MÜSƏLMAN VƏ TƏTİL
Qurani-Kərim və hədisi-şəriflər bizə zaman haqqında çox əhəmiyyətli xəbərdarlıqlar etməkdədir. Ayələr bir çox yerdə müxtəlif zamanlar üçün “and olsun” deyərək diqqətimizi cəlb edir. Hədisi-şəriflər də bənzər şəkildə insan oğlunun itirdiyi dəyər olan zamanın qiymətini bildirməyə çalışır.
İbn Abbasın nəql etdiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “İki nemət var ki, insanların çoxu bu nemətlərdən istifadə etməkdə aldanırlar: səhhət və boş vaxt”. (Buxari, Riqaq, 1)
Əlbəttə, insan vaxtın və səhhətinin əhəmiyyətini anlamazsa onları hədər edər, ziyanda olduğunu isə yalnız bu nemətləri itirdikdən sonra anlayar.
Vaxtını hədər etməmək üçün plan və proqramla iş görən insan həyatını məqsədəuyğun və intizamlı yaşaya bilər. Plan-proqram təkcə tələbə üçün məktəbdə, böyüklər üçün iş yerində faydalı olmaz; ailə daxilində, gündəlik həyatda da plan və proqramın intizamlı bir həyata vəsilə olduğunu hamımız bilirik. Bu haqda məlumatlı olan, bilgili şəxslərdən dərs və iş çalışmalarımızda plan tutmaq üçün istifadə etsək və plana bağlı qalmağa çalışsaq, əldə edəcəyimiz müsbət nəticələrin şahidi olacağıq.
Tətillərimiz də eyni ilə plan və proqramlı olsa, səmərəli keçər. “Tətil” kəlməsi “ətalət” sözü ilə eyni kökdən törəmişdir; işi buraxmaq, hərəkətsizlik mənasına gəlir. Tənbəl insana “atil” deyilir. Tənbəlliyin isə heç bir cəmiyyətdə yeri yoxdur. Bəs yaxşı, bir İslam mənsubu tətil dedikdə nə anlamalıdır? İş xaricindəki boş zamanını hansı tətil anlayışı ilə dəyərləndirməlidir?
Günümüzdə tətil dedikdə müxtəlif yerlərə səyahət, iş sahəsindən kənar oyun-əyləncələr, fərqli məşğuliyyətlər, dəniz kənarı istirahətlər, otellərdə dincəlmək və ya istirahət mərkəzlərində bir müddət qalmaq və s. nəzərdə tutula bilər. Tətil dedikdə işi-gücü buraxıb günlərlə yatmaq, yemək, içmək, musiqilərlə, haramlarla əylənmək, otel-otel gəzmək, israf və lüks içərisində vaxt keçirmək kimi başa düşənlər də az deyil. İstirahət adı altında bir çox günah yüklü bu yorğunluq üçün də bol miqdarda xərclər meydana gəlir. Axirəti kənara ataraq: ”Dünyaya bir dəfə gəlirik” kimi mənasız ifadələrlə davranışlarına haqq qazandırmaq ağıllı kimsələrin edəcəyi iş deyil. Bu cür tətil müsəlmanın həyatında yer almamalıdır. Halal-haram çizgisini evində də, işində də, istirahətində və səyahətində də qorumaq müsəlmanın vəzifəsidir. Müsəlman hər yerdə Allah-Təalanın müşahidəsi altında olduğunun fərqində olan kəsdir.
Qurani-Kərim yer üzünü gəzib dolaşmağımızı fərqli-fərqli ayələrlə dilə gətirir. Allah-Təala Ali-İmran surəsinin 137-ci, Ənam surəsinin 11-ci ayələrində dini yalanlayanların aqibətini görməyimiz üçün gəzib dolaşmağımızı, Yusuf surəsinin 109-cu ayəsində isə məhv edilmiş xalqların aqibətini müşahidə etməyimizi və daha başqa bir çox ayələrdə bizdən əvvəlki ümmətlərin başına gələn hallardan ibrət almağımız üçün yer üzünü gəzib görməyimizi istəməkdədir. Əvvəlki mədəniyyətləri, tarixi abidələri, fərqli, mənalı ənənələri izləmək, öyrənmək hər birimiz üçün maraqlı və faydalıdır. Ancaq tətil vaxtlarımızı düşüncəsiz bir şəkildə israfa çevirmək dəyərli zaman sərmayəmizi hədər etməklə nəticələnə bilər.
Allah-Təala səyahətləri cihad səbəbi sayaraq Tövbə surəsinin 112-ci ayəsində “səyahət edənlər” buyurur. Hz. Peyğəmbər (s.ə.s) də: “Ümmətimin səyahəti Allah yolunda cihaddır”, - deyərək, möminin boş vaxtının olmadığını, istirahətini belə İslamın önündəki əngəlləri yox etməyə çalışaraq, mücadilə ruhu içərisində keçirməsi lazım gəldiyini vurğulayır. İman həyəcanına sahib olan mömin, əlbəttə, vəzifəsini yox sayaraq xidmətdən kənar qalmaz və axirəti üçün daim səy göstərər. Bir işdən yorulduğu vaxt boş-boş gəzərək yox, gördüyü işdən başqa bir işə keçməklə, məşğuliyyətini dəyişərək dincələr. İnşirah surəsinin 7-ci ayəsində: “Elə isə (dünyəvi işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx”, - buyurularaq, dünya işlərinin ardından edəcəyimiz tətilin də ibadət mahiyyətli bir qazanca çevrilməsi tələb olunur. Bu səbəblə səyahəti Allah üçün olan biri qazanclıdır. İstirahətini dünya işinə ara verərək dininə, axirətinə hazırlaşmaq, xidmət etmək, elmini, qabiliyyətini inkişaf etdirmək kimi vəsflərlə bəzəyən mömin, tətilinin dəyərli keçdiyinə qane olacaqdır. İbrət almaq, tanımaq, tanış olmaq üçün gəzmək, görmək, səyahət etmək, məşru çərçivədə əylənmək möminin gözəl davranışlarındandır.
Sileyi-rəhm (qohum-əqrəba ziyarəti) də tətil anlayışımızda önəmli bir yer tutmalıdır. Çünki qohumlarla əlaqəni kəsmək ruzinin azalması, xeyirlərin yox olması, kimliyin itməsi, insan fitrətinin təbii halı olan yaxınlara sevgi ilə bağlılıqdan məhrumluq ilə nəticələnər. Bu səbəblə tətillərimizdə kənddə və ya digər yerlərdə yaşayan qohumları, yaxınları ziyarət etmək, vəziyyətləri ilə maraqlanmaq, ehtiyaclarını təmin etməyə çalışmaq da ilahi rəhmətə nail olmağımız üçün gözəl bir fürsətdir. Tətilin ən maraqlı anlarına sevgi bağını gücləndirmək, yeni dostluqlar qurmaq, doğru, dürüst, saleh insanlarla görüşməklə nail ola bilərik.
Ən gözəl tətil nəticəsi aqibətimiz üçün xeyirli olan tətildir.
ŞƏRHLƏR