QADINLAR OXUYA BİLƏR?

QADINLAR OXUYA BİLƏR?

Tarix boyunca qadın və qadın haqları istismar edilən məsələlərdən biri olmuşdur. Ancaq bu da bir həqiqətdir ki, xoşbəxt cəmiyyətin təməlini ailə, ailənin əsasını da xanımlar şəkilləndirir. Bu baxımdan xanımın elmi-mədəni-əxlaqi səviyyəsi və vəziyyəti birbaşa cəmiyyətin formalaşmasına təsir edir. Məşhur xeyriyyəçimiz H. Zeynalabdin Tağıyevin də dediyi kimi: “Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanırsınız”.

Həyatın hər mərhələsində “oxu” əmrinin təzahür etməsini arzu edən İslam dini xanımların da elmə yönəlməsini və bu sahədə söz sahibi olmasını tələb edir. Elm öyrənmənin hamıya (kişi-qadın) fərz olmasının əsas hikməti də məhz budur. Fəqət əfsuslar olsun ki, məsələnin əslindən bixəbər və yaxud qərəzli yanaşması olan şəxs və məfkurələr İslamın xanımları elm və təhsildən kənar tutduğunu iddia edir və bunu məqsədli şəkildə yayır. Tədqiq etmə imkanı olmayan insanlara da buna inanmaqdan başqa bir yol qalmır. Əvvəla onu qeyd edək ki, xanımlara həyatın heç bir mərhələsində yer verməyən və “üz qarası” kimi qəbul edən bir cəmiyyəti əsri-səadətə (səadət çağına) çevirən Hz. Peyğəmbər (s.ə.s) bu islahatları həyatın hər mərhələsində aparmışdır. Elm sahəsində heç bir fərq qoymadan qadınların da elmə yönəlməsini tövsiyə etmişdir. Çünki Quranın əmri olan təfəkkür, oxumaq, tədqiq etmək, yazmaq hamını əhatə edir.

Hz. Peyğəmbər (s.ə.s) öz xanımlarının təlim-tərbiyə və təhsili ilə birbaşa maraqlanmışdır. Hər gün axşam evdə onlarla bir yerə toplaşır və müəyyən elmi məsələləri müzakirə edirdilər (Müslim, Rada, 46). Xanımı Hz. Aişənin dövrün ən önəmli fəqihlərindən və çox hədis rəvayət edən (müqsirun) ravilərdən biri olması xanımlarının elm əhli olmasını istəməsinin göstəricisidir. Xanımlarının müəlliməsi olan Abdullahın qızı Şəfa belə deyir: “Mən Hafsanın yanında olarkən Hz. Peyğəmbər (s.ə.s) gəldi və belə dedi: “Buna yazını öyrətdiyin kimi “Nəmlə (insanın vücudunda çıxan yara növü)” müalicəsini də öyrədə bilərsən?” (Əbu Davud, Tibb, 18) Buradan da aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) xanımlarının oxuyub-yazmağı öyrənməsi üçün xüsusi müəllimlər təyin etmiş, müalicə kimi dünyəvi faydası olan məsələlərdən də agah olmalarını istəmişdir.

Bir gün bayram namazından sonra Hz. Peyğəmbər (s.ə.s) xütbə oxuyarkən qadınlardan biri qalxaraq ona belə müraciət etmişdi: “Ey Allahın Rəsulu! Sizin kəlamlarınızdan və elminizdən ancaq kişilər istifadə edir. Biz bundan məhrum qalırıq. Bizim üçün də bir gün ayırsanız və Allahın sizə öyrətdiklərini bizə də öyrətsəniz olmazmı?”. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s) xanımlara xüsusi bir gün və məkan təyin etdi və onların elm öyrənmələrinə şərait yaratdı. (Buxari, Etisam, 9)  Hz. Peyğəmbər (s.ə.s) nazil olan ayələri əvvəla kişilərə, sonra da qadınlara oxuyardı.

Hz. Peyğəmbər (s.ə.s) qadınların təhsil məsələsini xanımı Hz. Aişəyə tapşırmışdı. Beləliklə, xanımların utanıb soruşa bilmədikləri məsələləri rahatlıqla Hz. Aişə anamızdan soruşub öyrənə bilirdilər. Bununla əlaqəli anamız belə demişdir: “Ənsarlı qadınlar necə də yaxşı qadınlardır. Həyalı olmaları onların dini məsələləri öyrənməsinə mane olmamışdır”. (Müslim, Heyz, 61)                      

İslam mədəniyyət tarixinə nəzər yetirdikdə görürük ki, məşhur fiqh alimi Tacəddin əs-Sübqinin yetişməsində əməyi keçən ustadların arasında 19, Süyutinin 33, İbn Həcərin 53 və İbn Əsakirin yetişməsində 80 qadın müəllimənin adı qeyd olunur. Deməli, dini qaydalara riayət edərək xanım müəllimələr də alimlərin yetişməsinə öz töhfəsini vermişdir.

Hz. Peyğəmbər (s.ə.s) dövründə elm mərkəzi kimi “suffə” adı verilən məkan fəaliyyət göstərirdi. Əshabı-suffə Hz. Peyğəmbər (s.ə.s) tərəfindən bu mərkəzdə yetişdirilmişdir. Mənbələrə nəzər yetirdikdə aydın olur ki, qadınlar üçün də xüsusi tədris məkanı təxsis edilmişdi. Bu yerə “suffətun-nisa” (qadınlar suffəsi) deyilirdi. əl-Qa`qa ibn Xədrad adındakı səhabənin xanımı, Buqeyrədən nəql edilən bir rəvayətə görə, belə demişdir: “Mən qadınlara məxsus suffədə oturarkən Rəsulullahın sağ əli ilə işarələr edərək xütbə oxuduğunu gördüm”. (Əhməd b. Hənbəl, Müsnəd 523; Təbərani, Mucəmul-kəbir, 204) Bu rəvayət xanımlara məxsus “suffə” adı verilən məkanın olduğunu göstərir. Yəni Hz. Peyğəmbər (s.ə.s) dövründə xanımların təhsilinə xüsusi maraq göstərilmiş və lazımi imkanlar yaradılmışdır.

Xülasə, İslam dini qadınlara layiq olduğu dəyəri vermiş, təhsil-tədris baxımından kişilərə təmin etdiyi fürsətləri onlara da təqdim etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz