PAXLAVA VƏ CƏZA

PAXLAVA VƏ CƏZA

Yasamal rayonu hakimi bir qutu südlü paxlava oğurlamış on beş yaşlı oğlanın işinə baxırdı. Oğlan deyirdi, ömründə birinci dəfədir oğurluq edib, atası onları atıb gedib, anası xəstəxanada süpürgəçilik edir, bacısı ikinci dərəcəli əlildir, qonşular arada ətli yemək verəndə, evlərində toy-bayram olur. “Hər şey birdən oldu, bir də belə şey eləmərəm, yalvarıram, nə olar, məni buraxın!”. Sahibkarsa deyirdi ki, bu gədə gözünün içinə qədər yalan danışır, heç də hadisə birdən-birə olmayıb, işçiləri əvvəllər də onu mağazada görübmüşlər.

- Əvvəl mağazaya gələndə nəsə oğurlayıb? – hakim, sahibkara sual verdi.

- Yox, amma plan qururmuş.

- Hardan bilirsiz plan qururmuş?

- Möhtərəm hakim, bunu bilməyə nə var? Adi məntiq belə deyir ki...

- Adi məntiq heç nə demir. Bəlkə, uşaq sizin mağazaya gəlibmiş paxlavalara baxıb gözünün qurdunu öldürsün?

- Olmadı ki! Gözünün qurdunu öldürmək nədi? Bir də ki, on beş yaşında uşaq olur? ­– iddiaçı istehzalı təbəssümlə deyib başını buladı.

- Mənim məhz elə on beş yaşım olanda, tez-tez Moskva univermağına gedib, oyuncaq maşınlara baxa-baxa gözümün qurdunu öldürürdüm. Sovet vaxtıydı, atam zavodda ayı doxsan manata mühəndis işləyirdi, anam işləmirdi. Talonla ayda dörd kilo yağ, ət alırdıq. Nə isə. Bu yaxınlarda bacanağımın ad günündə həmin o südlü paxlavadan yedim. O qədər dadlıydı ki. Nə isə. Bu oğlanın oğurladığı paxlavanın qiyməti nə qədərdi? – hakim soruşdu.

- Hmm, hardasa qırx manat.

Hakim cibindən bir əllilik çıxardıb sahibkara başıyla işarə etdi ki, yaxınlaşıb götürsün. Sahibkar təəccüblə ona baxıb başını yellədi.

- Gəlin götürün də, on manat qalığı qaytarmaq şərtiylə... Nə baxırsız, gəlin də.

- Siz nə danışırsız, möhtərəm hakim? –ittihamçının sifətində yazıq, heyrətli bir təbəssüm yarandı. – Yəni mən o qədər...

- Bilirsiz, sizə baxanda nə yadıma düşdü? – əlliliyi cibinə qoydu. – Osmanlı dövründə bir sini paxlava oğurlayan iki yeniyetmə oğlanı tutub qazının yanına gətirən dükan sahibi. Qazıdan israrla tələb edirmiş ki, hər ikisinin əli kəsilsin.

- Siz nə demək istəyirsiz? – sahibkar səs tonunu azca qaldırdı. – Vallah bu lap ağ oldu. O qədər də yox də.

- Yeri gəlmişkən, mən sizin obyektlərlə tanışam, şəhərin bir neçə yerində paxlava dükanınız var. Amma vergilərdən yayınırsız, bu bir, – hakim məzəmmətlə başını buladı. – İkincisi, müəlliflik hüququ məsələsi. Bu məsələdən Türkiyə səfirliyi xəbər tutsa, bilirsiz necə skandal baş verə bilər? Təsəvvür edin, onların Xarici İşlər Nazirliyi bizə etiraz notası yollayır, – hakim sahibkarı qorxutmaqçün nota məsələsini uydurdu. – Son müharibədə gördünüz Türkiyə bizə necə dəstək oldu, siz isə? – yenə məzəmmətlə başını buladı.

- Deyirsiz Bakıda nə qədər türk paxlavası dükanları var, onların hamısının, hmm, nədi onun adı, müəllimlik hüququ var? – iddiaçı udqunaraq dedi.

- Müəllimlik yox, müəlliflik. Bəli, o mağazaların əksəriyyəti ya Türkiyəyə bağlıdı, ya da bizimkilər qanuni yolla lisenziyalarını alıblar. Ona görə, – gözlərini ağardaraq əlavə etdi, – sizin işləriniz çoox çətin olacaq.

- Nə təklif edirsiz, möhtərəm hakim? – sahibkar səsini yavaşıtdı, ora-bura baxdı, sifətində “Bəlkə, məsələni pulla həll edək” təklifi göründü.

- Mən iddiayla bağlı yazılı yox, şifahi qətnamə çıxardacam. Belə qətnamələri yeri gəlmişkən, orta əsrlərdə qazılar çıxardırdı. Siz bu uşağı Tarqovudakı paxlava dükanına işə düzəldəcəksiz. Elə orda da paxlava bişirməyi öyrənər, – üzünü yeniyetməyə tutaraq, – Südlü paxlava bişirmək istiyirsən?

- Hə, hə, istiyirəm, – yeniyetmə həvəslə, ürəklə cavab verdi.

- Bax, indidən deyirəm, işə düzələndən sonra ordan pul, ya paxlava oğurlasan, birbaşa uşaq kaloniyasına göndərəcəm səni, başa düşdün?

- Hə, – yeniyetmə qorxa-qorxa cavab verərək iki dəfə başını tərpətdi.

- Qərar sizi qane etdi? – hakim üzünü iddiaçıya tutdu.

- Qane etdi, – sahibkar qısa pauzadan sonra könülsüz cavab verdi, nifrətlə yeniyetməyə baxıb başıyla “Gedək” işarəsini verdi.

Üç ay sonra axşamüstü hakim həm sahibkarın kasıb oğlanı işə götürüb-götürmədiyini bilmək, həm də südlü paxlava almaqçün hava qaralanda, Nizami küçəsində yerləşən mağazaya getməyə qərar verdi.

O, bir qırağa çəkilib çöldən, şüşə qapıdan hər ikisinə tamaşa edirdi. Ətə-qana gələn həmin oğlan bir əlində çay dolu stəkan, o birində paxlava həvəslə nədənsə danışır, sahibkarsa ürəkdən gülürdü. Sözarası müdir iki dəfə oğlana başıyla işarə etdi ki, çayını iç. O, buna əhəmiyyət vermədi. Müdir gözünü ağardıb “Çayını iç” deyəndə, oğlan tez paxlavanı ağzına apardı. Onun bu əmri tez yerinə yetirməyinə, paxlavanı tez-tez çeynəyib ardınca tələsik iki qurtum çay içməyinə hakimin gülməyi tutdu. Sonra deyəsən, paxlava oğlanın boğazında qaldı, ya qıcıqlandırdı boğazını, öskürdü. Müdiri əliylə oğlanın belinə vura-vura onu danladı ki, hara tələsirsən. Özünə gələn oğlan nəsə dedi, müdir yenə güldü. Hakim anladı ki, içəri girsə, onlar əl-ayağa düşəcək və çox güman, alacağı paxlavanın pulunu ondan götürməyəcəklər. “Əşi gedib başqa yerdən alaram,” – deyib oradan uzaqlaşdı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz