PAYLAŞMAQ XOŞBƏXT EDİR!
Bir şamla minlərlə şamı yandırmaq olar və şamın ömrü qısalmaz. Paylaşmaq da belədir. Paylaşmaqla xoşbəxtlik heç vaxt azalmır...
İnsan sosial varlıqdır. Ətrafındakı insanlarla ünsiyyət qurmaq onun əsas psixoloji ehtiyaclarından biridir. O öz fikir və düşüncələrini dünyada onunla birlikdə yaşama şansına sahib olan insanlarla paylaşdıqca mənəvi olaraq daha da zənginləşir və varlığının dəyərini hiss edir. Başqalarının gözündə var olmağa ehtiyac duyan insan, özünü ətrafındakı insanların zövqünə uyğun dizayn etməyə başlayır. Özü kimi görünməkdən çox başqalarının istədiyi kimi görünməyə çalışır. Cəmiyyətin tələbinə uyğun davranışlar sərgiləyir, zövqlərini ona görə formalaşdırır və kollektiv şüur ilə yaşamağa məcbur olur. Bütünlükdə hər şey onun istədiyi kimi baş vermir. Zövqləri və istəkləri uşaq yaşlarından yetişdiyi mühit tərəfindən formalaşdırılır, gedəcəyi yola istiqamət verilir.
Bunun əksini düşünmək isə sözün həqiqi mənasında çox çətindir. Tək adamlıq hücrələrdə cəzalarını çəkən məhkumlar bir müddət sonra ciddi psixoloji problemlərlə qarşı-qarşıya qalırlar. Təklik və yalnızlıq insanı özündən və ruhundan uzaqlaşdırır. Ətrafımızdakı insanlar əslində bizim üçün güzgü rolunu oynayır. Əlimizdə güzgü olmadığı zaman üzümüzdəki nöqsanları görə bilmədiyimiz kimi, davranışlarımızın da nöqsanlarını görmək üçün mütləq ətrafımızda insanların olması lazımdır. İnsanların tələblərinə uyğun sərgilədiyimiz davranışlar yüksək qiymətləndirildiyi zaman xoşbəxt oluruq.
Daxili ruh halımızı yaxşılaşdıran davranışlardan biri də paylaşmaqdır. Sevgini, təbəssümü, sahib olduğun malı və imkanı paylaşmaq. Kimin nəyi varsa, onu paylaşdığı zaman xoşbəxt olur. Sadəcə özünü düşünüb, özü üçün yaşayan eqoist insanlar davamlı olaraq həyəcan və təşviş içərisində olur və sahib olduqlarının zövqünü belə yaşamağa çətinlik çəkirlər. Paylaşmaq malı azlatmadığı kimi, əksinə, malı daha da bərəkətləndirir və çoxaldır. Sahib olduğun elmi paylaşmaq elmini daha da zənginləşdirir. Çünki öyrənməyin ən gözəl yollarından biridir öyrətmək. Öyrətdiyin zaman daha çox öyrənirsən. Sahib olduğun maldan paylaşdıqca daha çoxuna sahib olursan. Dünyada qoyulan ilahi mexanizm budur. Bir zəngindən soruşurlar: Necə olub zəngin oldun? O da cavab olaraq deyir ki, Allahla yarışdım. Allah verdi, mən verdim, ən sonunda Allah qazandı və mən zəngin oldum. Bu, həyatın sadə düsturudur. Bir qabın içərisinə yeni suyun və ya mayenin daxil olması üçün mütləq şəkildə içərisində olan mayenin boşalması lazımdır. Davamlı bir yerdə qalarsa iylənər, xarab olar və insana faydasından çox zərəri toxunar. Mal-mülk də belədir. O, paylaşıldığı zaman sahibinə xeyir verər. Yerində qaldığı zaman isə dərdə, təhlükəyə və mənəvi narahatlığa səbəb olar.
Paylaşmaqdan söz açılmışkən bir də günümüzün əsas trendlərindən olan sosial media üzərindən edilən paylaşımlara da nəzər yetirmədən keçmək doğru olmazdı. Belə ki, bu gün hər birimizin bildiyi müxtəlif məşhur sosial şəbəkələr insanlardakı paylaşma ehtiyacının yarısından çoxunu qarşılayır. Ancaq bu paylaşmaqla bizim qeyd etməyə çalışdığımız paylaşma duyğusu bir-birindən tamamilə fərqlənir. Sosial şəbəkə istifadəçisi olan hər kəs, demək olar ki, öz səhifəsində heç bir zaman neqativ duyğulara yer vermir. Davamlı olaraq bahalı restoranlardakı yeməklərindən, əzizləri ilə yaşadığı xoş günlərindən, həyatda qazandığı uğurlardan bəhs edən paylaşımlar edir. Sanki həmin insanın həyatında hər şey davamlı olaraq yaxşı gedir, dərd çəkmir, yoxluğun nə olduğunu bilmir və o, anadan doğulduğu gündən bu günə kimi xoşbəxt həyat yaşayır, belə də yaşamağa davam edəcək. Bunu izləyən zavallı dostları da eyni həyatı yaşaya bilmədiyi üçün ruhən əzab çəkir və özünü lazımsız əşya kimi hiss edir. Bizim ifadə etməyə çalışdığımız paylaşma ruhunda isə sahib olduqlarını başqalarına göstərmək yox, başqaları ilə bölüşmək durur. Özünü başqalarına göstərmək onlara əzab verər, sahib olduqlarını onlarla bölüşmək isə onları və səni xoşbəxt edər.
Yuxarıda qeyd etdiyimiz sosial şəbəkə qəhrəmanlarının həyatında gördüklərimiz də əslində mütləq bir xoşbəxtlik deyil. Sənə onu xoşbəxtlik kimi göstərib səni də eyni sistemin içərisinə daxil etmək istəyən bir sistem var. Hər kəs çox şeyi özü istədiyini zənn edir, ancaq unudur ki, onun istədiyini ona göstərən və ona istədən bir sistem var. Görmədiyin, bilmədiyin bir şeyi istəmək sənin heç ağlına da gəlmir. O vaxt sən bir şeyi istəməyə başlayırsan ki, həmin şeyi sənə göstərirlər, ehtiyacın olduğunu deyirlər və sən onu istəməyə başlayırsan. Əldə etmək üçün isə dəridən-qabıqdan çıxırsan.
Son olaraq, unutmayın, xoşbəxtliyin özü belə bir dostla paylaşılmadığı zaman yarımçıq olur. Paylaşdığın sənindir, yığdığın isə yox. Sevinc paylaşıldığı zaman çoxalır, dərd paylaşıldığı zaman azalır...
ŞƏRHLƏR