PEYĞƏMBƏR OCAĞINDA
Hicrətdən üç il əvvəl idi. Müsəlmanlar Məkkədə Qureyşin ağır blokadası şəraitində ayaqda qalmağa çalışır, imanlarında zəifliyə düşməmək, səflərində itkiyə yol verməmək üçün bir-birinə qol-qanad olmağa səy göstərir, hər bir kiçik sevindirici hadisəni böyük bir ilahi lütf kimi həsrətlə gözləyirdilər. Belə bir məqamda Həzrət Peyğəmbərin (s.ə.s) əmisi Həzrət Abbasın (r.a) evindən şad bir xəbər yayıldı: övladı dünyaya gəlmişdi. Anası - Həzrət Xədicədən sonra imanla şərəflənən ilk müsəlmanlardan olan Lübabə xatun ərindən xahiş etdi ki, onu Hz. Peyğəmbərin yanına aparsın, xeyir-duasını alsın. Hz. Abbas xanımının istəyini yerə salmadı, uşağı qucağına alıb Rəsulullahın yanına getdi.
Rəsulullah (s.ə.s) qundaqdakı körpəni görəndə üzündə yerlə göy arasını dolduran böyük bir təbəssüm yarandı, çöhrəsində güllər açdı. Məsum baxışlı bəxtəvər körpənin gülən gözlərinə baxıb sanki yüksək istedadını fərq etdi. Körpəyə “Abdullah” adını verdi, ağzına çeynənmiş xurmadan bir nəsib qoydu, gələcək həyatı üçün xeyir-dua etdi. O bəxtəvər körpə həmin nur çeşməsinin həndəvərində boy atıb böyüdü, bütün ümməti-Muhammədin bəhrələndiyi elm dəryasına çevrildi.
Hicrətin səkkizinci ilində anası ilə Mədinəyə hicrət edən Abdullah - Peyğəmbərimizin zövcələrindən Məymunə anamız onun xalası idi - Peyğəmbərimizin evinə rahatlıqla girib-çıxar, tez-tez qonaq gedər, bəzi gecələr orada qalar, hər fürsətdə yanında olmağa çalışardı. Balaca olmasına baxmayaraq ev işlərində xalasına kömək etməyə çalışardı. Peyğəmbərimiz də əmisi oğlunu çox sevər, balaca qonağının tez-tez gəlişindən məmnunluq duyardı. Abdullah Peyğəmbərimizlə gecə namazına qalxar, ümumiyyətlə, hər bir davranışına diqqət yetirərdi. Peyğəmbərimiz onun üstün zəkasını və səmimiyyətini görür, mükəmməl bir səhabə kimi yetişməsi üçün bu təmaslarını həyat dərsinə çevirir, onun əxlaqının və elminin kamilləşməsi üçün fürsət kimi görürdü.
Abdullah bu məhəbbəti, bağlılığı və könüldən xidməti ilə Peyğəmbərimizin razılığını qazanmış, o nur çeşməsi tərəfindən sevgi ilə qucaqlanaraq belə bir dua ilə nəsiblənmişdi: “Allahım, ona Kitabı (Quranı) və hikməti (təfsir və dini məsələlərlə bağlı elmləri) öyrət!” (Buxari, Elm, 17; Vüdu, 10)
Bir dəfə Peyğəmbərimiz (s.ə.s) evində ikən namaza durdu. Onun hər bir hərəkətini izləməyə çalışan balaca Abdullah ona hörmətsizlik olmasın və maneçilik törətməsin deyə bir az aralıda dayanıb eyni hərəkəti təkrarlamağa başladı. Rəsulullah (s.ə.s) balaca Abdullahın başını sığallayırmış kimi əlini uzadaraq onu yanına çəkdi. Beləliklə, iki nəfər bir yerdə namaz qılacaqsa, camaat sayılan ikinci nəfərin imamın sağında dayanmalı olduğunu da öyrətmiş oldu.
Təkcə evinin içi deyil, Rəsulullah üçün dünyanın hər bir yanı, günün hər bir anı məktəb idi.
Abdullahın 10 yaşı olardı. Rəsulullah yanından heç ayrılmaq istəməyən bu balaca səhabəsini tərkinə mindirmişdi. Rəsulullahın tərkində yol getmək təkcə xoş bir səyahət deyil, həm də elm və irfan dolu bir dərsdə iştirak etmək idi. Bu əvəzolunmaz xatirəsini Abdullah özü belə rəvayət edir:
“Bir gün Rəsulullahın tərkində idim. Birdən qayıdıb mənə:
“Oğul, sənə bəzi şeylər öyrədim, - dedi və sözünə belə davam etdi: - Sən Allahın əmr və qadağalarını qoru ki, Allah da səni qorusun; yardım və inayəti hər zaman yanında olsun. Bir şey istədiyin zaman Allahdan istə. Bir yardım diləyəcəyin zaman Allahdan dilə. Bunu da yaxşı bil ki, bütün insanlar bir xüsusda sənə kömək etmək məqsədi ilə bir yerə yığışsalar, Allahın sənin üçün təqdir etdiyindən artıq heç bir xeyir verə bilməzlər. Sənə zərər vermək məqsədi ilə bir yerə yığışsalar, yenə Allahın sənin haqqında təqdir etdiyindən artıq heç bir zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur! (Meydana gələcək olan hər şey əvvəlcədən təsbit və təqdir olunmuşdur)”.
Rəsulullah (s.ə.s) vəfat etdiyi zaman Abdullahın 14-15 yaşı vardı. Rəsulullahdan sonrakı illərdə də alim səhabələrdən dərs almağa davam etdi. Yorulmaq bilməyən çalışmaları nəticəsində o, elmin ən yüksək pillələrinə yüksəldi. Təkcə sonrakı nəsillər deyil, dövründəki səhabələr tərəfindən də böyük hörmət və ehtirama layiq görüldü. “İbn Abbas” deyə tanınan Abdullah ibn Abbas Quran elmindəki dərinliyi səbəbi ilə “Quranın tərcümanı”, hədis elmindəki bənzərsiz qabiliyyətinə görə “Hədis dənizi”, ümmətin ən böyük alimi mənasında “Hibrul-ümmə” deyə də anılır.
Bir dəfə böyük səhabələrdən Zeyd ibn Sabit ata minərkən oradakı Hz.Abdullah atın üzəngisini tutdu. Hz.Zeyd: “Ey Rəsulullahın əmisi oğlu, xahiş edirəm, belə etmə! Mənə xəcalət verirsən!” – dedi. Hz.Abdullah: “Bizə alimlərimizə qarşı belə rəftar etmək əmr olundu”, - deyəndə Hz.Zeyd dözə bilmədi, əyilib Abdullahın əlini öpdü və belə dedi: “Bizə də Ali-beytə qarşı belə rəftar etmək əmr olundu!”.
Mövzunu Hz.Abdullahın tez-tez etdiyi bu dua ilə yekunlaşdırmaq istəyirəm:
“Allahım! Məni qənaətkar et! Verdiklərini mənim üçün xeyirli et! Bilmədiklərimdən mənim üçün xeyirli olanları ver!”. Amin!
ŞƏRHLƏR