QIZLAR MƏKTƏBİ
1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqinin ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı.
Bakıda qızlar məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, cavab müsbət olmur. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd edir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına diqqət yetirirdi. Tağıyevin səylərinə baxmayaraq Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılırdı. Nəticədə məktəb binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olundu. Nəhayət, müsəlman qızlar məktəbi Bakıda "İsmailiyyə” binasının yanında tikildi.
Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardım göstərir, məktəbin müəllimlərindən biri, sonra da müdirəsi olur. Şəhər əhalisi məktəbin açılışına toplaşır və qızlar məktəbi fəaliyyətə başlayır. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Bununla bərabər, Azərbaycan dili və din dərsləri də keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunur. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır. Yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən Hacı böyük məbləğdə pul ödəyərək məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Bir neçə il sonra Bakıda qız məktəblərinin sayı artdı.
Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirdi. 1919-cu ilin əvvəllərində Bakı Qızlar seminariyası ümumi Müəllimlər seminariyasına çevrildi.
"Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağı ilk qığılcım kimi cəmiyyətimizin maarif və təhsil sahəsində canlanma yaratdı. Bu məktəbin məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayıb onun maarifçiliyinə böyük töhfə verdilər. Məktəbini bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak etmişdir.
Cəmiyyətimizin təhsil və maarifçilik tarixində dönüş nöqtəsi olan Qızlar məktəbi, illər keçsə də, xatırlanacaq və nəsildən-nəslə əvəzsiz nümunə kimi yad ediləcəkdir. Böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq.
Qız məktəbində
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
- Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…
Hüseyn Cavid
ŞƏRHLƏR