BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ: أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ خِيَارَكُمْ أَحْسَنُكُمْ قَضَاءً
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Sizin ən xeyirliniz borcunu gözəl bir şəkildə ödəyəninizdir". (Buxari, Vəkalət, 5)
Allah Rəsulu (s.ə.s) yaşadığı cəmiyyətdə insanlarla qarşılıqlı münasibətdə idi. O da hamı kimi alış-veriş edir, borc alıb-verirdi. Ancaq bunları edərkən həm öz ətrafı, həm də bütün insanlıq üçün bu münasibətlərdə nümunə olacaq davranışlar sərgiləyirdi. Rəvayət olunduğuna görə, Rəsulullahın (s.ə.s) borc aldığı Zeyd ibn Şeybə adlı bir nəfər onun yanına gələrək borcunu istəmiş, lakin borcunu istəyərkən Allah Rəsuluna (s.ə.s) qarşı kobudluq etmişdi. Bunu görən səhabələr onu cəzalandırmaq istəsələr də, Rəsulullah (s.ə.s) buna icazə verməmiş və belə demişdi: "Ona toxunmayın! Çünki hər haqq sahibinin söz demək haqqı vardır. Ona öz dəvəsinin yaşında olan bir dəvə verin!" Səhabələr mövcud olan dəvələrin onun dəvəsindən daha qiymətli olduğunu Rəsulullaha (s.ə.s) xəbər verdiyi zaman Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "O dəvələrdən birini ona verin. Çünki sizin ən xeyirliniz borcunu gözəl bir şəkildə ödəyəninizdir". (Buxari, Vəkalət, 5)
Bu hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) müsəlmanlara iki gözəl əxlaqi davranış tövsiyə edir. Birincisi, hüsn-müamilə, yəni gözəl rəftardır ki, hətta kobud və qaba hərəkət edən şəxsə qarşı onun kimi cavab qaytarmaq deyil, onun belə dərs alacağı gözəl əxlaqi münasibət göstərməkdir. İkincisi isə borcu alındığından daha yaxşı və daha artıq qaytarmaqla borc ödəməyin insan üçün xeyrə vəsilə olacağıdır. Ancaq bir şərtlə ki, hər iki tərəf əvvəlcədən belə bir artıqlıq üçün şərt qoşmamış olsun. Əgər belə bir şərt qoşulsa, o zaman bu, faiz sayılar. Faiz isə dinimizdə haramdır.
Çətin vəziyyətdə olan bir insana borc verərək çətinlikdən çıxmasına köməklik göstərmək dinimizdə ən böyük xeyir əməllərdəndir. Borc alan kimsə də ona göstərilən xeyirxahlığa qarşı aldığı borcu vaxtında qaytarmalıdır. Borc alan insanın borcu qaytarmaq imkanı yoxdursa, ona möhlət vermək və ya borcun müəyyən hissəsini bağışlamaq da olduqca fəzilətli bir davranış olub, imanla bağlı məsələdir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin. Bilmək istəyirsinizsə, (borcu) ona sədəqə və ya zəkat olaraq bağışlamağınız daha yaxşıdır. Allaha tərəf qaytarılacağınız gündən qorxun!”. (əl-Bəqərə 2/280-281)
İnsana bütün imkanları lütf edən Allahdır. Odur ki, bir müsəlman borcunu ödəmək üçün çalışarkən yalnız Allahdan yardım istəməlidir. Çünki müsəlman İslamın izzət və şərəfini təmsil etdiyi üçün Allahdan başqasına möhtac olmağı qəbul etməz.
ŞƏRHLƏR