BİDƏT
“Bidət” nədir? Ümumi olaraq bidət keçmişdə nümunəsi olmayan hər bir işdir. Din sahəsində isə bidət bir az daha dar çərçivəni əhatə edir. Məsələn, sünnəyə uyğun olmayan davranışlar bidətdir. Ərəb dili, kəlam və fiqh alimi Seyyid Şərif Cürcani bidəti belə izah edir: “Bidət – sünnəyə müxalif olan işdir. Səhabə və tabeunun etmədikləri və dini bir dəlili olmayan, sonradan ortaya çıxan işdir”. (Cürcani, ət-Tarifat, s.24) Dində yeri olmayan və sonradan ortaya çıxarılan inanc və ibadətlərin hamısı bidət sayılır. Quran və Sünnədə yeri olmadığı və dinin bu iki təməl qaynağına zidd olduğu üçün bidət zəlalət sayılır. Zəlalət isə İslamın nurlu yolundan, sirati-müstəqimdən ayrılıb qaranlıq bir dalanda yolunu itirmək deməkdir.
İslam alimləri ibadətlər ilə əlaqəli fikir ayrılığını izah etmək üçün “məzhəb”, əqidə ilə bağlı fikir ayrılığı üçün isə “etiqadi məzhəb” və ya “firqə” terminindən istifadə etmişlər. Haqq üzrə olan məzhəblər və doğru əqidədə olan etiqadi məzhəblər İslama xidmət edir. Məzhəblər Sünnənin qoruyucusu, Sünnə isə Quranın mühafizidir. İxtilaflar insanı dindən çıxartmaz. Amma ümmət arasında meydana gələn ixtilaflar əqidə üzərində olarsa, sonu fəlakətlə nəticələnə bilər. Bunu da vurğulamaq lazımdır ki, bu fikir ayrılığı dinin əsasları mövzusunda olarsa, artıq haqq məzhəb yolundan ayrılmış, “bidət” bir yola sapılmış olar.
Hədislərdə keçən “bidət” və “muhdəs” kəlmələri ilə sonradan ortaya çıxan bütün işlər qəsd edilməmişdir. Burada nəzərdə tutulan yeniliklər Quran və Sünnəyə uyğun olmayan işlər, yəni Allah (c.c) və Rəsulunun (s.ə.s) öyrətdiyi şəriətdə yer almayan, dini mövzulara əlavə edilən məsələlərdir. Bu gün sonradan ortaya çıxan bir çox şey var ki, bu işlər və icadlar mühüm olan ehtiyaclardandır. Məsələn, təyyarəyə minmək, qatar və ya minik avtomobillərindən istifadə etmək müasir dövrün zərurətlərindəndir. Bunlar dini məsələlər olmadığına görə, bidət möhtəvasına daxil deyildir.
İslam alimləri bidəti beş qismə ayırmışlar: 1) Vacib bidət: Dini elmləri kitab halına gətirmək (tədvin) və dəlillərlə dinsizlərə rəddiyə yazmaq, 2) Məndub bidət: Məktəblər, kolleclər və universitetlərdə elm və din təhsili, 3) Mübah bidət: Çox çeşidli yeməklər və bahalı paltarlar geyinmək, 4) Məkruh və 5) Haram olan bidətlər isə hər hansı bir sünnəni və dini əmrləri ortadan qaldıran bidətlərdir.
Səhabələrdən İbrad b. Sariyə (r.a) belə nəql edir:
“Bir gün Rəsulullah (s.ə.s) bizə namaz qıldırdı. Sonra bizə dönərək çox təsirli bir söhbət etdi. Bu söhbətin təsirindən gözlər yaşardı, qəlblər ürpərdi. Səhabədən bir nəfər: “Ya Rəsulallah! Bu etdiyiniz söhbət ayrılıb gedən birinin vida söhbətinə bənzəyir. Bizə nə tövsiyə edirsiniz?” - deyə soruşdu. Rəsuli-əkrəm (s.ə.s) belə buyurdu:
“Sizə Allaha qarşı çox sayğılı olmanızı (təqvalı olmanızı), başınıza həbəşli bir kölə belə keçsə, onu dinləyib itaət etmənizi tövsiyə edirəm. Çünki məndən sonra həyatda qalanlarınız neçə-neçə ixtilaflar görəcəklər. O zaman sizin vəzifəniz mənim sünnəmə və doğru yolda olan xüləfayi-raşidinin sünnəsinə sarılmaqdır. Bu sünnələrə möhkəm bağlanın. Sonradan ortaya çıxan bidətlərdən uzaq durun. Çünki sonradan ortaya çıxan hər şey bidət, hər bidət də zəlalətdir (doğru yoldan çıxmaqdır)”. (Tirmizi, Elm 16, 2676; İbn Macə, Müqəddimə 6, 43; Əhməd b. Hənbəl, Müsnəd 26, 17272-17275)
Hədisdə bildirilən ixtilaflar fitnələrdir. Səhabənin gördüyü həmin ixtilafları belə sıralamaq olar: Peyğəmbərimizin (s.ə.s) vəfatından sonra irtidad (dindən dönmə) hərəkatı, Hz. Ömərin (r.a) və Hz. Osmanın (r.a) şəhid edilmələri, Hz. Əlinin (r.a) xilafəti dövründə Xavaricin (Xaricilərin) meydana gəlməsi və sonunda Hz. Əlini (r.a) şəhid etmələri və s. Bu ixtilaflar hədislərin “fitən” bölümündə nəql edilmişdir.
Allah Rəsulu (s.ə.s) özündən sonra baş verəcək hadisələrdən bəhs edərkən bu hadisələrin harada və nə zaman olacağını da xəbər vermişdir. Gələcəkdə baş verəcək hadisələri hər kəsə deyil, xüsusən iki səhabəsinə sirr olaraq söyləmişdir. Bu səhabələr Hüzeyfə b. Yəman və Əbu Hüreyrədir (r.anhumə).
Səhabələr arasında alim olanlar da vardı. Hz. Ömər, Hz. Əli, Ubey b. Kəb, Zeyd b. Sabit, Əbud-Dərda, Abdullah b. Məsud, Abdullah b. Abbas, Abdullah b. Ömər və Muaz b. Cəbəl (r.anhum) onlardan idi. Peyğəmbərimiz (s.ə.s) axirətə köçəndən sonra bu səhabələr ayrı-ayrılıqda fətvalar verərdi. Mədinəlilər elmi Zeyd b. Sabit və Abdullah b. Ömərdən (r.anhumə), məkkəlilər Abdullah b. Abbasdan (r.a), iraqlılar isə Abdullah b. Məsuddan (r.a) aldılar. Alimlərin fətvaları arasında bəzən fərqlilik müşahidə edilir. Əsas şərt, verilən hökmün Quran və Sünnəyə zidd olmaması və dində əsli mövcud olmayan bir yenilik icad etməməsidir.
ŞƏRHLƏR