TƏHSİL...

TƏHSİL...

Tarix boyu bütün millətlərin və cəmiyyətlərin həyatında təhsil önəmli bir amil olmuşdur. Peyğəmbərlər, filosoflar, mütəfəkkirlər cəmiyyətin təhsil və təlimini vacib hesab etmiş və şəxsən özləri cəmiyyətin müəllimləri olmuşlar. Həmçinin Peyğəmbərimiz (s.ə.s) də İslamiyyətin ilk illərindən təhsilə əhəmiyyət vermiş, hələ müsəlmanların sayı on yeddi nəfər ikən Məkkə şəhərində “Darul-Ərkam məktəbi”ni qurmuş, sonrakı illərdə Mədinə şəhərində “Əshabi-Suffə məktəbi” ilə bu missiyanı davam etdirmişdir. Eyni zamanda Bədr zəfərindən sonra əsir düşmüş müşriklərə: “Hər kim on müsəlmana oxuma-yazma öyrədərsə, o azaddır!” - deyərək təhsilin nə qədər önəmli olduğunu şəxsən göstərmişdir.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün dünyada təhsil birtərəfli, yəni təkcə elm və texnologiya öyrənməkdə yarışmaq şəklində formalaşdırılmışdır. İnsanların yaradılış məqsədi, bu dünyanın mahiyyəti, fərdin tərbiyəsi, ruhi cəhətdən inkişaf kimi mənəvi mövzular bir o qədər də nəzərə alınmır. Bu səbəbdən insanlar ruhi-mənəvi sarsıntılar keçirir, ciddi psixoloji pozulmalarla üzləşir, zərərli vərdişlərə meyil edir və bu sıxıntılarla mübarizə apara bilmirlər. Statistikaya nəzər yetirsək, son vaxtlar intihar hallarının artdığını, xüsusilə məktəblilər arasında da geniş yayıldığını ürəkağrısı ilə müşahidə edirik.

Bu gün təhsil sistemimizdə bir sıra problemlər olsa da, övladlarımızın təhsil alma mövzusu öz əhəmiyyətini qorumaqdadır. Bunu nəzərə alaraq biz valideynlər övladlarımızın layiqli təhsil alması üçün çalışmalı, bunu təkcə təhsil sisteminin və ya məktəbin öhdəsinə buraxmamalıyıq. Bildiyimiz kimi, təhsil sistemimiz qabaqcıl dünya dövlətlərinin təcrübəsi öyrənilərək, onların təhsil sistemləri fonunda yenidən qurulmuş və tətbiq edilməyə çalışılmaqdadır. Lakin onların təhsil sistemini mənimsəyərkən, öz dinimizi, əxlaqımızı, milli-mənəvi dəyərlərimizi, tariximizi, keçmişdən gələn tərbiyə sistemimizi, yaşadığımız coğrafi mühiti və digər şərtləri də nəzərə almaq məcburiyyətindəyik. Bu təhsilin, materialist, yəni sırf dünyəvi təhsil olmaması üçün övladlarımıza dinimizi və dəyərlərimizi də öyrətməli, cəmiyyətimiz üçün faydalı nəsillər yetişdirmə yolunda ciddi səy göstərməliyik.

Bir ölkəni inkişaf etdirmək, gələcəyinin etibarlı olmasını təmin etmək üçün bütün uşaqların təhsil alması, biliklərə yiyələnməsi çox vacibdir. Lakin hərdən dini məsələlərə həssas yanaşdığını iddia edən bəzi valideynlərin məktəblərdəki təhsillə razılaşmadığına və uşaqlarını məktəbə göndərməkdən imtina etdiklərinə şahid oluruq. Bu isə yanlış bir davranış olmaqla yanaşı, gələcəkdə vicdanlı həkimlərin, vicdanlı mühəndislərin, vicdanlı hakimlərin, vicdanlı müəllimlərin və s. yetişməsinin qarşısını alaraq qul haqqına girmək deməkdir. Biz Həzrət Əlinin buyurduğu kimi, uşaqlarımızı öz dövrümüzə görə yox, gələcək dövrlərə uyğun yetişdirməliyik. Unutmamalıyıq ki, uşaqlarımızın bizim üzərimizdəki haqlarından biri də onlara lazımi təhsil verməyimizdir.

Mütəxəssislərin də fikrincə, təhsilin inkişafına təsir edən başlıca amil ailə hesab edilir. Təhsilə diqqət və qayğı göstərilən ailələrin uşaqları tərbiyə və təliminə görə hər zaman digərlərindən müsbət mənada seçilirlər. Əksinə, təhsilin əhəmiyyətini dərk etməyən, savadı, biliyi qiymətləndirməyən, problemli ailələrdən olan uşaqlar mənfi davranışı, zərərli vərdişlərə meyilliliyi, təhsilə, müəllimlərə və həmyaşıdlarına mənfi münasibətləri ilə fərqlənirlər.

Müşahidələrimizə əsasən birmənalı şəkildə qeyd edə bilərik ki, bu gün ailəsi tərəfindən maraqlanılan şagird ailəsi tərəfindən maraqlanılmayan şagirddən həm davranışı, həm də dərslərindəki müvəffəqiyyətinə görə nəzərə çarpacaq dərəcədə fərqlənir. Ona görə də biz valideynlər uşaqlarımızın təhsili ilə hər gün maraqlanmalı, məktəbdə günlərinin necə keçdiyini soruşmalı, 10-15 dəqiqəlik olsa belə, onlarla həmin günün xülasəsini etməli, uyğun tövsiyə və məsləhətlərimizi verməliyik. Bu zaman uşaqlar diqqət mərkəzində olduqlarını hiss edəcək, məsuliyyət hissi inkişaf edəcək və dərslərinə daha ciddi yanaşacaqlar. Bundan savayı, mütəmadi olaraq müəllimlərlə əlaqə saxlamalı və valideyn iclaslarında mütləq iştirak etməliyik. Övladlarımıza davranışlarına diqqət etməyi, müəllimlərinə və sinif yoldaşlarına hörmətlə yanaşmağı, nəzakətli olmağı, özünü qarşısındakının yerinə qoymağı, “özünə rəva bilmədiyini din qardaşına da rəva bilməmək” hədisinə uyğun olaraq rəftar etməyi, müəllimlərin verdiyi tapşırıqları yerinə yetirməyi tənbeh etməliyik. Dərslərini günlük, həftəlik və aylıq təkrar etmə bacarığını qazandırmalıyıq.

Eyni zamanda övladlarımızın maraq və qabiliyyətlərini kəşf etməli (bu mövzuda müəllimlərin müşahidələrindən də faydalanmaq olar), onları qabiliyyətləri istiqamətində həvəsləndirməli, gələcək peşə seçiminə yönəltməliyik.

Diqqət edəcəyimiz digər bir xüsus; uşaqlarımızın sosial şəbəkələrdəki hesablarına onlara hiss etdirmədən nəzarət etməli, onları bəzi zərərli sosial media platformaları haqqında məlumatlandırmalı və onlardan (bunlar hətta böyüklər üçün də zərərlidir) kənar tutmağa çalışmalıyıq.

Uşaqlarımıza dini mənada zəruri elmihal biliklərini də əvvəla valideyn olaraq özümüz mənimsətməliyik ki, sabahkı gündə eşitdiyi müxtəlif qərəzli fikirlər qarşısında düşüncəsi bulanmasın. Unutmayaq ki, bütün bunlar uşaqlarımızın bizim üzərimizdəki haqlarındandır.

Əgər övladlarımıza vaxtında qayğı göstərməsək, onların ehtiyacı olduğu anlarda yanlarında olmasaq, İmam Şafeinin (r.ə) buyurduğu kimi, zaman “iti qılınc” kimi bizi kəsəcəkdir. Biz övladlarımızı haqq ilə məşğul etməsək, batil onlarla məşğul olacaqdır.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz