ELM VƏ DUA
Budəfəki mövzumuz tibb və psixologiya elmi ilə dua arasındakı münasibət və bu nöqteyi-nəzərdən duanın xəstəyə təsiri haqqında olacaqdır. Qurani-Kərimdə dua mövzusunda belə buyurulur: “Duanız olmasaydı, nə əhəmiyyətiniz olardı?!” (əl-Furqan, 77)
Çoxlarınız Allah-Təalanın adlarını zikr edən, Ona yalvaran ağsaqqallarımızı, ağbirçəklərimizi, yəqin ki, görmüsünüz. Onların o rahat davranışları, səmimiyyəti, həlim söhbətləri, heç şübhəsiz, o dualarla, yalvarışlarla birbaşa əlaqəlidir. Dua etmək bir zamanlar təkcə dini ritual sayılsa da, bu gün artıq yeni məna kəsb etməkdə, müalicə vasitəsi kimi tanınmaqdadır.
Duanın təsir gücünü araşdıran mütəxəssislər heyrətamiz nəticələr əldə ediblər. Kliniki araşdırmalar, insanlar üzərində aparılan təcrübələrlə duanın həm dua edənə, həm də dua edilən şəxsə müsbət təsir göstərdiyi artıq mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Duanın pozitiv təsirini kəşf edən klinikalar, tibbi mərkəzlər və dərman istehsal edən şirkətlər indi duanı müasir tibb elmi ilə birləşdirməyin yollarını axtarırlar. Artıq toplaşaraq xəstə üçün dua etmək, Allaha yalvarmaq Qərbdə qəbul edilmiş gərəkli müalicə üsulları sırasında yer almaqdadır. Tibb müəssisələrində həkimlərin və eləcə də digər tibb işçilərinin toplaşaraq xəstə üçün dua etməsi də sürətlə yayılmaqdadır. Mütəxəssislərin söylədiklərinə görə, bu cür toplu duaların xəstəyə müsbət təsiri daha çox olur.
Duanın insana fiziki təsirini araşdıran alimlərdən biri belə deyir: “Dua edərkən insanın vücudunda və beynində ciddi dəyişikliklər meydana gəlir. Davamlı şəkildə və mütəmadi olaraq ibadət edən insanların qan təzyiqi digərlərinə nisbətən daha sağlam, yəni normasında olur. İbadət edən adamlar başqalarına nisbətən daha az stres və əsəbi gərginlik keçirirlər. Dua və ya ibadət əsnasında orqanlar rahatlanır, beyin isə bir qədər böyüyür”.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, xəstələr üçün dua etmək sağalma müddətini tezləşdirdiyi kimi, ümumi mənada xəstəliyi də azaldır. Yəni həm dua edən, həm də dua edilən insan bu yalvarışdan fayda görmüş olur. Hətta bu gerçəkdən xəbərdar olan bəzi ölkələrdəki insanlar bir yerə toplaşaraq dua klubları təşkil etməyə başlayıblar. Həmin ölkələrdə hər hansı bir problemlə qarşılaşan, səhhətində ciddi çatışmazlıq hiss edənlər həkimlə yanaşı, həm də həmin dua klublarına müraciət edirlər. Mütəmadi olaraq ibadət və dua edənlərin erkən ölüm faizinin dindar olmayanlarla müqayisədə 25 faiz az olduğu bildirilir. Dua edən bir xəstənin ürək əməliyyatından sonrakı yaşama müddəti dua etməyəninkindən 30 faiz artıq olur. Bəzi araşdırmalar, xəstə və dua edən bir-birilərini tanımasa belə, duanın yenə də şəfavericilik qabiliyyətinin olduğunu təsdiq edir. Bir çox elm adamı, teoloqlar və beyin üzrə mütəxəssislərdən təşkil olunmuş qrup iki il araşdırma apardıqdan sonra onların “Niyə bəzi insanların inancı güclü, bəzilərininki zəifdir? İnancın orqanizmdəki ağrı-acıya təsiri nədən ibarətdir?” sualına verdiyi cavab, həqiqətən də, çox inandırıcıdır: “Stres orqanizmin müqavimət gücünü aşağı salır. Beləcə, insan müqavimətini itirdikcə yad təsirlərin əsirinə çevrilir. Məhz stresə girən, depressiya vəziyyəti yaşayan insanlar daha çox xəstələnirlər. Dua və dini həyat tərzi isə stres faizini xeyli aşağı salır”.
Dua sadəcə xəstələr üçün və ya xəstəlik zamanında deyil, həyatın bütün məqamlarında edilməlidir ki, orqanizmdə immunitet halını alsın, vərdiş halına gəlsin. Bu zaman insanda həm mənəvi, həm də fiziki güc mənbələri formalaşır.
Qurani-Kərimdə və eləcə də hədisi-şəriflərdə də dua mövzusuna böyük əhəmiyyət verildiyi hər birimizə məlumdur. Həmçinin Peyğəmbərimizin (s.ə.s) oxuduğu duaların müsəlmanlar tərəfindən təkrarlanmasının çox böyük faydaları olduğunu hər bir müsəlman yaxşı bilir.
Ümumiyyətlə, insan dindardırsa, deməli, Allaha inanır, Onun varlığını və birliyini qəbul edir, başına gələn işlərin Allah-Təala tərəfindən yazılmış bir qədər olduğunu dərk edir. Onu da anlayır ki, bütün bunlarla ilahi bir sınaq içindədir. Bu sınağa qarşı verəcəyi reaksiya onun üçün savab və ya günah olaraq yazılacaqdır. Əsas məsələ də elə bu anlayışı qəbul etməkdir. Bundan sonra insanda yeni bir güc mənbəyi açılır. İman adlanan həmin güc insana həm maddi, həm də mənəvi baxımdan çox böyük faydalar gətirir.
Biz dinimizdən gələn gözəllikləri yaşaya bilsəydik, heç şübhəsiz, bu gün dünyada öncül mövqedə olardıq. Amma təəssüflər olsun ki, bizə tövsiyə olunan və yaşaya bilmədiyimiz gerçəklər bu və ya digər şəkildə qeyri-müsəlman dünyasında yüksək səviyyədə araşdırılır, öyrənilir.
Nəticə olaraq, bunu unutmayaq: dua bizim üçün çox önəmlidir. Peyğəmbərimizin (s.ə.s) də buyurduğu kimi: “Dua ibadətin özüdür”. (Tirmizi, Dəavat, 1/3371)
ŞƏRHLƏR