HƏR KƏS ÜÇÜN TƏHSİL
Bu yaxınlarda qızlar üçün ayrı təhsil mərkəzlərinin yaradılması ilə bağlı fikir səsləndirilmişdi. Təəssüflər olsun ki, fikir sahibi etdiyi çıxışa görə olmazın qınaq obyektinə çevrildi. Həm də söz və fikir azadlığının ən çox tərəfdarı olan liberallar tərəfindən. Yazıda əvvəlcə qısa şəkildə səsləndirilən arqumentləri cavablandırıb əks-arqumentləri irəli sürəcəyik, daha sonra isə qızlar üçün təhsil mərkəzlərindən (məktəb, kollec, universitet) bəhs edəcəyik.
Qızlar üçün ayrıca kollec açılmasına qarşı çıxanların inanc predmetlərini bir kənara qoysaq, onların liberal olduğunu, yəni hər kəsin dini, siyasi, iqtisadi və fikri cəhətdən azad olduğunu, heç kəsin heç kimə sadalanan aspektlərdən müdaxilə (fikri və fiziki) etmə hüququnun olmadığını müdafiə edən şəxslər olduğunu qeyd etməliyik. Problemin həllinə ən üst qatdan baxsaq, qızlar üçün xüsusi təhsil ocaqlarına qarşı çıxanlar ən başda öz ideallarına qarşı çıxırlar. Nəticədə seçim azadlığının tərəfdarları başqalarının seçim azadlığını qısmağa çalışırlar.
“Bütün məktəblərdə, kollec və universitetlərdə qızlar və oğlanlar ayrılsın”, - deyən yoxdur. İfadənin məqsədini düzgün anlamaq lazımdır. Fikir belədir ki, xanımlar üçün ayrıca kollec açılsın və həm qızlarının bu kimi müəssisələrdə təhsil almağını istəyənlər rahatlıqla övladlarının təhsilini davam etdirə bilsinlər və həm də fərdi olaraq müraciətlər edilə bilsin. Deyək ki, biz Şərq insanıyıq, köhnə fikirliyik, ancaq Qərb tədqiqatçılarının, sosioloqların apardıqları araşdırma və keçirdikləri sorğulara görə də qızların və oğlanların birgə təhsili çox zaman təhsilin inkişafında geriləmə yaradır. Müəyyən yaş dövrünə gəldikdə oğlan və qızlarda fikir yayınma halları baş verdiyini etiraf edirlər. Qızlar üçün ayrıca təhsil mərkəzi deyəndə ağıla gələn ilk fikir qızlara qarşı ayrı-seçkilik, onları həyatdan uzaqlaşdırmaq və ən əsası prosesdə dinin rolunun olduğu başa düşülür. Fəqət bu fikirlər bilgisizlikdən qaynaqlanır. İstər Şərqdə, istərsə də Qərbdə həm dini, həm də dünyəvi xeyli sayda belə məktəb nümunələri var. Dəyişən sizin yanaşmanızdır. Təhsil sistemini dəyişdirmədən, müəyyən əlavələr etməklə bunu gerçəkləşdirmək və mükəmməl nəticələr verəcəyini görmək mümkündür.
Etiraf etmək lazımdır ki, Azərbaycanın bir sıra bölgələrində qızlar yetkinlik yaşına çatdıqda məktəblərdən çıxarılır. Bundan başqa, övladlarının yetkinlik yaşından sonra xüsusi məktəblərdə təhsil almasını istəyən ailələr çoxdur. Dünyanın indiki halında fikirlərinə hörmət gözləyənlərin də belə ailələrin və qızların düşüncələrinə, həyat tərzlərinə, inanclarına hörmət bəsləmələri lazımdır. Qızlar üçün xüsusi məktəb/kollec açılacağı təqdirdə qeyd edilən problemlərin həll olunacağı, təhsil səviyyəsinin artacağı, ölkədə xüsusən təhsil sahəsində qadınların rolunun artacağı halda ölkənin xoşbəxtlik və firavanlıq səviyyəsinin də yüksələcəyi görüləcək.
Azərbaycan müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin beşiyidir. Unudulmamalıdır ki, qızlar məktəbi sayəsində qadın məzunlar Çar Rusiyası Azərbaycanının müxtəlif bölgələrində məktəb açdırmış və fəaliyyət göstərmişdir. Məsələn, ilk məzunlardan olan Nazlı Nəcəfova Naxçıvanda ilk qızlar məktəbini açmışdır. Qızlar məktəbi Azərbaycan Cümhuriyyətinin quruculuğuna və elmin inkişafına böyük töhfə vermişdir. Məhz həmin məktəbin yenidən bərpası ilə tarixi yaddaşı bərpa etmək mümkündür. Tarixi yaddaş təhsil sistemi, elmi mühit və dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Bizə həmişə Qərbdən nümunə gətirirlər; demokratik dövlət, mükəmməl təhsil və s. Ancaq Qərbə, xüsusən Britaniyaya baxsaq, onların uzun illərə söykənən ənənəvi qızlar məktəbinin olduğunu və dövlət idarəsində krallığın qorunub saxlanıldığını, onun Baş nazirdən daha çox rəğbət gördüyünü, dövlət simvolu olduğunu qeyd edək. Əgər bizdə olsa, mövhumatçılıqdır, gerilikdir, “ay elə, ay belə” deyə-deyə duracaqlar. Molla Nəsrəddinçilikdən əl çəkmək lazımdır. Hardasa problem varsa, göstərib inkişafı üçün töhfələr vermək lazımdır.
Dünyanın ən inkişaf etmiş ölkələri Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya, İsveç kimi ölkələrdə qızların kollec və universitetləri digərlərindən heç də fərqlənmir, hətta nüfuzlu universitetlər sıralamasında üst pillələrdə yer alır. Məsələn, Amerikada 30-dan çox qızlar kolleci var ki, bunlar xüsusi olaraq Amerika elitasını formalaşdırır. ABŞ dövlət katibləri Hilari Klinton və Madlen Olbrayt qızlar kolleci və universitetlərinin məzunlarıdır. Nobel mükafatçıları Elizabet Bləkbörn, nobel mükafatçısı Doris Lessing... nümunələr çoxdur.
Qərbdə qızlar üçün kollec və universitetlər hər şeydən əvvəl yaxşı təhsil təqdim edir. Yəqin ki, hər kəs qadın və kişinin iki fərqli fizioloji quruluşa və fikir formasına ayrıldığını qəbul edir. Həmin universitetlər məhz bu fərq üzərinə köklənir. Bu, rəssam və musiqiçinin eyni məktəbdə təhsil almağına bənzəyir. Onlardan biri hökmən öz sənətindən məhrum qalır. Bu məktəblər isə həm elm sahəsində, həm də qızlara xüsusi olaraq bütün iş sahələrində adaptasiya ilə bağlı təhsil verir. Həqiqətən, qız kolleclərində hansı dərslərin keçirildiyinə və onların məzunlarının hansı sahələrdə işlədiyinə, qazandıqları uğurlara baxmalı, kimə təhsil verildiyi fikrinə işilib qalmamalı, keyfiyyətli təhsil verib, sağlam nəsil yetişdirməliyik.
ŞƏRHLƏR