İmanımıza zəhər saçan MÖVHUMAT
Əsli olmadığı halda insanların fikir və xəyallarına əsaslanan inanc və davranışlar mənasına gələn mövhumat və xurafat çox qədim dövrlərdən etibarən cəmiyyətdə var olan və günümüzdə də varlığını davam etdirən aktual məsələlərdəndir. Bəzi əşya və hadisələrin uğursuzluq və bədbəxtlik gətirəcəyinə inanmaq, cadu, fal kimi vasitələrlə gələcəkdən xəbər almağa və ya xəstəliklərə və digər problemlərə həll yolu tapmağa çalışmaq hər dövrdə bəzi insanların inandıqları xurafat və mövhumat növləridir. Məsələn, qara pişiyin insanın önündən keçməsi, 13 rəqəmi, sınıq güzgü, bayquş ulaması və itin ulaması, axşam dırnaq kəsmək kimi əşya və hadisələrin uğursuzluq gətirəcəyinə inanmaq, bədnəzərdən qorunsun deyə uşaqların üstünə göz muncuğu asmaq və cadu etmək ən yayğın mövhumatlardan bəziləridir.
Bəzən insanlar mövhumatı dinlə əlaqələndirsələr də, əslində, din mövhumatı ortadan qaldırmaq və insanları bu cür fikir və qorxulardan qurtarmaq üçün gəlmişdir. Xüsusilə İslam dini mövhumat, xurafat və batil inanclara qarşı sərt mövqe tutmuş və bu cür inanc və davranışların böyük günah olduğunu, həmçinin tövhidlə ziddiyyət təşkil etdiyini elan etmişdir. İslam təkcə Allaha qulluq etməyi, ona güvənməyi, ona sığınmağı və yalnız ondan yardım istəməyi əmr edir. Bunun xaricində bütün mövhumat və batil inancları rədd edir. İnsanların cəhalət və çarəsizliklərini fürsət bilərək duyğularını istismar etməyi böyük günah sayır. Gələcəkdən xəbər vermək, qismət açmaq, şans gətirmək və şəfa vermək iddiasında olmaq və belə şeylərdən mədəd ummaq İslama ziddir. Qeybi bilən sadəcə Allahdır. Hər şey onun təqdiri ilədir və hər şeyə gücü çatan yeganə qüdrət sahibi odur. Dərdlərin dərmanı, xəstəliklərin şəfası, sıxıntıların çarəsi ondadır. Fala ümid bağlayıb, gələcəyini ona görə planlamaq, sehr və cadudan kömək ummaq əsla doğru deyildir. Ulduzların hərəkətinə baxaraq insanların qədər və qismətlərinə dair nəticələr çıxardıqlarını iddia edənlərə inanmaq bir müsəlmana yaraşmaz. Rəqəmlərə, günlərə, aylara və heç bir gücü olmayan əşyalara uğursuzluq isnad etmək də əqidəmizə ziddir. Quranda qeybi ancaq Allahın bildiyi vurğulanmış, peyğəmbərlərin belə ancaq Allahın bildirməsi halında qeybdən xəbər verə biləcəkləri söylənmişdir. Hədislərdə falçılıq və kahinliklə məşğul olmağın Allaha şirk qoşaraq Peyğəmbəri və onun gətirdiyi dini inkar etmək mənasına gəldiyi ifadə olunur. (Müslim, Salam, 122, 125) Ayrıca, dinimizdə uğursuzluq inancına yer olmadığı və uğursuzluğa inanmağın insanı şirkə düşürə biləcəyi xəbər verilmişdir. Hz. Peyğəmbər (s.ə.s) quşun uçması ilə uğursuzluğun meydana gəlmədiyini, Səfər ayında və bayquşun ulamasında uğursuzluq axtarmağın əsassız olduğunu, İslamda uğursuzluq inancının olmadığı və daim optimist düşünmənin və nikbin ifadələrin işlədilməsinin zəruri olduğunu ifadə etmiş, belə hadisələrdən gələcəyə dair mənfi nəticələr çıxartmağın şirk sayıldığını vurğulamışdır. (Buxari, Tibb, 44, 45, 54; Müslim, Salam, 102; Əbu Davud, Tibb, 24; Tirmizi, Siyər, 47) Peyğəmbərimiz (s.ə.s) hər hansı xəstəliyi müalicə etmək üçün tibbi çarələr axtarmağı və məqsədinə çatmaq üçün muncuqlara və tilsimlərə deyil, normal çarələrə müraciət etməyi tövsiyə etmişdir.
İslamın mövhumat və xurafələrə qarşı tutduğu sərt mövqeyi görmüş olduq. Bəs müsəlman cəmiyyətlərdə yayğın olan bəzi mövhumat və xurafələr qaynağını haradan alır? Bunun əsas qaynaqları olaraq İslam öncəsi dinlərdən və mədəniyyətlərdən bəzi ünsürlərin İslama əlavə edilməsi, cəhalət və bəzi uydurma hədislər ön plana çıxır. İslamı qəbul edən bəzi insanların əvvəlki dinlərinə aid bəzi inancları qoruduqları və yaşatdıqları bilinməkdədir. Ərəblər cahiliyyə dövrünə aid bəzi mövhumatları qoruduqları kimi, İran, Hind dinlərinə mənsub qruplarla türklərin İslamı qəbul etməsindən sonra da İslam dünyasında yeni mövhumat növləri meydana çıxmağa başlamışdır. Əvvəllər şamanizm, buddizm, maniheizm və zərdüştlük kimi dinlərə mənsub bu kütlələrin bəzi mənsubları, İslamı qəbul etsələr də, köhnə dinlərində mövcud olan mövhumat və xurafələrdən qurtula bilməmişlər. İslamı əsas mənbələrindən öyrənib xalqı aydınladacaq yetərli sayda alimlərin olmadığı dövrlərdə bu xurafələr xalq arasında yaşamağa və çoxalmağa davam etmişdir.
Günümüzdə mövhumat və xurafələr geridəqalmış və bilik səviyyəsi aşağı olan cəmiyyətlərin bir xüsusiyyəti olaraq görülsə də, müasir - inkişaf etmiş cəmiyyətlərdə də belə inanclar heç də az deyil. Günümüzdə bu anlayışı mənimsəmiş bir çox insana rast gəlmək mümkündür. Bunlar uğursuz qəbul etdikləri şeylərdən zərər gələcəyinə inanaraq onlardan uzaq durmaqda və bundan dolayı qorxu və narahatlıq içində yaşamaqdadırlar. Əslində heç bir şeydə uğursuzluq olmadığı kimi, heç bir şey öz-özlüyündə uğurlu da deyil. Uğursuzluq hər kəsin öz düşüncəsində və anlayışındadır. Bir hadisəni yozmaq lazım gələrsə, Hz. Peyğəmbərin tövsiyəsinə əsasən, onu xeyrə və yaxşılığa yozmaq lazımdır.
ŞƏRHLƏR