İLHAMA SUSAMIŞ KÖNÜLLƏRİMİZ

İLHAMA SUSAMIŞ KÖNÜLLƏRİMİZ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?” (əs-Səcdə, 4)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Rəsulu və Həbibi Hz. Muhammədə salətu-salam olsun.

Külli aləmdə cərəyan edən saysız-hesabsız hadisələrin maddi və mənəvi məzmununa  sonsuz elm və kamil məna axışlarını bir-birini tamamlayan mükəmməl bir sənətkarlıq möcüzəsi olaraq şəfqətlə yükləyən şanı uca olan Rəbbimizi layiq olduğu şəkildə tərif və təzim etməyə aciz olduğumuzu etiraf etməliyik. Rəbbimizi tanıma mədəniyyəti sonu olmayan bir mərifət və məhəbbət məktəbidir. Bu səbəbdəndir ki, əbədi bir mərifət təhsilinə tabe tutulan insan övladının Rəbbini gücü çatacaq ölçüdə tanıması üçün böyüklərimiz Rəsulullahın (s.ə.s) bu istiqamətdəki mənəvi irsini nəsildən-nəslə ötürərək onun könülləri diri tutan bir ilham qaynağı olaraq parlaması naminə belə buyurmuşlar:

 “Allah (c.c) birdir və əsla ortağı və bənzəri yoxdur. Yeməkdən, içməkdən, yatmaqdan, ailədən,  doğmaqdan və doğulmaqdan, məkandan, yönlərdən, surətdən tamamilə arınmışdır. Varlığının öncəsi və sonu yoxdur. Varlığı Özündəndir, başqasından deyildir. Uca Zatı bir hal üzrə sabitdir. Qorxu, hüzn, xəstəlik kimi hallardan və bütün nöqsanlıqlardan münəzzəhdir. Aləm yox ikən O var idi. Heç kimsəyə möhtac deyildir. Aciz qalmaqdan arınmışdır. İstəsə bütün kainatı yox edər, istəsə bir anda var edər. Ona heç bir iş çətin və ağır gəlməz. Bir qarışqanı yaratmaqla göyləri və yeri yaratmaq Onun üçün eyni şeydir. Heç kimsə Ona hökm edə bilməz, O hər kəsə hökm edər”.

 Bu ucalığın və ehtişamın sahibi olan Allahı (c.c) əhatəli ölçüdə tanıma və Ona layiqli qul olma mədəniyyətini qəlblərində davamlı bir mərifət ilhamı olaraq alovlandıran Haqq aşiqlərindən yayılan mənəvi diriliş ilhamları insanlar başda olmaqla hər bir varlığı Allaha (c.c) yaxınlaşdıran bir hidayət qaynağı kimi əxlaqsızlıq və imansızlıq zülmü ilə əzilən bəşəriyyətin yaralarını sararaq onun maddi və mənəvi bütövlüyünü qorumağa xidmət edən ilahi mərhəmət təcəllisidir.

“Bir səhər məndən ilham kəsildi. Anladım ki, vücuduma bir neçə şübhəli loğma daxil olub”- buyuran Mövlana həzrətlərinin və İbrahim Xavas kimi Haqq dostlarının bəyanları Rəbbani ilhamın lətafəti ilə yoğrulmuş könüllərə və onlardan hasil olan ruhani istedada Rəbbini tanıma mədəniyyətinə can atan insan övladının köklü bir ehtiyacının olduğunu bildirməkdədir. İbrahim Xavas həzrətləri buyurur:

“İlahi qədər bir gün məni İstanbul səmtində qərar tutan Rum hökmdarının xəstə və dəli deyə adlandırdıqları qızının önünə qədər gətirdi. Hökmdarın qızına baxınca çöhrəsində ayın on dördü kimi parlayan ruhani kamalın əlamətlərini sezdim. Məni görüncə ismimi söyləyərək salam verdi. “Məni haradan tanıyırsan?”- deyəndə dedi ki: “ Canımı Canana (Rəbbimə) təslim etmək istədim və Allahdan sevdiyi bir qulunun yanımda olmasını dilədim. Rəbbim də məni sənin gəlişinlə müjdələdi”. “ Xəstəliyin nədir?”- deyə soruşduqda dedi ki: “Bir gecə bayıra çıxıb ibrət nəzəri ilə səmaya baxdım. Allah-Təala o anda təcəlli edərək məni məndən aldı. Rəbbani ilhamın ehtişamından dolayı özümdən keçdim. “Allahu Əhəd, vər-Rəsulu Əhməd” kəlməsi dilimə, mənası qəlbimə ilham edildi. Bu kəlməni dilimdən düşürməz oldum. Vəziyyətimə aşina olmayanlar mənə dəli dedilər”. Dedim ki: “Bizim diyarlara, Məkkəyə, Mədinəyə, Beytül-Müqəddəsə getmək istəməzsən?” Dedi ki: “ Sağa bax!”. Qızın mənəvi heybəti ilə işarə etdiyi istiqamətə çevrilib heyrətlə gördüm ki, bir düzlükdə Məkkə, Mədinə və Beytül-Müqəddəs ehtişamlı görünüşü ilə qarşımdadır. O anda: “Vaxt yaxınlaşdı! Rəbbimə qovuşma istəyimin həddi aşdı!”- deyərək kəlmeyi-şəhadət gətirdi və ilham atəşinin qovurduğu ruhunu Rəbbinə təslim etdi.

Rəvayət edildiyinə görə, eşq ilhamı qəlbində fəryadlar qoparan Məcnun Leylinin yaşadığı obanın daşlarını, divarlarını öpüb üzünü torpağına sürərdi. Oradakılar: “Ey Məcnun! Leylin burada yoxdur! Sənin bu daşa,  torpağa sevginin mənası nədir axı?”- dedikdə Məcnun and verərək deyir ki: “Leylinin obasına ayaq basandan bəri burada onun camalının ilham təcəllilərindən başqa bir şey görmürəm!”.  

Uca Allahın (c.c) misilsiz ilham təcəllilərini aləmin hər bir nəsnəsində, hər bir zərrəsində sevgi atəşi şəklində seyr edən Əsəd Ərbili həzrətlərinin könül ilhamnaməsi Rəbbani ilhama susamış qəlblərimizi hikmət damlaları ilə isladaraq onları Haqqın ilham nuru ilə canlanan  mərifət gülüstanına çevirməyə qadirdir:   

Təcəllayi cəmalından Həbibim növbahar atəş,

Gül atəş, bülbül atəş, sünbül atəş, xakü-xar atəş!                      

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz