SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Mütəşabeh ayə və hədisləri təvil etmək bidətdirmi? Bu məsələ haqqında İslam alimlərinin fikirlərini izah edə bilərsinizmi?

Cavab: Əvvəla qeyd edək ki, “mütəşabeh” demək, bir-birinə oxşayan iki ləfzin birini digərindən fərqləndirməkdə aciz qalmaq mənasına gəlir. Bunun ən məşhur nümunələri Uca Allahın sifətləri və qiyamət əlamətlərindən bəhs edən ayə və hədislərdir. Dini elmlərdən olan Kəlam elmində mütəşabeh ayə və hədislərin təvili və izahları ilə bağlı iki yanaşma ortaya çıxmışdır. Bunlardan biri sələfin, digəri isə Kəlam alimlərinin fikirləridir. Belə ki, sələf düşüncəsində ayə və hədislərdə qeyd edilən istiva/oturmaq, vəch/üz, yəd/əl və eyn/göz kimi Uca Allahın xəbəri sifətləri qətiyyətlə təvil edilməmiş, eləcə də təvil edənlər bidətçiliklə ittiham edilmişlər. Məsələn, istiva kəlməsi ilə əlaqədar olaraq soruşulan suala məşhur İslam alimi Malik ibn Ənəs: “İstiva məlumdur, onun keyfiyyəti isə məchuldur, yəni ağıl ilə dərk edilə bilməz; ona iman gətirmək vacib, lakin bu mövzu haqqında soruşmaq bidətdir”, – deyə cavab vermişdir. Odur ki, onların fikrincə, mütəşabehin təvilini yalnız Uca Allah bilir və bu məsələdə fikir bildirməmək məqsədəuyğun olan davranışdır. Digəri isə Kəlam alimlərinin, üsuluna uyğun şəkildə təvil edilməsinin nəinki caizliyi, hətta vacibliyi və qaçınılmazlığı ilə bağlı fikridir.

Vurğulamaq lazımdır ki, sələfin yaşadığı İslamın ilkin dövrlərindəki təfəkkür ilə Kəlam alimlərinin yaşadığı dövrlərdəki təfəkkür bir-birindən çox fərqlənmişdir. Belə ki, İslamın əqidəvi məsələlərini ilk dəfə araşdırmağa başlayan İslam alimləri dinin anlaşılmasında yalnız nəqli dəlillərə əhəmiyyət vermiş, əqli təvillərə isə qarşı çıxmışlar. İslamın ilkin dövrlərində təbii qarşılanan sələf metodu fəthlər nəticəsində fərqli din, mədəniyyət və müxtəlif elm sahələri ilə qarşılaşdıqdan sonra İslamın müdafiəsində kifayət etməmişdir. Məhz bu səbəbdən əqli dəlillər və təvillərə ehtiyac duyulmağa başlanmış, beləliklə də, İslam alimləri mütəşabeh olan ayə və hədisləri təvil edərək əqli dəlillərlə izah etməyə çalışmışlar. Eyni zamanda İslam düşüncəsində Müşəbbihə və Mücəssimə deyə adlandırılan cərəyanların mütəşabeh ayələri yanlış təvil etmələrinə əngəl olmaq məqsədilə Kəlam alimləri təvilin mahiyyəti və təvil etməyə səlahiyyətli olanlar barədə tutarlı metodlar ortaya qoymuşlar. Belə ki, onlar ortaya qoyulan təvillərin Quran və Sünnənin ruhuna müvafiq olması ilə yanaşı, Allahın təkliyinə, yəni tövhid əqidəsinə, əqli dəlillərə və ərəb dilinin qaydalarına uyğun olmasına diqqət etmişlər.

Odur ki, mütəşabeh ayə və hədislər digər nəqli və əqli dəlillərə müraciət etmədən təvil edilməməlidir. Əlbəttə, Kəlam alimləri ortaya qoyulan təvilin mütləq mənada Uca Allahın muradı olduğu iddiası ilə çıxış etməmiş, lakin Onun muradına çox yaxın olduğunu vurğulamışlar. Məhz Kəlam alimləri ortaya qoyduqları bu metod çərçivəsində mütəşabeh ayə və hədisləri təşbeh və təcsimə yol vermədən, Uca Allahı tənzeh etmə həssasiyyətini göstərərək təvildən istifadə etmişlər. Məsələn, böyük Kəlam alimi Maturidi mütəşabeh ləfzlərdən hesab edilən “ərş” kəlməsini mühkəm ayələrdən saydığı “Ənam” surəsinin “O Öz qulları üzərində tam və mütləq hakimiyyət sahibidir” mənasına gələn 18-ci ayəsi əsasında “hakimi-mütləq” şəklində təvil etmişdir. Bundan əlavə, məsələn, “ruyətullah/Allahın cənnətdə görülməsi” mövzusunda “Yaxşı işlər görənlər üçün ən gözəl mükafat və daha da ziyadəsi vardır” mənasına gələn “Yunus” surəsinin 26-cı ayəsindəki “ziyadə” ifadəsini mühkəm qəbul etdiyi və Elə üzlər var ki, o gün parıldayacaq və öz Rəbbinə baxacaqdır” mənasına gələn “Qiyamət” surəsinin 22-23-cü ayələri əsasında “Allahı görmək” kimi təvil etmişdir.

Nəticə etibarilə mütəşabeh ayə və hədislərin təvilinin düzgün edilməsi üçün dini elmlərin dərindən mənimsənilməsi qaçınılmazdır. Məhz Kəlam alimləri mütəşabeh ayə və hədislərin Kəlam elminin müəyyən etdiyi metodlar çərçivəsində təvil edilməsini yuxarıda qeyd olunan sələf alimləri kimi bidət olaraq qiymətləndirməmiş, hətta təvilin labüd olduğunu vurğulamışlar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz