd edikdən sonra mənəvi savabı bir ilə yaymaq üçün Şəvval ayında da 6 gün oruc tutmağa çalışarlar. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Kim Ramazan ayında oruc tutsa, sonra Şəvval ayının altı gününü də buna əlavə etsə, il boyu oruc tutmuş kimidir”. (Müslim, Siyam, 234)

Başqa bir hədisdə isə belə buyurulur: “Kim Ramazan ayından sonra altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar. Kim bir yaxşılıq edərsə, onun üçün on qat savab vardır”. (İbn Macə, Siyam, 33)

Bu hədisləri belə başa düşmək olar ki, etdiyimiz hər bir savab əməl qarşılığında Uca Allah ən azı on qat mükafat verir. Bu hesaba görə, Ramazanda tutduğumuz bir ay oruc on aya, Şəvval ayında altı gün tutulan oruc isə iki aya bərabərdir. Beləliklə, Uca Rəbbimiz (doğrusunu Allah bilir) istəmişdir ki, Onun mömin bəndələri bu çətin və şərəfli sınaqdan keçərək bütün il boyu oruc tutmuş kimi yüksək fəzilət və savab əldə etsinlər. Bütün nemətləri üçün Uca Rəbbimizə həmd olsun!

Bundan əlavə, biz Şəvval orucunu tutmaqla eyni zamanda Ramazan ayında tutduğumuz fərz oruclarımızda yarana biləcək nöqsan və qüsurları da aradan qaldırmış oluruq. Hər birimizə məlumdur ki, heç bir ibadətimizi nöqsansız və qüsursuz yerinə yetirə bilmirik. İstər-istəməz hər hansı bir qüsur və nöqsan yaranır. Buna görə də Ramazan ayının sonunda Fitrə sədəqəsi vermək və eləcə də  Şəvval ayında altı gün oruc tutmaq bu mənfi halları ortadan qaldırmaqdadır.

Son olaraq onu deyə bilərik ki, Ramazan bitər, amma Uca Allaha qulluq bitməz. Qulluq həyəcanımız son nəfəsə qədər davam etməlidir. Uca Allah buyurur: “Sənə ölüm gəlib çatana qədər Rəbbinə ibadət et”. (əl-Hicr, 99) Nə xoş o insanın halına ki, həyatını Ramazan kimi yaşaya, son nəfəsi də Bayram ola!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz