RUQYƏ
İslam anlayışında qəbul edilməyən sehr, cadu, düyün vurmaq kimi vasitələrə qarşı dinimizdə müəyyən qorunma və qurtulma vasitələrindən istifadə edilir. Qurandan müvafiq ayələri, Allahın isim və sifətlərini və yaxud müəyyən duaları oxuyaraq üfürmək mənasına gələn “Ruqyə” bunlardan biridir.
Hz. Aişə Rəsulullahın (s.ə.s) son xəstəliyində müavvizəteyni (fələq və nas surələri) oxuyaraq ona üfürmüş, bərəkətlənmə məqsədi ilə ovuclarını üzərinə məsh etmişdir. (Buxari, Tibb, 32; Müslim, Salam, 51-52). Rəvayət edildiyinə görə, Cəbrayıl (ə.s) da Hz. Peyğəmbər (s.ə.s) xəstələndiyi zaman ona oxuyub üfürmüşdür (Müslim, Səlam 39-40). Başqa bir rəvayətə görə, Rəsulullah (s.ə.s) xəstələnən bəzi səhabələrə müavvizəteyn oxuyar, onları sağ əli ilə məsh edər və ardınca da belə dua edərdi: “Ey insanların Rəbbi olan Allahım! Xəstəliyi apar; buna şəfa ver! Şəfa verən ancaq sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Allahım, xəstəlikdən əsər-əlamət buraxmayacaq şəkildə şəfa ver!” (Buxari, Tibb, 38) Peyğəmbərimiz (s.ə.s) həmçinin nəvələri Hz. Həsən və Hz. Hüseynin pis nəzər, xəstəlik və şeytandan mühafizə edilməsi üçün müxtəlif dualar etmişdir. (Buxari, Ənbiya 10)
Anlaşılmaz sözlər, mənasız hərflər, bilinməyən adlar, dəmir, duz, nəzər muncuğu və s. vasitələrdən istifadə edərək və yaxud ip bağlayaraq ovsun etmək haram qəbul edilmişdir. Ancaq belə vasitələrə müraciət etmədən və ən əsası da başqasına zərər vermək məqsədi daşımadan, xeyir vermək və qorunmaq məqsədi ilə edilən dua və təmənnalar xoş görülmüşdür. Rəvayətdə xəbər verildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) bir məsələ ilə bağlı olaraq ruqyə edilməsini qadağan etmişdi. Bu qadağanı eşitdikləri zaman Əmr ibn Həzmin övladları Rəsulullahın yanına gəlib belə dedilər: “Ya Rəsulallah! Biz hər növ ruqyə edir, onunla əqrəb sancmalarına qarşı qorunurduq”. Rəsulullah onların ruqyəni faydalı iş üçün işlətdiklərini görüb belə buyurdu: “Ona dönün, onda bir pislik görmürəm. Sizdən hər kimin qardaşına fayda verməyə gücü çatırsa, ona faydalı olsun”. (Müslim, Salam, 63) Burada icazə verilən ruqyə icazəli qəbul edilən növüdür. Görkəmli İslam alimi İzz ibn Əbdüssəlama mənası bilinməyən hərflərlə edilən ruqyə haqqında sual verildiyi zaman, küfrdən ibarət olan mənalardan təşkil olunub-olunmadığı bilinmədiyinə görə icazə verməmişdir. Əgər ruqyədə yazılan ifadələr heç kəs tərəfindən anlaşılmırsa, orada nə yazıldığını bilmək olmursa, bu, caiz deyildir. Caiz olan ruqyə Allahın və Rəsulunun öyrətdiyi, hamı tərəfindən bilinən dualarla şəfa axtarmaqdır.
Bəzi alimlər Rəsulullahın (s.ə.s): “Göz dəyməsi və qızdırma xaricində ruqyə yoxdur” (Buxari, Tibb, 17) hədisini də əsas götürərək, göz dəyməsi, ilan və əqrəb sancması xaricində ruqyənin caiz olmadığını qəbul etmişlər. Ancaq digər bəzi alimlər isə bu hədisi, “Zülfüqardan başqa qılınc yoxdur” ifadəsi ilə müqayisə edərək hədisin “ən çox ruqyənin faydalı olacağı sahələr” mənasına gəldiyini dilə gətirmiş, başqa məsələlərdə də ruqyə edilə biləcəyini qəbul etmişlər. Çünki hədislərdə görüldüyü kimi, Rəsulullah (s.ə.s) başqa şeylər üçün də ruqyəyə icazə vermişdir.
Ruqyədə ən əsas məsələ şəfa verənin ruqyə yox, Allah olduğuna qəti şəkildə inanmaqdır. Yəni ruqyənin birbaşa faydasının toxunduğuna deyil, umulan faydanın Allah-Təala tərəfindən göndərildiyinə inanmaq şərtdir.
Xülasə, “nəfəsi güclü” (Allahın əmr və qadağalarına riayət edən, təqva əhli) biri tərəfindən və yaxud öz-özünə, şəfasını Allahdan bilərək, müəyyən xəstəlik və ya düyün, sehr-caduya qarşı Qurandan mövzu ilə əlaqəli ayə və dualar oxuyaraq ruqyə etmək caizdir. Ancaq şirkə səbəb olacaq, tövhid əqidəsini zədələyəcək vasitələrdən istifadə edilən ruqyə qadağandır. Eyni zamanda bunu da qeyd etmək yerinə düşər ki, insanların duyğularından istifadə edərək bu sahəni fırıldaqları ilə peşə və pul mənbəyi halına gətirənlərə də qətiyyətlə etibar etməmək lazımdır.
Hz. Peyğəmbərdən bir dua
Hz. Peyğəmbər (s.ə.s) nəvələri Hz. Həsən və Hüseynə bu duanı oxuyar və: “Atanız İbrahim də bu duanı oğulları İsmayılla İshaqa oxuyub onları Allaha sığındırardı”, - buyurdu:
أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لامَّةٍ
“Əuzu bi kəlimətilləhit-təəmməti min külli şeytanin və həəmmətin və min külli aynin ləəmmətin”.
Mənası:
“Hər cür şeytandan, zərərli şeylərdən və kəm gözlərdən bütün kəlmələri ilə Allaha sığınıram”. (Buxari, Ənbiya, 10; Əbu Davud, Sünnə, 20; Tirmizi, Tibb, 8; İbn Macə, Tibb, 36; Əhməd b. Hənbəl, 1/236, 270)
ŞƏRHLƏR