DƏFN XURAFATLARI
İslam hər bir məsələdə olduğu kimi, dəfn mərasimində də ölmüş şəxsin dünyasını dəyişdiyi andan etibarən ta dəfn işləri bitənə qədər bəzi hökm və qaydalar gətirmişdir. İslamın gətirmiş olduğu bu qaydalar insan fitrətinə, onun izzət və şərəfinin qorunmasına daha uyğun və münasib olanıdır.
Cənazənin hazırlanması, namazının qılınması, daşınması və dəfni onun qaydalarını bilən şəxslər üçün fərzi-kifayədir. Yəni bir və ya bir neçə şəxsin yerinə-yetirməsi ilə digərlərinin üzərindən düşən dini bir vəzifədir. Bu vəzifə beş vaxt namazda olduğu kimi hər kəsə fərz deyil. Ölən şəxsin ardından yerinə-yetirilən dua və zikrlər isə İslamda Quran və Sünnə ilə müəyyən olunmuşdur.
Ölmüş bir şəxsin dəfni ilə bağlı bütün təfərrüat Allah Rəsulunun (s.ə.s) hədislərində qeyd olunmasına baxmayaraq, günümüzdə bu dini vəzifəni yerinə yetirən insanların bir çox xurafata yol verdiyi hallarla qarşılaşırıq. Deyə bilərik ki, bütün bu xurafatlar insanlarımızın İslam dinindən məlumatsız qalması, sünnə əməlləri tərk etməsi və eyni zamanda İslamdan əvvəlki xurafatları tam olaraq tərk etməmələrinin nəticəsində yaranmışdır. Bu xurafatlar adət kimi mənimsənilərək nəsildən nəslə ötürülmüş, insanlar bu adətlərə din kimi, şəriətin bir qaydası kimi möhkəm bağlanmışlar. Gəlin birlikdə gözdən keçirək, dəfn mərasimində qarşılaşdığımız bidət və xurafatlar nələrdir?
Ölmüş bir şəxsin ardından yaşanan xurafatlardan birincisi vəfat edən şəxs canını tapşıran kimi qadınların yüksək səslə ağı deyib ağlaşmalarıdır. Buna “şivən” deyilir. Halbuki bu şəkildə üz cıraraq, saç yolaraq ağlamaq dinimizdə qadağan edilmişdir. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Ölüsü üçün baş-gözünə vuran, yaxasını cıran və cahiliyyə adətindəki kimi fəryad qoparan bizdən deyildir; bizim yolumuzda belə bir şey yoxdur”. (Buxari, Cənaiz, 43) Bunu da qeyd edək ki, vay-şivən qoparmaqla kövrəlib astadan ağlamaq bir tutulmamalıdır. Hüznlənmək və bu sayədə gözlərin yaşarması insan təbiətinin fitrətindəndir. Bunda bir qəbahət yoxdur. Belə ki, Rəsulullah (s.ə.s) öz oğlu İbrahim öldükdə kədərlənib ağlamış, niyə ağladığını soruşanlara belə cavab vermişdir: “Bu, mərhəmət hissidir, onu saxlamaq mümkün deyil. Göz yaşarar, qəlb hüznlənər, ancaq dil Rəbbimizin xoşlanmadığı sözləri deməz”. (Tirmizi, Cənaiz, 44)
Digər bir xurafat meyit evdən çıxarılıb yuyulacaq yerə aparılarkən onun yerinə daş qoyulmasıdır. İnsanlarda belə bir düşüncə var ki, bu zaman meyitin yeri boş qalmamalıdır, əgər boş qalarsa, bu evdən yenə ölü çıxa bilər. Halbuki hər kəs öz əcəli ilə vəfat edər, heç kəs əbədi deyil. Belə boş hərəkətlər kimsənin əcəlini dəyişməz.
Bəzi bölgələrimizdə belə bir adət də duyulur ki, ölünü evdən çıxaran kimi divarların yarıdan aşağı hissəsi şirələnərək yuyulur. Bunu belə izah edirlər ki, Əzrayıl (ə.s) onun canını alarkən başını kəsir və beləcə, evin hər tərəfinə qan sıçrayır. Lazımdır ki, bu qan yuyulsun. Belə bir təxəyyül hansı düşüncənin məhsuludur, anlamaq çətindir. Çünki biz Əzrayılın da mələk olduğuna və möminlərin ruhunu aparmaq üçün xoş bir çöhrə ilə yanaşdığına inanırıq.
Bəzi bölgələrdə ölülər kəfənlənərkən onların qoltuqlarının altına tut ağacından hazırlanmış dəyənək kimi ağaclar qoyulur ki, bunların da İslamla heç bir əlaqəsi yoxdur. Mənasını soruşduğumuz zaman məntiqə uyğun olmayan cavablar alırıq: “Guya Qiyamət günü dirilmək hadisəsi baş verərkən insanlar həmin bu ağaclara güc verərək qalxacaqlar”. Halbuki o gün insanın ehtiyacı olan yeganə vasitə bu dünyada etdiyi xeyirli əməllər olacaq.
Bundan əlavə, cənazəni çiyinlərə qaldırarkən iki dəfə yerə qoymaq və üçüncüdə çiyinlərə alıb aparmaq da İslamda mövcud olmayan xurafatlardan biridir. Bunun nə anlama gəldiyini ağsaqqallardan soruşub öyrənməyə çalışdıq. Ən tutarlı cavabları bu oldu ki: “Keçmişdə ölünü qamışdan hazırlanmış cənazəyə qoyub aparırdılar. Onun möhkəmliyini bilmək üçün bu üsulla yoxlayırdılar. Elə bu adət də o vaxtdan qalmışdır”. Bugünkü dəmir xərəklərdə buna ehtiyac yoxdur.
Başqa bir xurafat isə cənazəni təkbirlərlə yerdən qaldırmaq və cənazənin önündə gedərək yüksək səslə Qurandan ayələr oxumaq, zikrlər etmək, həmçinin cənazəni musiqi ilə müşayiət etmək, yaxud alqışlamaqdır. Bunların Quran və Sünnədə əsası olmadığına görə İslama zidd olduğunu deyə bilərik.
Meyiti qəbrə yerləşdirdikdən sonra üzünü açıb gözlərinə torpaq tökmək, qəbrə torpaq tökərkən beli əldən ələ ötürməmək, dəfn yekunlaşmadan insanların uzaqlaşıb öz ölmüşlərini ziyarət etməsi, bir kənara çəkilib söhbətə başlamaları da bəyənilməyən əməllərdəndir. Qəbrin dörd tərəfində dayanaraq Qurandan müəyyən surələr oxuyaraq bunun müqabilində ölü sahibindən zəhmət haqqı almaq da bidət və xurafatlardandır. Bu kimi hallar nə Quranda, nə də səhih Sünnədə yer alır. Çalışmalıyıq ki, dəfn mərasimlərimizi də, yaslarımızı da bidət və xurafatdan uzaq, İslama uyğun şəkildə yerinə yetirək.
ŞƏRHLƏR