SUAL? - CAVAB!
Sual: İslam dinində “cihad” məfhumu necə başa düşülməlidir, ümumi çərçivəsi barədə məlumat verə bilərsinizmi?
Cavab: Lüğətdə “cəhd etmək, səy göstərmək, mübarizə aparmaq və məşəqqət çəkmək” kimi mənalara gələn “cihad” kəlməsi dini terminologiyada “Uca Allahın yolunda can, mal və digər vasitələrlə mübarizə aparmaq”, eləcə də “ədalət əsasına söykənən ilahi mesajı insanlara çatdırmaq” mənalarına gəlir. Yəni yer üzündə Uca Allahın və insanların hüquqlarını bərqərar etmək üçün həm insanın öz nəfsi, həm də başqaları ilə qarşılıqlı münasibətlərdə mütəmadi olaraq səy göstərməyə davam etməsidir.
Odur ki, cihad başda nəfs ilə mübarizə aparmaq olmaqla yaxşılığı tövsiyə etmək və pislikdən çəkindirmək, cəmiyyətdə yaxşılığın yayılmasına, ədaləti bərqərar etməyə səy göstərmək mənasına gəlir. Belə olan təqdirdə cihad kəlməsi Qurani-Kərimin metoduna müvafiq olaraq insanın olduğu hər yerdə təlim-tərbiyə ilə məşğul olmaq və nəhayət, din və etiqad azadlığına əngəl olanlara qarşı mübarizə aparmaq kimi çox geniş əhatə dairəsi olan bir məfhumdur.
Qeyd edək ki, hələ müharibəyə icazə verilməyən Məkkə dövründə nazil olan ayələrdə məhz cihad termininin bu geniş mənası vurğulanmışdır. Uca Allah “Furqan” surəsinin 52-ci ayəsində belə buyurur: “Kafirlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!” Bundan əlavə, “Ənkəbut” surəsinin 69-cu ayəsində belə buyurulur: “Lakin bizim yolumuzda cihad edənləri, əlbəttə, Öz yollarımıza yönəldərik. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləri ilə birlikdədir”.
Həmçinin Həzrət Peyğəmbərin (s.ə.s) “Əsl mücahid Allaha itaət yolunda nəfsi ilə cihad edəndir” (Tirmizi, “Fəzaili-cihad”, 2; İbn Hənbəl, “Müsnəd”, VI, 20-22) şəklindəki hədisi-şərifi də cihadın fərdi olduğunu vurğulayaraq mahiyyətini açıq-aydın izah etmişdir. Çünki Uca Allahın əmr və qadağaları istiqamətində həyatını formalaşdırmayan insan İslamın gözəlliklərini başqalarına çatdıra bilməz. İnsanın haqsızlıqlara, eləcə də cəmiyyətin pozulmasına aparan fəsadlara qarşı apardığı mübarizə də Həzrət Peyğəmbər (s.ə.s) tərəfindən cihad olaraq səciyyələndirilmişdir. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Cihadın ən fəzilətlisi zalım sultanın yanında haqqı söyləməkdir”. (Əbu Davud, “Məlahim”, 17; Tirmizi, “Fitən”, 13)
Odur ki, əhatə dairəsi bu qədər geniş olan “cihad” məfhumunun çərçivəsini aşağıdakı kimi izah etmək olar:
- Nəfslə edilən cihad: bu, dini düzgün bir şəkildə öyrənmək və əməl edib onu başqalarına öyrətməklə yanaşı, bu yolda hər cür çətinliyə qatlanmaqla olur və bunların hamısının öhdəsindən gələnə “Rəbbani” deyilir.
- Şeytanla edilən cihad: bu, şeytanın dinə yönəlik vəsvəsə və şübhələri ilə, haramları işləməyə dair təşviqlərinə qulaq asmayıb onları dəf etmə yolunda edilən cəhdlər və aparılan mübarizələrdir.
- İnkarçılarla edilən cihad: bu, düşüncə baxımından inkarçılara qarşı aparılan fikri mübarizədir.
- Zalımlar, bidətçilər və haramlara batanlarla edilən cihad: bu da Həzrət Peyğəmbərin (s.ə.s) hədisi-şərifinə müvafiq olaraq əvvəla əl, buna güc yetməzsə dil, bu da olmazsa ürəkdə nifrət etməklə aparılan mübarizədir. Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Kim bir pis əməl görərsə, onu əli ilə düzəltsin, buna gücü çatmazsa, dili ilə düzəltsin, buna da gücü çatmazsa, qəlbi ilə o əməli rədd etsin. Bu isə imanın ən zəifidir”. (Müslim, “İman”, 49)
Görüldüyü kimi, cihad həm İslamın əsas mənbələri olan Quran və Sünnədə, həm də bunların formalaşdırdığı müsəlman mədəniyyətində yalnız döyüş və müharibə mənasında istifadə edilməmişdir. Cihad məfhumu insanın özünü kamilləşdirməsini, bundan sonra isə dünyada sülhü və əmin-amanlığı bərqərar etmək üçün göstərilən səyi, bunun uğrunda aparılan mübarizəni bütövlüklə ifadə edən bir termindir. İslam dininin ümumbəşəri mesajlarının insanlara çatdırılması və onun əsas məqsədlərinin reallaşdırılması sülh yolu ilə təmin edilməlidir. Məhz bu, Qurani-Kərimin açıq-aydın əmridir. Uca Allah “Bəqərə” surəsinin 256-cı ayəsində belə buyurur: “Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Bundan sonra kim tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir!”
Vurğulamaq lazımdır ki, sülh və əmin-amanlıq mənasına gələn “İslam”, salamatlıq, əmin-amanlıq və təhlükəsiz bir gecədə – Qədr gecəsində nazil olan Quran, əmin-amanlıq yurdu mənasında Darus-Salam olan cənnət, Uca Yaradanın ən gözəl adlarından biri, sülhün və əmin-amanlığın mənbəyi mənasına gələn “Salam” kimi mənəvi dəyərləri özündə əks etdirən İslam dininin ən əsas məqsədi bəşəriyyət üçün sevgi, məhəbbət, səadət, xoşbəxtlik və hüzurun bərqərar olmasıdır.
ŞƏRHLƏR