GÜCƏ HÖKM EDƏNLƏR

GÜCƏ HÖKM EDƏNLƏR

           İslam dünyasının yetişdirdiyi alimlərin bütün sahələrdə olduğu kimi, hərb elmində də dünyaya böyük töhfələri olmuşdur. VII əsrə qədər qəbilələr şəklində yaşayan, oxuma və yazmanın yox dərəcəsində olduğu Ərəb yarımadası İslamın doğuşundan qısa müddət sonra Bizans və İran kimi böyük imperiyaların hesablaşdığı, bütün elmi sahələrdə bəşəriyyətə işıq tutan, öz yarımadasının hüdudlarına sığmayan nəhəng bir dövlət halına gəldi. Bu mədəniyyət Hz. Peyğəmbərin: “Sabah öləcəkmiş kimi axirət, heç ölməyəcəkmiş kimi dünya üçün çalış”, - sözünə əsaslanaraq, belə demək mümkünsə, bu şüarla həm insanların əxlaqi yöndən kamilləşməsinə, həm də dünyəvi olaraq inkişafına təkan vermişdir.

            Ənfal surəsində: “Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atlar hazırlayın!” ayəsi ilə Allah-Təala müsəlmanların düşmənə qarşı hər cür tədbir almasını əmr edir. O dövrdə müharibədə atlar böyük rol oynadığı üçün ona işarə edilmişdir. Bu gün isə  atların əvəzinə ən müasir silahlarla, lazer, kiber, radio dalğaları, ultrasəs və bionik texnologiyalar əsasında hazırlanmış hər cür texniki vasitələrlə düşmənə qarşı hazırlıqlı olmağı anlamalıyıq. Hətta Hz. Peyğəmbər ayədə  keçən “qüvvə” kəlməsini “atış” olaraq təfsir edərək sanki gələcəkdə müharibənin qədərini dəyişəcək bu kimi silahlara işarə etmişdir. Bu gün uzaqdan idarə olunan və bir qitədən digər qitəni vura biləcək uzaq mənzilli silahların nə qədər əhəmiyyətli olduğu daha yaxşı anlaşılmaqdadır.

Məsələn, müasir silahların təməlində barıt mühüm yer tutur. Bu da bir gerçəkdir ki, barıtın Qərbdə bilinməsinin səbəbi, Əndəlüs müsəlmanları olmuşdur.  

Tarixçi Rəşidüddin öz əsərində 1270-ci ildə Monqol xanı Kubilayın yardım tələbi üzərinə misirli Əbubəkir, İbrahim və Muhamməd qardaşlarının mərmi atacaq böyük mexanizmlər düzəltdiklərini qeyd edir.

Cabir ibn Həyyan Atom bombası fikrinin ilk mucidi və kimyanın atası sayılır. O, atomun parçalana biləcəyini hələ 1200 il bundan əvvəl demişdi.

Tarixdə ilk dəfə minaatan (havan topu) Fateh Sultan Məhməd Xan tərəfindən İstanbulun fəthində kəşf edilmiş və İstanbulun alınmasında bu silahdan səmərəli istifadə olunmuşdur. Bilindiyi kimi, top, mərmisini düz atdığı üçün gücləndirilmiş qalaların qarşısında müsbət nəticə vermirdi. Ancaq Fateh Sultan Məhmədin təqdim etdiyi bu yeni top düz yox, yuxarıdan aşağı düşdüyü üçün qalanın içindəki düşmənlərə böyük tələfatlar verdirirdi. Buna görə də İstanbulun fəthində minaatanın əcdadı sayılan bu topların böyük payı olmuşdur.

Bayramoğlu Əli Ağa qələmə aldığı “Ümmül-Qəza fi tədbiril-Hərb və Ləvazimiha” adlı kitabında hərb sənəti və ləvazimatından, özünün icad etdiyi silahlardan bəhs edir. Bəhs etdiyi silahlardan biri də qala mühasirəsində istifadə olunan və tamamilə öz icadı olan “tulumba” adlı raketdir. Bu silah ilk icad edilən raketlər arasında göstərilir. O, əsərində yeni icad edilən silahları rəsmləri ilə göstərməkdədir.

Müsəlmanların tətbiq etdiyi, dünyaca məşhur döyüş strategiyaları da dünya hərb tarixində mühüm yer tutur. Bunların başında Qurd Tələsi və ya Hilal taktikası gəlir. Bu taktikada düşmənlə qarşılaşan mərkəzi birlik planlı şəkildə geri çəkilərək düşmənə özlərini təqib etdirir. Bu arada sağ və sol cinahdakı birliklərlə qısa müddətdə düşmən ordusu mühasirəyə alınır. Mərkəzi birlik isə düşmənin gözləmədiyi bir anda geri dönərək vurucu həmlələrini edir.

İldırım sürətli taktikada da müsəlmanlar mahir olmuşlar. Bu taktika xüsusi ilə özündən bir neçə dəfə böyük qüvvə ilə qarşılaşdıqda tətbiq edilir. Burada məqsəd say çoxluğu və ağır zirehləri səbəbilə ləng hərəkət edən düşmən qarşısında sayı az  və yüngül silahlı, manevr qabiliyyəti yüksək olan ordu ilə qəfil hücum edərək düşməni məğlub etməkdir.

İslam ordusunun taktikalarından biri də “Vur-qaç” taktikası olub. Adından da anlaşıldığı kimi, bu taktika özündən böyük ordunu zəiflətmək, əsgərlərini qorxutmaq və yormaq məqsədi ilə gözləmədikləri bir anda sağdan, soldan sürətli şəkildə hücuma keçib, ağır tələfatlar verdikdən sonra yenə eyni sürətlə geri çəkilməkdir. Bu minvalla əvvəlcə düşmən psixoloji baxımdan sarsıdılır, sonra da ani hücumla nə olub bitdiyini anlayana qədər məğlub edilir. Sayları özündən qat-qat çox olan Çar Rusiyasına qarşı Şeyx Şamil daha çox bu taktika ilə həm 20 il vuruşmuş, həm də bu müddət ərzində on minlərlə işğalçı rus əsgərini məhv etmişdir. Bu mənada Liviyanın əfsanəvi qəhrəmanı Ömər Muxtarı da misal göstərə bilərik. Bu taktikanın təkcə quruda deyil, dənizdə də tətbiq edildiyini görməkdəyik. Osmanlının “dəryalardakı qılıncı” ünvanına sahib olan Barbaros Hayreddin paşa bu taktika ilə özündən üç dəfə böyük xaçlı birliklərinə qarşı parlaq zəfərlər əldə etmişdir.

           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz