CELALETTİN KARAKUŞ: “UŞAQLA ÜNSİYYƏTİN DİLİ OYUNDUR”.

CELALETTİN KARAKUŞ: “UŞAQLA ÜNSİYYƏTİN DİLİ OYUNDUR”.

Celalettin Karakuş kimdir?

1989-cu ildə Konyada dünyaya gələn Celalettin Karakuş İzmir İmam Xətib Liseyində orta təhsilini tamamlayaraq İstanbul Mərmərə Universitetinə daxil olmuş və 2013-cü ildə buradan məzun olmuşdur. Lider Təlim Gənclik və İdman Klubu dərnəyində fəaliyyət göstərərkən eyni zamanda din təhsili sahəsində magistratura dərəcəsi almışdır. Hal-hazırda Acıbadəm Özəl Kollecində Qurani-Kərim və din dərsləri verir.

İrfan: Celalettin bəy, əvvəla, Azərbaycana xoş gəlmisiniz. Müşahidə etdiyimiz qədərilə azyaşlı uşaqların təlim və təhsili ilə məşğul olan təlimçilərə verdiyiniz seminarlar çox faydalı oldu. Gəlin, uşaq tərbiyəsinin əhəmiyyətini qısa xülasə edək.

Celalettin Karakuş: Əslində uşaq tərbiyəsi o qədər mürəkkəb məsələdir ki, bu haqda nə qədər danışsaq, yeridir. Çünki ailə, iş, alış-veriş, ibadət, sevgi, paylaşma və s. sahələrdə sərgilənən davranış formalarının toxumları uşaqlıq dövründə atılır. Yediyimiz qidaların bədənimizin inkişafındakı rolu nədirsə, uşaq yaşlarda verilən təlim və tərbiyənin də xarakter inşasındakı rolu bir o qədər mühümdür.

Biz “eğitim” deyirik və bu da “eğmek” (əymək) kökündən gəlir. Qarşıdakını dönüşdürmək, ona istənilən davranışları qazandırmaq deməkdir. Bunun üçün əvvəlcə “eğitim”çinin əyilməsi, özünü dönüşdürməsi lazımdır. “Hər kəs aldığını satar” düsturu ilə tərbiyəçinin də öz heybəsini tərbiyəvi materiallarla doldurması lazımdır. Bir cibində hekayə, bir cibində oyun, bir cibində video, bir cibində tapmaca, bir cibində yanıltmac... Bu vəsfləri özündə cəm edən bir tərbiyəçi tam təchizatlı şəkildə döyüşə gedən əsgər kimi müvəffəqiyyət qazana bilər.

Təlim-tərbiyənin digər mühüm xüsusu görülən işi sevməkdir. İşini sevən şagirdini sevər, şagirdini sevən onu düzgün tərbiyələndirər. Çünki insan sevdiyini qazanar, sevdiyini müsbət mənada dəyişər.

- Biz böyüklər olaraq uşaqlara nə isə öyrətmək dərdindəyik, onlarsa oyun oynamağa həvəslidirlər. Belə olan təqdirdə ortaq məxrəcə necə gələ bilərik?

- Atalarımız nə gözəl deyib: “Oynamayan dayçadan at olmaz”. Təlimin qayəsi nədir? Təlim-tərbiyədə elm nə qədər mühüm yer tutur? Bu suallara veriləcək cavablar şagirdinin necə tərbiyə olunacağı məsələsinə işıq tutar. Elm və bilginin nisbətən dəyərdən düşdüyü, davranışların ön plana çıxdığı günümüzdə şagirdlərə müştərək işləmə şüurunu, yardımlaşma və problem həll etmə bacarığını, məsuliyyət altına girməyi, özünü ifadə etməyi, duyğularını nəzarət altına almağı və bir çox buna bənzər davranışları öyrədəcəyimiz təqdirdə onları gələcəyə hazırlamış olacağıq. Bu davranışları qazandırmağın yolu da onları aktivləşdirməkdən keçir. Beləliklə, şagird oyun oynayaraq gerçək həyatın məşqini etmiş olar.

Tərbiyədə bizi hədəfə çatdıracaq bir çox metod var. İnsan fitrətinə ən münasib olan metodlardan biri də oyundur. “Uşağı olan onunla uşaqlaşsın” buyuran Peyğəmbərimiz (s.ə.s) bununla təlimçilərə mühüm tərbiyə metodu tövsiyə edir.

- Çox doğru qeyd etdiniz. Belə bir səhv anlayış var: oyun varsa ciddiyyət yoxdur. Bu fikrə münasibətiniz necədir? Öyrətmək üçün ciddiyyət mütləqdirmi?

- İnsanlar dil vasitəsilə ünsiyyət qurur. Bəs yaxşı, uşaqların ünsiyyət dili nədir? Uşaqların asan,  mənalı, özünü asanlıqla ifadə edə biləcəyi, ətraf mühitlə münasibət qura biləcəyi yeganə dil oyundur. Goethe deyirdi ki, “Uşaq oynayaraq öyrənər, ciddiyyət qarşısında çaşıb qalar”. Ciddiyyət müəllimin peşəsinə bəslədiyi rəğbətdir. Peşəsinə bağlı müəllim isə şagirdinin könlünə gedən hər yola baş vurar.

Müəllim istəyər ki, şagirdi ona qulaq assın. Bunun üçün ən başda müəllim şagirdini dinləməlidir ki, şagird də müəlliminə qulaq versin. Bu məqamda oyunlar müəllim və şagird arasında körpü rolu oynayır.

Şagirdlərimizin dünyasına girə bilmək üçün onların pəncərəsindən baxmağı bacarmalıyıq. Onların dünyasında oyun var. “Uşaq oyunla ağıllanar” deyən Mövlana təlimçilərə şagirdə yaxınlaşma yolunu göstərir. 

- Bir tərbiyəçi olaraq təlimçilərə ürək sözünüz varmı?

- Oyun uşaqların təməl ehtiyaclarından biridir. Bu ehtiyacın önünü kəsmək uşaqların təbii mühitlərindən təcrid olunmasına və beləliklə sağlam fərdlərin yetişməsinə mane olacaq. Bu ehtiyacın qarşılanması isə onların dünyalarını rəngləndirəcək və inkişaflarına təkan verəcək. Mənə görə müəllim nə qədər çox şey anlatmaq istəyirsə, şagirdi ilə bir o qədər oyun oynamalıdır.

Təlim-tərbiyənin təməlində sevgi var. Bu sevgi təməllərini gücləndirənsə oyundur. Oyun vasitəsilə müəllim və şagird arasında əlaqə qurulur. Şagirdlə ünsiyyət dili oyundur. Günü pis keçən uşaqlar “söhbət edək” deməzlər, “oyun oynayaq” deyərlər.

Sözümü belə bir dua ilə bitirmək istəyirəm: Allahım, bizi sev, bizə işimizi və şagirdimizi sevdir, İslam dinini övladlarımıza sevdir! Bizim vasitəmizlə şagirdlərimizi sevindir!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz