TƏMİZ QANLI QARABAĞ ATI

TƏMİZ QANLI QARABAĞ ATI

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən il Qarabağda – Şuşada böyük coşqu ilə qarşılanma mərasimini hər dəfə izlədikdə, qəlbimdən sevinc dolu qürur hissi keçir və keçən əsrdən yadımda qalan bir xatirəm təzələnir. Onu “İrfan” jurnalının oxucuları ilə bölüşmək istəyirəm.

1960-cı illər idi. Ermənilərin sağalmaz, xroniki “erməni” sindromu adlı xəstəlikləri yenə göyərib baş qaldırmış, yaman şiş ağrısı ilə bütün varlıqlarını sarsıtmışdı. Havadarlarına arxalanıb Naxçıvanı və Qarabağı Ermənistana  birləşdirmək xülyasına düşmüşdülər. Bu münasibətlə beynəlxalq aləmdə sözü keçərli olan səlahiyyət sahiblərinin önündə yaltaqcasına qımışırdılar. Elə bu arada Qərb ölkələrinin birindən çox hörmətli bir lider Moskvaya təşrif buyurmuşdu. Əldən-ayaqdan gedən SSRİ rəhbərliyi “möhtərəm” qonağa layiqli hədiyyə olaraq nə verəcəkləri barədə baş sındırırdı. Bu zaman ermənilərin Kremldəki baş ideoloqu A. Mikoyan onların karına gəlmişdi. O, Yüksək Qonağa dəyərli hədiyyə olaraq “Təmiz qanlı Qarabağ atı”nın bağışlanması ideyasını irəli sürmüş və təklif yekdilliklə bəyənilmişdi. Ertəsi gün bu xəbər SSRİ məkanında nəşr olunan bütün nüfuzlu mətbu orqanların manşetlərinə çıxarılmışdı. Kimisi bu münasibətlə şeir yazmış, kimisi mahnı bəstələmiş, kimisi ovuclarının qızartısı üzlərinə çıxanadək əl çalmış, kimisi də daxilində için-için yanaraq, əsəbindən qızmış pələngə dönmüşdü. Belə vətənpərvər oğullardan biri, yazdığı “Gülüstan” poemasına görə təqiblərə məruz qalan, Bakı şəhərində yaşamasına qadağa qoyulan millət təəssübkeşi böyük şair Bəxtiyar Vahabzadə idi. Qərar Bəxtiyar müəllimin heysiyyətinə çox toxunmuşdu. Şair odsuz-ocaqsız alışıb yanırdı. Bir neçə gün sonra Bəxtiyar müəllimin “Bakı” axşam qəzetinin 4-cü səhifəsində “Poeziya yarpaqları” rubrikası altında kiçik bir şeiri dərc olundu. Əfsuslar ki, bu şeirin yalnız 4 misrası  yadımda qalıb:

Mən qədim bir mahnıyam,

Xallarım əlvan-əlvan.

Musiqim Qarabağdır,

Sözlərimsə Naxçıvan…

Şeirin sonrakı misralarında “təmizqanlı” Qarabağ atının bütün göstəriciləri qeyd edilən texniki pasportu ilə birlikdə, yad imzalarla yadlara hədiyyə edilməsi dərin nifrətlə pislənir, bunu milli hisslərimizə hörmətsizlik kimi qiymətləndirirdi. Bəxtiyar müəllimin çox uzaqgörən fəlsəfi düşüncələrinə görə, bu qərar son dərəcə siyasi məna kəsb edib küllü Qarabağın kimə isə hədiyyə edilməsi, əldən verilməsi kimi səslənirdi. Sanki tarixdə iz qoymuş Qarabağ cəngavərləri heç olmayıb və bir daha olmayacaq kimi. Elə bil Qarabağın sahibi yoxmuş və olmayacaq kimi. Lakin hər iki tərəf yanılırdı. Böyük türk şairi Tofik Fikrət demişkən:

Zülmün topu var, tüfəngi var, qələsi varsa,

Haqqın da əyilməz qolu, dönməz üzü vardır…

“Haqq incələr, amma üzülməz”,- demişlər müdriklərimiz. Axı kainatı düzənləyən, yoluna qoyan, haqqı-ədaləti bərpa edən ilahi bir qüvvə var. Nə qədər silahlı, nə qədər arxalı, nə qədər hiyləgər, nə qədər riyakar və nə qədər məkrli olsan da, vaxt gələcək bir gün Haqq qarşısında cavab verməli olacaqsan. Necə ki, dünyaya car çəkib: “Qarabağ bizimdir və nöqtə”,- deyən erməni faşizmi 44 günlük müharibədə məğrur azəri türklərinin qarşısında diz çökdü. Rəşadətli Qəhrəman Ordumuzun qarşısında tab gətirməyib, buraxdıqları ifrazatları yalaya-yalaya, döyüş bayraqlarını səngərlərdə, texnikalarını rüsvaycasına cəbhələrdə atıb qaçdılar. 8 Noyabr 2020-ci il tarixində ağ bayraq qaldırıb təslim oldular, müvafiq sənədlərə imza atdılar.

Dünya tarixində ikinci elə bir xalq tanımıram ki, eyni gündə iki el bayramını birlikdə qeyd etsin. Bu cür nadir bayramlara ilk imza atan yenə zəngin dövlətçilik təcrübəsinə malik olan türk milləti oldu. 15 iyun təqvimi Respublikamızda 1993-cü ildən Qurtuluş günü kimi qeyd edilirdi. Həmin gün Respublikada ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev 29 il öncə ölkəni parçalanmaqdan, xalqı isə vətəndaş müharibəsindən xilas etmişdi. 15 iyun 2021-ci il tarixi isə xalqımızın tarixinə əzmkarlıq qələbəsi kimi, “Şuşa Bəyannaməsi”nin imzalandığı gün kimi əbədi yazıldı. Həmin tarixdə Türk dünyasının iki əzəmətli, qüdrətli, parlaq oğulu - Respublikanın Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək Şuşa qayalıqlarının zirvəsində, yüsək tribunalarda yanaşı durub 30 illik işğaldan sonra azad olunmuş ŞUŞADA – QARABAĞ torpağında əbədi təhlükəsizliyimiz üçün “ŞUŞA BƏYANNAMƏSİ”nə imza atdılar.

Həmin gün yalçın Şuşa qayalıqları da, köksü yaralı Topxana meşələri də, Bülbülün, Üzeyirin, Xan qızı Natəvanın 30 illik əsirlikdən qayıdan güllələnmiş heykəlləri də, “poeziya mərkəzi” sayılan Vaqif məqbərəsi də, Nəcəf bəy Vəzirovun, Nəvvabın və hesaba gəlməyən, əslən şuşalı olan çoxlu sayda  elm, incəsənət və mədəniyyət xadimlərinin, eləcə də Şuşa uğrunda canlarını fəda etmiş Müqəddəs Şəhidlərimizin ruhları da Cıdır düzündə yığışan qələbəliklərin iştirakçıları idi. Bu qələbəliklərə xüsusi olaraq daha parlaq yaraşıq və rövnəq verən isə Rəcəb Tayyib Ərdoğanın ilk Türk Prezidenti olaraq öz doğma torpağı Qarabağda qarşılanması olmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk Azərbaycan Prezidenti idi ki,  öz imzası, öz əli ilə “Təmiz Qanlı Qarabağ atını” ən layiqli qonağa, Türk oğlu - Rəcəb Tayyib Ərdoğana ərməğan edirdi. “Dırnaqları möhkəm, səfərləri uğurlu, zəfərləri misilsiz, qədəmləri mübarək! Sahibinə intəhasız uğurlar, şan-şöhrət, xeyir-bərəkət, dəyanət və möhkəm can sağlamlığı gətirsin, düşərli olsun” - deyirik, əzizimiz, fəxrimiz, güvənimz!

Bu sətirləri yazdıqca qəlbimdə nisgil dolu bir təəssüf hissi də keçirirəm: Kaş, millətinin təəssüfkeş, böyük oğlu Bəxtiyar Vahabzadə də bu günləri görəydi. Nurlu ruhu qarşısında baş əyib deyirəm: “Bəxtiyar müəllim, gözün aydın, ruhun şad olsun. Bütün ömrün boyu çalışdığın arzuna çatmısan. Təmiz qanlı Qarabağ atı artıq əsl sahibinin, Qarabağ torpağı isə Azıx mağarasının ilk sakinləri olan mübariz, dönməz, qəhrəman qədim türk xalqının əlindədir və daim əlində də olacaqdır. İndi rahat yata bilərsən. Məzarın geniş və rahat, məkanın isə Cənnət olsun!”.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz