QURAN TƏLİMİ
Quran öyrənmək və oxumaq mömin üçün ən sevimli ibadətlərdən biri və ən böyük həzz qaynağıdır. Buna görə də hansı yaşda olmasından asılı olmayaraq iman əhli olan hər bir kəs Quranı öyrənməyə və oxumağa can atar. Bu davranışı ilə Quranı təkcə özü öyrənməz, ailə fərdlərinin, övladlarının və yaxınlarının da öyrənməsinə çalışar.
Quran oxumağı öyrənənlərin necə bir mükafat alacaqları elə Qurani-Kərimdə bildirilmişdir. Ayədə buyurulur ki: “Həqiqətən, Allahın kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər”. (Fatir, 29)
Peyğəmbər və eyni zamanda bir müəllim olan Hz. Muhamməd (s.ə.s) əshabına həm Quranı öyrətmiş, həm də buna təşviq etmişdir. “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir”, (Buxari, 5028) - hədisi-şərifi bu işin əhəmiyyətini göstərməkdədir. Uca dinimiz ən xeyirli işləri görmək və ən xeyirli insan olmaq üçün yarışmağı tövsiyə edir.
Quran öyrənmək nə qədər şərəfli bir işdirsə, Quran əhli olmaq da o qədər izzətli və şərəfli bir şeydir. “Ümmətimin ən şərəfliləri Quran əhlidir (hafizlərdir)” (Süyuti, I, 36/1063) - buyuran Hz. Peyğəmbərimiz (s.ə.s) əhli-Quranın dəyərini, izzət və üstünlüyünü bizə bildirmişdir.
Quran öyrənmək səhabələrin öz aralarında yarışdıqları bir əməl olmuşdur. Hədisdəki “öyrənən və öyrədən” ifadəsi onlar üçün nəbəvi əmr kimi görülmüşdür. Buna görə də həm özləri öyrənər, həm də bilməyənləri öyrətməyə çalışardılar.
Hz. Peyğəmbərin istəyi ilə əshabi-suffədən olan Musab b. Ümeyr həmin məram və məqsəd üçün Məkkədən Mədinəyə Quran müəllimi kimi gedərək orada da bu izzətli işi başlatmışdır. Elə bu mübarək karvanın davamıdır ki, müstəqillik qazandıqdan sonra məscidlərimizdə Quran xidmətləri başlamış, mədrəsələr açılaraq xalqımızın mənəvi irsi olan Quran elmlərinin daha dərindən öyrənilməsinə şərait yaradılmışdır.
Qurani-Kərim Ümməti-Muhammədə Hz. Peyğəmbər vasitəsi ilə göndərilən ən böyük ərməğan və lütf olmaqla yanaşı, eyni zamanda Xaliqin məxluqa hədiyyəsi və məktubudur. Qurani-Kərimdə: “Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik”, (əl-İsra, 82) – buyurulur. Elə isə nə qədər yaxın olsaq, bizim üçün o nisbətdə rəhmət və şəfa olacaqdır. Başqa bir ayədə: “Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun!..” (Hud, 112) - buyurulur. Demək ki, həm özümüz, həm də bizə əmanət olan ailəmiz və övladlarımız Quranın zahiri və batini tədris və təlimini öyrənməli və başqalarına öyrətməliyik.
Qurani-Kərimin öyrədilməsi üç mərhələdən ibarət olmalıdır:
Birinci mərhələdə hərflər, məxrəc və təcvid qaydaları öyrədilərək Qurani-Kərim düzgün və əskiksiz tilavət edilməlidir. Çünki doğru tilavət olmadan namaz səhih olmaz. Qiraət namazın rüknlərindəndir. Namaz qılarkən qiyamda durmağa gücü yetməyənlər oturaraq namaz qıla bilərlər. Ancaq qiraətsiz namaz olmaz. Birinci növbədə Quranın zahiri qismi olan düzgün oxunuşu öyrənmək və öyrətmək lazımdır. Quran hafizi olunarsa, bu daha yaxşı olar. Yuxarıda da Quran əhlindən bəhs edən hədisi qeyd etmişdik. Qısacası, Quran tədrisində ilk olaraq hüruf gəlir. Yəni düzgün və təcvidlə oxumağı öyrənmək.
İkincisi hüduddur. Yəni əmr və qadağalarına diqqət etmək, buyruqlarını həyatımıza tətbiq etmək, Quranın təlim etdiyi ixlas və səmimiyyətlə yaşamaq. Bu mərhələdə bədən və qəlbin müştərək fəaliyyət göstərməsi lazımdır. Qəlb Quranla kamilləşməlidir ki, əmr və qadağalara qarşı diqqət və həssasiyyəti olsun.
Üçüncü mərhələ xulqdur. Yəni əxlaq; Quranın əxlaqı ilə əxlaqlanmaq. Peyğəmbər əxlaqı, səhabə əxlaqı, tabeun və müctəhid imamların əxlaqı kimi. Ariflər elə ən böyük təhsilin məhz bu mərhələ ilə bağlı olduğunu, digərlərinin bu təhsil və məqama çatmaq üçün vasitə olduğunu bildirmişlər. Əvvəlcə məlumat və biliyə yiyələnmək, sonra öyrəndikləri ilə əməl etmək nəticədə fərdin yüksək insani və İslami keyfiyyətlərə çatmasına, əxlaq və kamilliyin artmasına səbəb olur.
Quran təlimində hər bir mömin və müsəlman göstərilən ardıcıllığı düzgün qurmalı, Qurani-Kərim sevdirilərək öyrədilməli, sadəcə Quranın zahiri bilikləri ilə kifayətlənməməli, Quranın şəxsiyyətin inkişafındakı rolu unudulmamalıdır. Fəzilətlər mədəniyyətinin inşası yolunda mənəvi irsimiz bizim üçün dayaq və stimul olmalıdır.
ŞƏRHLƏR