BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
“Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr”. (əl-Bəqərə, 2/45)
Qurani-Kərimdə həm rahat və mürəffəh həyat, həm də çətinlik və məşəqqət dolu həyatdan misallar verilir. Uca Allah Peyğəmbərinə (s.ə.s): “Əzmkar (ulül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et!” buyuraraq çətinliklər qarşısında səbirli və dözümlü olmağı əmr edir. Yuxarıdakı ayeyi-kərimədə də Allah-Təala bir möminin darda qaldığı zaman həmin vəziyyətdən necə çıxacağının yolunu göstərir. Çətinlikdən çıxış yollarının ən əsası, heç şübhəsiz, Uca Allahdan kömək istəmək və Ona dua etməkdir. Ancaq ayədə dua ilə yanaşı, səbir və namazın da bu duanın qəbul olunmasında böyük əhəmiyyət kəsb etdiyinə işarə edilir.
Geniş mənada səbirli olmaq müsibətlərə qarşı, günah işlər görməməkdə və ibadətləri yerinə yetirmək xüsusunda iradəli və dözümlü olmaqdır. Elə isə mömin bu kimi hallarda dirayətli olmalı və bütün əngəllərə baxmayaraq Rəbbinə sadiq bir bəndə olmağa davam etməlidir.
Çətinlik qarşısında Uca Allahdan yardım istəyən möminin edəcəyi digər bir əməl namazına davam etməsidir. Namaz bəndə ilə Rəbbinin təkbətək qaldığı ən önəmli anlardandır. Namazımızın hər bir rükətində oxuduğumuz “Fatihə” surəsində “Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik”, (əl-Fatihə, 1/5) - deyə Allah-Təalaya sığınır və Ondan yardım diləyirik. Digər tərəfdən, “Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir”, (əl-Ənkəbut, 29/45) ayəsi də namazın insan həyatına göstərdiyi müsbət təsirə işarə edir.
Duanın qəbul olunması üçün gərəkli amillərdən biri də haramlardan uzaq durmaqdır. Çünki Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində qeyd edir ki, yediyi haram, içdiyi haram və geyindiyi haram olan bir insan Allaha dua etsə də, onun duası qəbul olunmaz. (Müslim, Zəkat, 65) Allah-Təaladan lazımınca çəkinib buyruqlarını yerinə yetirən kimsə üçün Uca Allah belə müjdə verir: “Kim Allahdan qorxarsa, Allah onun üçün çıxış yolu yaradar”. (ət-Təlaq, 65/2) Allah təqva sahibi insanı darda qoymaz və duasını qəbul edər.
Ayənin sonunda isə “xüşu ilə itaət edənlərdən başqasına ağır gələr” – buyurularaq əslində bunun çətin və ağır bir iş olduğuna, yalnız ibadətlərini xüşu ilə əda edən ixlaslı bəndələrin bunu etdiyinə işarə edilir. Nəticə etibarilə, başımıza gələn hər hansı bir müsibətin dəf edilməsi məqsədi ilə edilən duanın məqbul olması üçün həm səbirli olub öz gücümüzlə bunun üçün çalışmalı, həm də ixlasla namazlarımıza davam edib Uca Allahdan yardım istəməliyik.
ŞƏRHLƏR