MƏUNƏT
Allah (c.c) istiqamət üzrə olan qullarına həm bu dünyada, həm də axirət həyatında gözəlliklər bəxş edir. Allah-Təala əmr və qadağalarına tabe olan qullarının mükafatını, əlbəttə, ən gözəl şəkildə verəndir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “İçinizdən Allaha və axirət gününə iman gətirənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur”. (ət-Talaq, 2-3) Bu ilahi yardımın dünyadakı təzahür formalarından biri “məunət”dir.
“Məunət” ərəb dilində “kömək” mənasını verən “avn” kökündən törəmişdir. Möminləri çətinlik və bəlalardan qurtarıcı bir mahiyyətdə zühur edən xariqüladə hadisələr Allah-Təala tərəfindən möminlərə bəxş edilmiş bir kömək, hədiyyə və lütf hesab olunur. Məunət Allahın bəndəsini maddi və mənəvi fəlakətlərdən qoruması şəklində də, dünya və axirət aləmində ona fövqəladə nemətlər bəxş etmək şəklində də ola bilər.
Gündəlik həyatımızda şəkil olaraq möcüzəyə bənzəyən, bizi heyrətə salan, lakin əsl etibarı ilə möcüzədən fərqli olan bəzi fövqəladə hallar ilə qarşılaşmaq mümkündür. Bunu bilmək lazımdır ki, Allah (c.c) möcüzələri təkcə Peyğəmbərlərə (ə.s) vermişdir. Möcüzələrdən başqa digər xariqüladə hallar isə Allahın vəli qullarında və digər mömin qullarda da müşahidə edilə bilər. Möcüzələrin bir fərqi də budur ki, möcüzənin təqlidi və təkrarı mümkün deyildir.
Məunət daha çox əməlisaleh müsəlmanlarda, xalq arasında bu yönü ilə tanınmayan, mənəvi iç aləmi hamıya aydın olmayan, sadə görünən kəslərdə heç bir iddiada olmadan meydana gələn bəzi xariqüladə hadisələrdir. Bu hal, sahibinin bəzi bəla və müsibətlərdən xilas olmasına və ya dolanışığının asanlaşmasına köməkçi olar. Qarşısındakı insanların ağlından keçənləri oxumaq, məqsəd və məramlarını bilmək də bir növ məunət sayılır. Bütün bu kimi hallar uca Allahın sevdiyi qullarına lütfkarlığıdır.
İlahi yardım Allahın möminlərə verdiyi müqəddəs vədidir. Allah-Təala peyğəmbərlərinə və mömin bəndələrinə kömək edəcəyini vəd edir. Bu həqiqət Qurani-Kərimdə bir çox ayələrdə dilə gətirilir:
“Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik!” (əl-Mömin, 51); “Möminlərə kömək etmək Bizim borcumuzdur”. (ər-Rum, 47)
Bu ayələr möminə güc verir, bəlalar qarşısında aqibətin mütləq onun xeyrinə olacağını bildirdiyi üçün təsəlli verir. Mömin bu ilahi vədə güvənərək dua edir və Rəbbinə niyaz edir. Mömin heç vaxt vədindən dönməyən və vədi mütləq gerçəkləşəcək olan Uca Allaha təvəkkül etdiyi üçün həmişə Rəbbindən bu yardımı gözləyir.
İlahi yardım, Allahın istədiyi kimi, müxtəlif formalarda ola bilər. Düşmənin qəlbinə qorxu salmaq, müharibədə mələkləri köməyə göndərmək, möminin qəlbini cəsarətləndirmək, gözlənilməz yerlərdən ruzi vermək, möminin arzu və istəklərini həyata keçirmək də bu cür yardımlardan bir neçəsidir. Allahın köməyini istəyən müsəlman Allahın əmrlərinə qarşı çıxmamalı, Ona üsyan sayıla biləcək söz, rəftar və davranışlardan çəkinməlidir. Çünki vəd olunan ilahi kömək Onun yolu ilə gedənlərədir.
Allah hər şeyə qadir olduğu üçün, möminlərə kömək etmək istəsə, bunu bizim bilmədiyimiz və anlamadığımız üsullarla da edə bilər. Bunun üçün Uca Yaradanın sadəcə olaraq “ol!” deməsi kifayətdir.
İnsanın həm dünyada, həm də axirətdə yalnız bir həqiqi dostu var. Bu dost onu heç vaxt yalnız bıraxmır, heç vaxt tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən ölənə qədər həmişə onun yanındadır. Onu düşmənlərindən qoruyur. Onun üçün hamıdan daha etibarlıdır, həmişə qarşılıqsız verəndir. Şübhəsiz ki, bu dost aləmlərin Rəbbi olan Uca Allahdır. Allah möminlərin ən etibarlı və ən yaxın dostudur. Şübhəsiz ki, möminləri dünyada tək və köməksiz qoymayan Allah axirətdə də onların yeganə vəlisi və köməkçisi olacağını vəd etmişdir.
Bütün bunlarla yanaşı, mömin hər zaman bilməlidir ki, nəyin onun üçün xeyirli olduğunu bilən Allahdır. Və dünyada göz oxşayan, nəfsini çəkən, qovuşmağı arzuladığı hər nə varsa, Allah qatında ona vəd edilən nemətlər ondan daha xeyirlidir: “Sizə verilən hər şey dünya həyatının neməti və bər-bəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?!” (əl-Qasas, 60)
ŞƏRHLƏR