ÖZÜNÜZÜ VƏ AİLƏNİZİ QORUYUN!
Böyük dövlətlər kiçik ailələrdən meydana gəlir. Ailə özü də kiçik bir dövlət kimidir. Rəhbərsiz dövlət olmadığı kimi, rəhbərsiz ailə də düşünmək mümkün deyil. Dövləti idarə etmək, vətəndaşların haqq-hüququnu qorumaq, daxildən və xaricdən dövlətə gələ biləcək təhlükələri önləmək, dövləti sarsıdacaq, yıxacaq qüvvələrin və ideologiyaların qarşısını almaq, əhalinin maddi-mənəvi ehtiyaclarını təmin etmək, təhsilinə və təlim-tərbiyəsinə diqqət yetirmək dövləti idarə edənlərin vəzifəsi olduğu kimi, ailəni də idarə etmək və yuxarıda saydığımız amilləri həyata keçirmək ailə başçısının vəzifəsidir.
Uca Allah rəhbər olaraq ailəni mühafizə etmək, ailə fərdlərini hər cür təhlükədən qorumaq vəzifəsini ataya vermişdir. Çünki ata fiziki olaraq güclü-qüvvətli, qərar verməkdə və idarə etməkdə daha iradəli yaradılmışdır. Ana isə daxilən, mənən daha zəngin yaradılmışdır və qorunmağa, qayğıya daha çox ehtiyac duyar. Bu fikri psixoloqlardan tutmuş ədalət sahibi hər kəs təsdiq etməkdədir. Biz analıq vəzifəsini heç də kiçik bir iş kimi görmür, əksinə, bu ağır və çətin prosesdə zahirən daha güclü yaradılmış atanın da ona yardım etməsinə, bütün zəruri ehtiyaclarını təmin etməklə maddi və mənəvi olaraq onun yanında olmasına diqqət çəkmək istəyirik. Bu həqiqəti Uca Allah Qurani-Kərimdə belə bildirməkdədir: “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər...” (ən-Nisa, 34) Ayəyə diqqət etsək, görərik ki, iki səbəbə görə Uca Allah kişiləri daha üstün etmişdir: Birincisi, ailənin xərcləri onun boynundadır, ikincisi və daha ağır olanı isə onları qoruyub himayə etməsidir. Himayədarlıq geniş məfhumdur. Ata ailəsinin təkcə yeməyinə, geyiminə, məskunlaşmasına, dünyəvi təhsilinə və bioloji sağlamlığına cavabdeh deyil. Onların mənəvi baxımdan sağlam olmasında da məsuliyyət daşıyır. Bu məsuliyyəti də ona Uca Allah vermişdir. Deməli, burada ilahi faydalar və bir çox hikmətlər, səbəblər vardır.
Günümüzdə müzakirəyə çıxarılan məsələlərdən biri olan “Gender” bərabərliyini ortaya atmaqla bəzi qüvvələr əslində hər iki tərəfin təbii haqlarını əllərindən almağa çalışmaqdadır. Məlum məsələdir ki, İslamın gətirdiyi ailə nizamı və milli-mənəvi dəyərlərin qorunması bir çoxlarının gözünə batmaqdadır. Dini duyğulardan, milli-mənəvi dəyərlərdən uzaq düşmüş bəzi ölkələrdə ailələr dağılmaqda, bununla yanaşı narkomaniya, cinsi zorakılıq, təcavüz, intihar hadisələri, cinayətkar əməllər çoxalmaqda və əhalinin artımı sürətlə azalmaqdadır. Bunu müşahidə edən İslam düşmənləri ən son qalamız olan ailələrimizi hədəf almaqdadır. Bütün gücləri ilə - sosial şəbəkələr, media orqanları, seriallar vasitəsilə yaydıqları fikirlərlə və ən əsası da müasirlik adı altında övladlarımızı, gəncliyimizi özlərinin düşdüyü mənəvi böhrana və uçuruma aparmağa çalışırlar.
Otuz il bundan əvvəl xarici kinolarda gördüyümüz insanın qanını donduran dəhşətli səhnələri bu gün öz gözümüzlə görüb şahidi oluruq. Gələcək necə olacaq, bunu kimsə bilmir, amma bilinən bir şey var ki, ailələr sürətlə dağılmaqda, bunun nəticəsində də başsız, rəhbərsiz, qorumasız, qayğıya və mərhəmətə möhtac ailələr, uşaqlar çoxalmaqdadır. Məhz bütün bu neqativ halların qarşısını almaq üçün Uca Allah ataya “qəyyumluq” - ailəni qorumaq və himayə etmək vəzifəsini vermişdir. Bu haqda bəhs olunan ayədə Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, əmr ediləni yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir”. (ət-Təhrim, 66) Bu ayə nazil olduğunda Həzrət Ömər (r.a) Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulallah! Özümüzü (cəhənnəm odundan) qorumağa çalışırıq, bəs ailəmizi necə qoruya bilərik?”- deyə sual verdi. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Allahın sizə əmr etdiyi şeyləri onlara da əmr edin və Allahın qadağan etdiyi şeyləri onlara da qadağan edin. Məhz bu, onları qorumaqdır”. Elə isə müsəlmanın əsas vəzifəsi evini İslamın yaşandığı bir ev halına gətirməkdir.
Müsəlmanın dinini təbliğ edəcəyi ilk yer öz ailəsidir. Müsəlman öz dinini şəxsən yaşadığı kimi, ailə fərdlərinin də bu dini yaşamasını təmin etməlidir. Evini bir İslam məktəbi halına gətirməlidir. Təsəvvür edin ki, bir ailədə hər kəs ibadətlərini yerinə yetirir, hər kəsin üzü gülür, hər kəs bir-birinə mərhəmətlə davranır, mehribandırlar və heç kim bir-birini incitmir. Bu ailədə söz-söhbət, anlaşmazlıq olarmı? Beləcə, ailələr xoşbəxt olduqda cəmiyyət də xoşbəxt olar. Çünki ailə cəmiyyətin qalasıdır. Ailə cəmiyyətin ilk məktəbidir. Ata-ana isə bu məktəbin ilk müəllimləridir. Ata-ana övladlarına gözəl tərbiyə verdikləri zaman bu məktəb gözəldir. Çalışaq, evimizi İslamla aydınlanan səadət yuvası halına gətirək. Peyğəmbərimizin (s.ə.s) buyurduğu bu hədisi-şərifi heç vaxt unutmayaq: “İçində Allahın adı anılan ev diriyə, Allahın adı anılmayan ev isə ölüyə bənzəyir”. (Müslim, Müsafirin, 211)
ŞƏRHLƏR