UZUNQULAQ HAQQINDA SƏNƏDLİ FİLM
Bir insan niyə birdən-birə uzunqulaq haqqında sənədli film seyr edər? Timsahı, aslanı, fili başa düşmək olar; onları dünya gözü ilə görmədik. Bəs uzunqulaq? Atalar sözündə, mahnılarda, kənd yerlərində tez-tez uzunqulaqla rastlaşırıq. Barış Mançonun “Arkadaşım eşşək” adlı mahnısını misal verməyimə ehtiyac yoxdur. Gah eşşək deyirik, gah da uzunqulaq. Bəzən anqırması, bəzən inadı, bəzən gözləri, bəzən də yol və istiqamət tapması gündəmimizi məşğul edir. Həm özü, həm də onun haqqında deyilən sözlərlə uzunqulaq hər zaman yaxınlığımızda olub. Qəzəbə tuş gələn insana “eşşək” deyənlər də yenə onun yoxluğunu doldurur.
Çoxdandır Türkiyənin xəbər kanallarına baxmırdım. Keyfiyyətli proqramları tənzih edirəm, adətən fətva hökmü ümumi olaraq verilir. Xətirlərinə dəyməsin, amma xəbər dilinin xəstəlikli olduğunu düşünürəm. Bu kanallara baxan insanın ruh sağlığı qaydasında olmaz. Yuxu nizamı pozular, psixoloji narahatlıqları olar, ailə həyatı və iş həyatında problemlər yaşayar. Həyat daimi təşviş, narahatlıq və qorxu içində yaşana bilməz ki! Bədən qısa müddətli radiasiyaya məruz qalsa, buna müqavimət göstərə bilər. Amma daimi radiasiya olarsa, immunitet sistemi nə etsin? Əvvəl-axır iflas edər. Verilən xəbərlər və xəbər dili elə bil immunitet sistemini məhv edərək insanı çökdürmək üçün hazırlanıb. Bir adama qırx gün dəli desən, dəli olar, deyirlər. Bəs yaxşı, hər gün qorxu və narahatlıq dolu xəbərlər izləyən adam qırx gün sonra nə hala düşər?
Bəzilərinin “pandemiya”, bəzilərinin də “plandemiya” dediyi bir dövr arxada qaldı. Həmin dövrdə qırğız qardaşlarımla bir yerdə olduğum üçün xüsusi olaraq şükür səcdəsi etməliyəm. Maska taxmadılar, peyvəndə əhəmiyyət vermədilər, bir yerə yığışanlara mane olmadılar və heç bir şəkildə heç kəsə “maska tax, peyvənd vurdur” deyə təzyiq göstərmədilər. İnsanlar bir yerə yığışanda peyvənd və ölümlər haqqında fəlakət ssenariləri qurmadılar. O dövrdə qrip olmuşdum. Məcburən mağazaya getməli idim. Mağazadakı qırğız qardaşa yaxınlaşmadan “uzaqda dayanım, deyəsən qrip olmuşam” dedim. “Heç nə olmaz”, - dedi, əlini uzatdı. Mən əlimi yumruq elədim ki, yumruq toqquşduraq. “Əlini aç, xoca, xəstəlik əldən yoluxmaz, hər şey Allahdandır”, - dedi. Bu dərsdən sonra naəlac əl verib görüşdüm.
Evimdə televizor olmadığı üçün bəzən internetdən türk xəbər kanallarına baxıram, nə var, nə yox... Tanınmış kanallardan birinə girəndə qarşıma belə bir xəbər çıxdı: “İstanbulda COVİD reanimasiya şöbəsində peyvəndin yayğınlaşması səbəbi ilə təkcə bir xəstə qaldı”. Arxasına baxmadım. Peyvənd səbəbi ilə COVİD hadisələri azalıbmış. Peyvəndə iman edənlərin imanında heç bir sarsılma yoxdur. Peyvənd səbəbi ilə korona xəstələri bitdi xəbərindən sonra dərhal kanalı dəyişdim; canım sıxılmışdı. Öz-özümə: “Bu xəbər kanallarına baxmaqdansa, uzunqulaq haqqında sənədli filmə bax”, - dedim. Ən az peyvənd etdirən ölkələrdən biri olan Qırğızıstanda ölüm səviyyəsi çox aşağı idi.
Bir az sonra “Bu xəbər kanallarına baxmaqdansa, uzunqulaq haqqında sənədli filmə bax” sözü yadıma düşdü. Xəbər kanallarına baxmıramsa, heç olmasa sənədli film kanallarına baxım. 41 dəqiqəlik bir film tapdım və gördüm ki, uzunqulağı düzgün tanımamışam, ya da düzgün tanıtmayıblar. Uzunqulaq pis davranışa, pis sözə reaksiya verərək inad edirmiş. Keyimiş kimi bir yerdə dayanıb qalırsa, səbəbi də vaxtilə o yerdə döyülməsi, yaxud söyülməsi imiş. Uzunqulağın duyğusal yaddaşı çox güclü olurmuş. Onların baxımı ilə məşğul olan təxminən əlli yaşlarında zootexnik qadın işini sevərək yerinə yetirir, heyvanları sığallayır, öpür və qoxlayırdı. Onlar haqqında olduqca yaxşı sözlər deyirdi.
“Eşşək nə bilir zəfəran nədir” deyirlər. Zəfəranın nə olduğunu bilməyə bilər, amma nəvazişlə rəftarı başa düşür. At sahibinə görə kişnəyər, eşşək də sahibinə görə ya inad edər, ya da başqa cür reaksiya verər. Sevgi və mərhəmət dili təkcə insana deyil, eşşəyindən aslanına qədər hər canlıya, çiçəklərə və hətta daşlara da təsir edər.
Uzunqulaqların riza halında olduğunu gördüm. Hamısında xoş bir məmnuniyyət və halından razılıq vardı. İnsandan başqa yaradılan hər varlıq halından razıdır. Tikan gül olmağa, pişik it olmağa çalışmaz; nədirsə, o olar, onu yaşayar. Bəs insan? İnsan niyə insan ola bilmir?!
Sığınacaqda saxlanan yüzdən çox uzunqulaq bir-biri ilə qardaş kimi dolanır. Bir evdə olan bir neçə nəfər, istər uşaq olsun, istər böyük, niyə dava-dalaş edir, niyə küsür, boşanır?..
Qismətimizdə Ramazan ayının mübarək saatlarında uzunqulaq haqqında sənədli filmə baxmaq da var imiş. O da Allahın ayələrindən bir ayədir. Allah sübhandır. Fast-food qədər zərərli xəbərlər, bataqlıqdan fərqsiz sosial media kanalları yerinə uzunqulağından ilanına, çiçəyindən ulduzuna kimi Allahın saysız ayələri izləməyimiz, oxumağımız, düşünməyimiz üçün bizi gözləyir...
ŞƏRHLƏR