“UĞURSUZ” ANLAYIŞ
Cəmiyyətləri formalaşdıran əsas amillərdən biri də adət-ənənə və dəyərlər sistemidir. İslami nöqteyi-nəzərdən bu xüsusların qəbuledilən olması üçün dinin əsas mənbələrinə müvafiq olması mütləqdir. Odur ki, el arasında yayğın olan bəzi anlayış və adətlər dinə müvafiq olduğu halda, bəzilərinin heç bir dini əsası yoxdur. Bunları dinin bir parçası kimi göstərmək də əbəs və yersizdir. Bu yazıda el arasında yayğın olan bəzi “uğursuzluq”lara və onların dini baxımdan dəyərlərinə təmas ediləcəkdir.
Əvvəla onu qeyd edək ki, İslam dini hər hansı bir şeyin (gün, gecə, əşya, insan və s.) uğurlu və yaxud uğursuz olduğunu qətiyyətlə qəbul etmir. Hz. Peyğəmbər (s.ə.s) bu məsələ barəsində belə demişdir: “İslam dinində “təşə`üüm” (uğursuz saymaq, şərrə yozmaq) yoxdur, əksinə, “təfə`üül” (xeyrə yozmaq) vardır”.( Buxari, Tibb, 54) Başqa bir rəvayətdə də: “Əşyada uğursuzluq yoxdur, səfər ayında uğursuzluq yoxdur, bayquşun ulamasında uğursuzluq yoxdur”, (Buxari, Salam, 102) - buyurulmuşdur. Odur ki, bu hədislər bəzi əşya və ya günləri uğursuz qəbul etməkdənsə, onların uğurlu olduğunu və xeyrə yozmağın daha məqsədəuyğun olduğunu göstərir.
El arasında səsləndirilən və uğursuz, nəhs kimi qəbul edilən anlayışlardan biri, bəzi günlərin, hətta bəzi rəqəmlərin uğurlu və yaxud uğursuz hesab edilməsidir. Məsələn, 13 rəqəminin uğursuz olduğu cəmiyyətimizdə əksəriyyət tərəfindən -mənşəyi araşdırılmadan- qəbul edilən və heç bir dini əsası olmayan əqidədir. Bu baxımdan bəzi nəqliyyat vasitələrində və nömrə seriyalarında 13 seriyasının olmaması, hətta binalarda 13-cü mərtəbə yerinə 14-cü mərtəbənin qeyd edilməsi düşündürücüdür.
Bundan başqa, çərşənbə axşamları işə başlamanın uğursuz sayılması, axır çərşənbədə qismətlərin yazıldığı, günəş batma əsnasında nə arzulansa qəbul olunacağı, bazar və ya şənbə günlərində iş görülməyəcəyi və s. kimi xalq arasında yayılmış gün və zamanla əlaqədar əqidələrin dini mənbələrdə əsası yoxdur. Bu inanışlar tamamilə nəsildən-nəslə, əsası araşdırılmadan ötürülən məlumatlardır.
İslam dinində, ibadət üçün müəyyən edilən vaxtlar xaricində, zamanla bağlı olaraq “bu zamanda filan şey edilməz”, “bu vaxtda filan şey edilməlidir” kimi hər hansı sinifləndirmə yoxdur. Zaman yalnız baş verən hadisələrə görə dəyərli və ya zərərli ola bilər. Dini cəhətdən günlər, gün olması baxımından bir-birinə bərabərdir. Buna əsasən insan istədiyi zaman işə başlaya bilər, istədiyi zaman da səyahət və ya digər dünyəvi işlərlə məşğul ola bilər. Alimlərə görə, bəzi vaxtların uğursuz qəbul edilməsi bizə digər dinlərdən keçmişdir. Məsələn, xristianlar çərşənbə axşamı gününü uğursuz, bazar günündə isə işləməyi günah qəbul edirlər. Yəhudi dinində şənbə günü iş görülməz, əgər iş görülərsə günah sayılır. Hədis alimi Münavi bu anlayışın yersiz olduğunu belə dilə gətirmişdir: “Münəccimlər kimi uğursuzluq düşüncəsi ilə bəzi günlərdə hər hansı bir iş görməmək və işləməmək qəti şəkildə haramdır. Çünki həftənin hər günü Allahındır. Təkbaşına nə faydası, nə də zərəri var. Kim günlərə uğursuzluq nisbət edərsə, öz-özünün uğursuzluğuna düçar olar. Hər kim də Allahdan başqa heç kim və heç bir şeyin fayda və ya zərər verməyəcəyindən əmin olarsa, heç bir şey ona mənfi təsir göstərməz. Bil ki, uğursuzluq ancaq ona inanan kəsə gələr. Odur ki, əsl fəlakət məhz bu əqidədir”.
Bəzi bölgələrdə yayğın olan və davam edən adətlərdən biri də iki bayram arasında nikah qıyılmaması, yəni toy edilməməsidir. İslam hüququ baxımından evliliyin səhih olması üçün müəyyən şərtlər qoyulmuşdur. Bu şərtləri kitab, sünnə, icma və qiyas çərçivəsində incələdikdə “iki bayram arasında evlənmək olmaz” kimi bir qaydaya təsadüf edilmir. Buna görə də, dini nöqteyi-nəzərdən iki bayram arasında nikah kəsmək mübah əməl kimi qəbul edilmişdir. Həmçinin iki bayram arasında nikah qıyıla biləcəyini Hz. Peyğəmbərin həyatına nəzər saldıqda da görmək mümkündür. Çünki Onun Hz. Aişə ilə evliliyi Ramazan ayından sonra gələn Şəvval ayında baş tutmuş, yəni iki bayram arasında olmuşdur (Buxari, Nikah 73).
Eyni zamanda iki bayram arası olmayan günə təsadüf etmək də qeyri-mümkündür. Çünki Ramazan və Qurban bayramı arasında iki ay on günlük zaman varsa, Qurban bayramı ilə gələcək Ramazan bayramı arasında da doqquz aya yaxın müddət var. Ramazan bayramı ilə Qurban bayramı arasını iki bayram arası qəbul edib, Qurban bayramı ilə Ramazan bayramı arasını iki bayram arası qəbul etməmək obyektiv düşüncə ilə səsləşmir. Odur ki, bu anlayışı qəbul etsəydik, il boyu evlənmək və nikah qıymaq doğru sayılmayacaqdı.
Xülasə, İslam dinində müəyyən şeylərdə uğur-şans olub-olmadığına dair heç bir dəlil olmadığına görə, uğursuzluğun dinlə heç bir əlaqəsi yoxdur.
ŞƏRHLƏR