ÖLÜMLƏ DOST OLMAQ

ÖLÜMLƏ DOST OLMAQ

Bir zamanlar dünyadan xəbərimiz yox idi, həyatı və ölümü bilmirdik, Rəbbimiz bizə can verdi, dünyaya göndərdi. Gün gələcək, həyata vida edəcəyik, sevdiyimiz, könül verdiyimiz şeyləri geridə buraxıb əsl yurdumuzun, yuvamızın eşiyi olan qəbrə girəcəyik. Və gün gələcək, yenidən dirilərək Haqq-Təalanın hüzuruna çıxacağıq. Dünyada etdiklərimizin hesabını verəcəyik. Sonra da gözəlliklərlə dolu sonsuz bir həyatı yaşayacağıq... Bizim qədərimiz budur və ölüm bu qədər təbiidir.

Həyatla vidalaşmaq üzrə olan möminin yanına üzləri günəş kimi parlayan mələklərin cənnət kəfəni ilə, cənnət ətirləri ilə gəldiklərini və ona: “Ey gözəl can! Allahın əfvinə və razılığına qovuşmaq üzrə çıx!” - dediklərini, sonra da onun “kuzənin ağzından sızıb axan bir damla su kimi” ruhunu alıb Uca Rəbbin hüzuruna apardıqlarını, aləmlərin Rəbbinin də mələklərə: “Bu qulumu cənnətin ən uca yerinə yazın”, - buyurduğunu bəzi hədisi-şəriflərdən öyrənirik. Belə gözəl bir ölümə nail ola bilməyin iki şərti var: müsəlman kimi yaşamaq və müsəlman olaraq can vermək.

Əslində mömin üçün ölüm qorxulacaq, nifrət ediləcək bir şey deyildir. Hətta bəziləri üçün yolu həsrətlə gözlənən bir sevgilidir. Ölümdən möminlər yox, qorxması lazım olanlar qorxmalıdır. “Dünya möminin zindanı, kafirin cənnətidir” hədisi ölümdən kimin qorxmalı olduğunu izah edir. Allahın buyruqlarından üz çevirənlər üçün dünya, qısa da olsa, ələkeçməz bir cənnətdir. Çünki ölümlə birlikdə onları sonu gəlməyən bərbad bir həyat gözləyir. Mömin nə qədər rahat və hüzurlu olsa da, axirətdə onu gözləyən bənzərsiz gözəlliklər yanında dünya həyatı sanki bir zindan, həbsxanadır.

Peyğəmbərimiz (s.ə.s) dünyanın qısalığını, axirətin sonsuzluğunu çox mükəmməl bir şəkildə izah etmiş, axirət həyatını dənizə, dünya həyatını da o dənizə salıb çıxarılan barmaqdakı suya bənzətmişdir. Peyğəmbərimiz “ən ağıllı, ən uzaq görüşlü” insanın ölümü ən çox xatırlayan, ölümdən sonrakı həyata hazırlaşan kimsə olduğunu söyləyir, “Allahdan gərəyi kimi həya edən” kimsənin “öləcəyini, çürüyüb yox olacağını unutmaması” gərəkdiyini ifadə edir. (Tirmizi, Qiyamət, 24) Çünki qəbirdə “hər səhər və axşam” cənnətlik olana cənnətdə onu gözləyən gözəl həyatı, cəhənnəmlik olana cəhənnəmdə onu gözləyən qorxunc məkanı göstəriləcək və bax, qiyamət günündə gedəcəyin yer buradır” deyiləcək. (Buxari, Riqaq, 42; Müslim, Cənnət, 65, 66)

Allah-Təaladan bizə cənnəti nəsib etməsini istəməli, “Allahım! Bizi cəhənnəm əzabından qoru!” - deyə dua etməli, onunla dost olmalı və qəbrimizi “cənnət bağçalarından bir bağça” halına gətirməyə çalışmalıyıq.

İnsan qıldığı namaza, tutduğu oruca qətiyyən arxayın olmamalı, bunların onu qurtaracağını sanmamalıdır. Allaha qulluq edərkən, ibadətlərini qüsursuz yerinə yetirməyə çalışarkən bunun qulluq vəzifəsi olduğunu unutmamalıdır. Əsla və əsla ibadətləri sayəsində deyil, Allahın rəhməti və mərhəməti sayəsində xilas olacağını bilməlidir.

Müsəlmanın unutmamalı olduğu bir şey də Allahın əzabının çətin olduğudur. Əziz Peyğəmbərimizin (s.ə.s) bəhs etdiyi, külü sovrulan adam hekayəsi çox ibrətlidir:

“Vaxtilə çox zəngin bir adam varmış. Öləcəyini anlayınca övladlarını başına yığaraq soruşur:

– Övladlarım! Söyləyin görüm, mən sizə qarşı necə ata idim?

Övladları:

– Sən ataların ən yaxşısı idin, - deyə cavab verirlər. Ata sözünə davam edir:

– Elə isə sizə bir vəsiyyətim var. Ya bu vəsiyyətimi yerinə yetirərsiniz və ya sizi mirasımdan məhrum edərəm. Mən həyatımda heç yaxşılıq etmədim. Buna görə Allah mənə əzab edə bilər. Öldüyüm zaman cəsədimi yandırın. Sonra geriyə qalan parçalarımı əzib kül halına gətirin. Küləkli bir gündə külümü sovurun. Bəlkə o zaman Allahın əzabından xilas ola bilərəm.

Vəsiyyət yerinə yetirilir.

Allah-Təala o adamın toz halına gəlmiş bədəninə yenidən can verərək, ona hansı səbəblə belə davrandığını soruşur. Adam:

– Sənin əzabından qorxduğum üçün belə etdim, ya Rəbb! - deyir. Allah-Təala onu əzabından qorxduğu üçün bağışlayır”. (Buxari, Ənbiya, 54; Müslim, Tövbə, 27-28)

“Mən mütləq cənnətə gedəcəyəm” demək səhv olduğu kimi, “mənim yerim cəhənnəmdir” - deyə ümidsizliyə düşmək də yanlışdır. Cənnət də Allahındır, cəhənnəm də; kim haranı haqq edirsə, ora göndərəcək. Bu səbəblə insan Allahın həm əzabından qorxmalı, həm də mərhəmətini ümid etməlidir.  

Bunu da heç vaxt unutmamalıyıq: Allah-Təala bizim Onun haqqındakı düşüncəmizə dəyər verir və “Mən qulumun məni düşündüyü kimiyəm” buyurur. (Buxari, Tövhid, 15; Müslim, Zikr, 2, 19, Tövbə, 1) Yəni qulum ona yaxşı davranacağıma, onu rəhmətimlə əhatə edəcəyimə, vəd etdiyim gözəllikləri ona verəcəyimə könüldən inanırsa, o, ümid etdiyini tapacaq, deyir. Bizdən Özü haqqında gözəl düşünməyimizi istəyir.

Elə isə biz Uca Rəbbimizin bizə lütfkar davranacağını, ölümün bizi o bənzərsiz lütflərə qovuşduracağını düşünməli və ölümlə dost olmağa çalışmalıyıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz