Təbiblərin ustadı, kimsəsizlərin pənahı ZƏHRAVİ

Təbiblərin ustadı, kimsəsizlərin pənahı ZƏHRAVİ

Şanı uca olan Allahın (c.c) mübarək təqdiri ilə VI əsrdə bəşər tarixinin gedişatına silinməz izlər buraxan böyük bir insanın, müəllimin, ailə başçısının, dövlət xadiminin və ən əsası Adəm övladlarına əbədi qurtuluş imkanlarını təqdim və təlim edəcək bir peyğəmbərin gəlişi ilə dünya zülmət qışından ayılaraq maddi və mənəvi inkişaf baharına qədəm qoydu. İslama qədərki dinindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq hər bir insanın mənəvi kimliyinə İslamın əmsalsız əxlaq, elm, irfan və üstün bir mədəniyyət nişanələrini yükləyərək tarixdə bənzəri olmayan sosial və siyasi fəzilətlər mədəniyyətini ərsəyə gətirmə qəhrəmanlığına imza atan Rəsulullahın (s.ə.s) tükənməz irsinin günümüzə qədər davam edən bütün insani dəyərlərin təməlində durması İslamın bütövlüyünün qorunmasına rəvac verən önəmli amil olmuşdur.

İslam tarixinin xüsusən VII-XIII əsrləri əhatə edən “Qızıl dövrü” dünyəvi elmlərin inkişafında görünməmiş yüksəliş mərhələsinin yaşandığı zaman kəsiyi olmuşdur. O dövrün günümüzü aydınladan və xidmətlərindən bu gün də istifadə edilən bənzərsiz simalarından biri də Qərb aləmində Əbül-Qasis kimi tanınan məşhur təbib Əbül-Qasım əz-Zəhravidir. Ərəb xilafətinin müasir İspaniya ərazisində yerləşən o zamankı Əndəlüs vilayətinin Qurtuba (indiki Kordova) bölgəsində 936-cı ildə dünyaya göz açan Zəhravi həzrətlərinin dünya tibb mədəniyyətinə verdiyi töhfənin misli yoxdur. Onun tibb sahəsindəki nailiyyətlərini bu şəkildə sıralamaq mümkündür:

  1. Zəhravi həzrətləri dünya tibb tarixində ilk dəfə əməliyyat tikişlərini icra etmək üçün bədən tərəfindən sonradan sorulan, heyvan mədəsinin toxumalarından hazırlanmış təbii sapdan istifadə etmişdir.
  2. Doğumun asanlaşdırılması üçün müəllifi olduğu xüsusi tutqaclardan ilk dəfə istifadə edən Zəhravi, bununla o zamanlar yayğın olan ana və uşaq ölümlərini əhəmiyyətli ölçüdə azaltmağa müvəffəq olmuşdur.
  3. Boğaz badamcıqlarının xaric edilməsi üçün dili tutan qarmaq və xüsusi qayçı ilk dəfə Zəhravi tərəfindən hazırlanmış və tətbiq olunmuşdur.
  4. Əməliyyat zamanı yerli və ağız yolu ilə keyləşdirmə texnikası, qadınlarda döş xərçəngi ilə əlaqədar əməliyyat yolu ilə döşün götürülməsi, sidik kisəsindəki daşların bölünmə metodları, aşağı və yuxarı ətrafların əməliyyatla xaric edilməsi zamanı sümüklərin effektiv şəkildə fiksə edilməsi metodları Zəhravinin çalışmalarıdır. Qeyd edək ki, Zəhravi həzrətlərinin bir çox tibbi yenilikləri bu gün başqa adlarla reklam edilməkdədir. Belə ki, doğumun asanlaşdırılmasına xidmət edən “Valher vəziyyəti” və çiyin oynaqlarının düzəldilməsində istifadə edilən “Koher metodu” Zəhravinin çalışmalarıdır. Böyük təbibin dünya tibb mədəniyyətinə bəxş etdiyi ən sanballı töhfə qələmə aldığı 30 cildlik “ət-Təsrif Limən Acizə anit-Təlif ” ensiklopediyasıdır. Ayrıca, onun Avropa cərrahiyyəsinin təməli hesab edilən “Təlif” əsəri 2 cild və 900 səhifədən ibarətdir.

 Oxucuları, yəqin ki, bir sual düşündürür: Müasir tibb mədəniyyətinin bugünkü vəziyyətə gəlməsində danılmaz əməyi olan Zəhravi həzrətlərini yetişdirən mühitin özəlliyi nədən ibarət idi? Dünya və İslam tarixində ilk dəfə 859-cu ildə iki müsəlman qadın Fatimə və Məryəm əl-Fihri tərəfindən əsası qoyulan əl-Qaraviyyin universiteti dini və dünyəvi elmlərin təkcə müsəlmanların deyil, həm xristian, həm də yəhudi mənşəli gənclərin cəlb edilməsi ilə tədris edildiyi ali təhsil müəssisəsi idi. O dövr üçün görünməmiş elmi potensialın, tələbə və müəllim heyətinin, ali təhsil prinsiplərinin mükəmməl işlənməsi ilə dünyaya səs salan bu təhsil ocağının yetirmələri dünya tarixində yenə də bir ilkə imza ataraq 872-ci ildə  Qahirə şəhərində Əhməd ibn Tulun adına müalicə mərkəzini, reanimasiya mərkəzini və ilk dəfə psixi xəstəliklərin müalicəsi mərkəzini özündə birləşdirən, irqindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq hər bir xəstəni qəbul edən xəstəxananın təməlini qoydular. İllər sonra bu məşhur tibb müəssisəsinin zəngin arxivlərində məhsuldar çalışmalar aparan və islami elm mərkəzlərinin əməli bilik xəzinəsindən maksimum yararlanan Zəhravi həzrətləri dünyada istifadə əmsalı əhəmiyyətli ölçüdə olan 30 cildlik “ət-Təsrif” adlı  Təbiblik Mərifətnaməsini bəşəriyyətə bəxş etmiş oldu.

İngiliscə “self-made men” kimi səslənən və  “mənim haqqımda əməllərim danışsın” kimi fərqli mənalar ehtiva edən bu ifadə qloballaşma siyasətinin aparıcı siması olan Bill Qeytsə aid edilməkdədir. Lakin məsələ burasındadır ki, Qərb dünyasının mənimsədiyi bu ifadə də İslam və dünya tibb tarixinin bənzərsiz siması olan təbib Əbül-Qasım əz-Zəhraviyə aiddir. “İnsan üçün yalnızca çalışmasının qarşılığı vardır!” (ən-Nəcm, 39) həqiqətinə varlığını təslim edərək Rəbbimizin izni ilə təbiblərin ustadı və ehtiram bəslədiyi kimsəsizlərin pənahı olma etimadına layiq görülən Zəhravi həzrətlərinin zəngin həyat salnaməsi hər yönü ilə quran, yaradan və həyat verən İslam mədəniyyətini etibarlı şəkildə təbliğ edən iftixar nümunəsidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz